Sizin reklam burada
Sizin reklam burada

Yuxarı mərtəbədə inilti səsi eşitdim, qorxdum - Lənkəranda baş həkimin dəhşətli qətli

Yuxarı mərtəbədə inilti səsi eşitdim, qorxdum - Lənkəranda baş həkimin dəhşətli qətliLənkəranda baş həkimi xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Vüqar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vüqar Abbasov maddi imkanı yaxşı olan və yaşadığı evdə nağd pul saxlayan şəxs kimi tanıdığı Lənkəranın Vel kənd sakini, 1950-ci il təvəllüdlü Vahab Səfərovu öldürüb, onun əmlakını ələ keçirməyi həmkəndlisi və dostu Fail Hüseynovla razılaşdırıb.

Maskalı basqın

Onlar 17 mart 2017-ci il tarixdə, saat 21 radələrində tanınıb ifşa olunmamaq üçün əllərinə əlcək, başlarına maska əvəzinə papaq keçiriblər. Daha sonra Vahab Səfərovun həmin kənddə arvadı Hacıbəyim Səfərova ilə birlikdə yaşadığı evin həyətyanı sahəsinə giriblər.

Əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq Vüqar Abbasov silah qismində istifadə etmək üçün oradakı yardımçı tikilidən dəmir boru götürüb. Sonra evin ikinci mərtəbəsinə qalxıb, dəhlizdə gizləniblər.

Arvadı ilə evin birinci mərtəbəsindəki mətbəxdə olan Vahab Səfərovun ikinci mərtəbəyə qalxmasını gözləyiblər.

Dəhlizdə qətlSaat 22 radələrində Vahab Səfərov mətbəxdən həyətə çıxaraq işıqları söndürüb, evin ikinci mərtəbəsindəki dəhlizə girib. Vüqar Abbasov əlverişli şərait yarandığını görüb və Fail Hüseynovla birgə giriş qapısından həmin dəhlizə çıxıblar.

Vüqar Abbasov dəhlizdə qarşılaşdıqları anda Vahab Səfərova hücum edib. Əlindəki dəmir boru ilə ona güclü zərbə endirib.

Fail Hüseynov bu vaxt birinci mərtəbədə mətbəxdə olan və səs-küyü eşidərək nə baş verdiyini bilmək üçün Vahab Səfərovun əynində olan gödəkçənin cibindəki mobil telefona zəng edən Hacıbəyim Səfərovanın hadisədən xəbər tutmaması üçün mobil telefonu sındırıb.

Pul axtardılar, tapmadılar

Cinayəti törədən şəxslər Vahab Səfərovun öləcəyinə tam əmin olublar, evin ikinci mərtəbəsindəki yataq otaqlarında qısa müddətdə pul axtarsalar da, nə pul, nə də qiymətli əşya tapmadıqları üçün hadisə yerini tərk ediblər.

Vahab Səfərov xəstəxanaya yerləşdirilib. Ona göstərilən tibbi yardıma baxmayaraq, martın 26-da Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə xəstəxanasında ölüb.

Qeyd edək ki, Vahab Abbasov uzun illər Vel kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Polisin silahını aldı, özünü öldürdü

Vahab Səfərovun qətlə yetirilməsində iştirak edən digər şəxs, 1974-cü il təvəllüdlü Fail Hüseynov həbs edilsə də, bir ay sonra Lənkəran rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında əvvəlcə polisə xəsarət yetirib, daha sonra polis əməkdaşının silahını əlindən zorla alıb və özünü güllə ilə vuraq öldürüb.
Yuxarı mərtəbədə inilti səsi eşitdim, qorxdum - Lənkəranda baş həkimin dəhşətli qətli
İstintaq orqanı tərəfindən Vüqar Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ittiham elan edilib.

“Bu qətli törətməmişəm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Abbasov özünü təqsirli bilməyib.O ibtidai istintaq zamanı 17 mart 2017-ci il tarixdə dostu Faillə həmkəndliləri Vahabın evindən oğurluq etmək üçün onun evinə getmələri və Vahabı başından vuraraq öldürmələri barədə ifadəsini təsdiq etməyib. O, qətli törətmədiyini qeyd edib.

İbtidai istintaqa ifadəsində isə o, cinayəti oğurluq məqsədilə törətdiklərini söyləyib.

“İnilti səsi eşitdim”

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Hacıbəyim Səfərova deyib ki, hadisə baş verən günü əri ilə ATV kanalında yayımlanan “Vicdan haqqı” serialına baxıblar: “Vahab yuxusu gəldiyini dedi, həmişəki kimi küçədən həyətə giriş qapısını arxadan açarla bağladı, qapının və həyətdəki qarajın yanındakı işıqları söndürdü, sonra evin ikinci mərtəbəsinə qalxdı.

Vahab mətbəxdən çıxandan təxminən 10 dəqiqə keçdi, ikinci mərtəbədən tappıltı səsləri, şkafların açılıb-örtüldüyünü eşitdim. Nəsə baş verməsindən qorxdum, ona görə də Vahabın telefonuna zəng etdim. O, telefonu açmadı, sonra təkrar zəng etdim. Bu dəfə Vahabın telefonuna zəng çatmadı. Ona görə çox narahat oldum. Xəstə olduğumdan çox çətinlikə ikinci mərtəbəyə qalxdım.

İkinci mərtəbənin pilləkənin başındakı giriş qapısından dəhlizə daxil olanda inilti səsi eşitdim. İşığı yandıranda ərimin giriş qapısı ilə üzbəüz olan hamamın qarşısında dəhliz tərəfdə yarı uzanıqlı vəziyyətdə olduğunu və onun başının arxa tərəfindən qan gəldiyini gördüm. Dərhal balış gətirərək başının arxasına qoydum”.

Zərərçəkmiş qeyd edib ki, ev telefonu ilə qonşusu Mürsələ zəng edib, Vahabı vurduqlarını, vəziyyətinin yaxşı olmadığını deyib, onlara gəlməsini istəyib: “Qızım Afaqa zəng edərək onu da çağırdım. Az sonra Mürsəl, Mürsəlin anası Zenfira, gəlinim Sevinc, oğlum Murad, qızı Afaq və Afaqın oğlu Samir bizə gəldilər.

Mürsəl Vahabın vəziyyətinin yaxşı olmadığını, başından qan gəldiyini gördü, həmkəndlimiz Elşad həkimə zəng edərək çağırdı. Elşad Vahaba ilk tibbi yardım göstərdi”.

Hacıbəyim ifadəsində ərinə rayonda, sonra isə Bakı şəhərində tibbi yardım göstərilməsindən, buna baxmayaraq vəfat etməsindən danışıb.

19 il 6 ay həbs

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Abbasov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Hökmdən narazı qalan Vüqar Abbasov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu göstərib və bərəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Məqsədim Moskvaya getmək idi”

Apelyasiya instansiyasında çıxış edən Vüqar Abbasov qeyd edib ki, həmin gün Fail Hüseynovla görüşsə də, görüşlərinin əsas məqsədi Moskvaya getmək olub. Bu fakt hər iki təqsirləndirilən şəxsin arasında olan telefon danışıqları zamanı da müəyyən edilib.

İstintaqın əldə etdiyi telefon danışlqlarından məlum olur ki, onlar hadisə baş verən günü mərhumun evinin yaxınlığında avtomobildə görüşüblər.

Telefon danışıqlarından məlum olub ki, Vüqar Abbasov hadisədən əvvəl Fail Hüseynova zəng vurub və bildirib ki, demişdin bizə gələcəksən, mənimlə işin var... Fail Hüseynov gələcəyinə vəd verib və saat doqquza işləmiş onlara gəlib. Onlar həyət darvazanın qarşısında Failin gəldiyi avtomobildə əyləşib, söhbət ediblər.

Söhbətin mövzusu Moskvaya getməklə bağlı olub. Fail istəyib ki, Vüqar onunla Moskvaya getsin. Lakin Vüqar razılaşmayıb, deyib ki, ailəsini, uşaqlarını ı atıb, ölkədən kənara çıxa bilmir, həm də şadlıq evlərindən sifarişləri var.

Vüqar Abbasov bu görüşdən sonra evə qayıdıb və həyətindəki istixanalarda əkdiyi lobyaların üstündəki ilbizləri təmizləməklə məşğul olub.

Daha sonra televizora baxıb, yatıb. Baş vermiş hadisədən isə ertəsi gün xəbər tutduğunu iddia edib.

Apelyasiya şikayətini araşdıran hakim heyəti Vüqar Abbasovun bu çıxışını əsassız hesab edib və belə nəticəyə gəlib ki, onlar həmin vaxt oğurluq etmək məqsədilə plan qurmaq üçün görüşüblər. Hakim heyəti apelyasiya şikayətini təmin etməyib.

İş yenidən araşdırılacaq

Bu qərardan narazı qalan Vüqar Abbasov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətini qismən təmin edilib, Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv olunub, iş materiallarının yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.

İş materialı yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə prosesi başlanacaq.

  • Sosial şəbəkədə paylaş