Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli bəyanatın 9-cu bəndində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə Zəngəzur dəhlizinə nəzarət deyil, monitorinq funksiyasının verilməsi imkanını nəzərdə tutan sözlərini şərh edib.
Diplomat qeyd edib ki, Rusiya üçtərəfli format çərçivəsində ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları rəhbər tutur.
"Rusiya, Azərbaycan və Ermənistan liderləri adından yaradılan üçtərəfli işçi qrupu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın Sünik vilayətindən keçən tranzit də daxil olmaqla, dəmir yolu əlaqəsinin bərpa olunmasının əsas parametrlərini razılaşdırıb. Bu məsələlərə baxılan formatda müxtəlif şərhlərin əlaqələndirilməsi məqsədəuyğundur, ona görə də, biz buna alternativ görmürük və bu istiqamətdə işi davam etdirəcəyik", - deyə M.Zaxarova vurğulayıb.
Conflict.az