Sizin reklam burada
Sizin reklam burada

“Layihə Türkiyə və Azərbaycanın enerji təhlükəsizliyini artırır"

“Layihə Türkiyə və Azərbaycanın enerji təhlükəsizliyini artırır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bölgənin qaz təchizatının təhlükəsizliyini təmin edən ən böyük layihələrdən biri olan kəmərin təməli qoyulub.
Bu barədə Türkiyənin “Star” qəzeti yazır.

Nəşr qeyd edir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Naxçıvan Ermənistanın elektrik və qaz xətlərini kəsməsi səbəbindən 2005-ci ilə qədər təbii qaz və elektrik enerjisi ilə təminatda problemlər yaşayıb:

“Naxçıvanla quru əlaqəsi olmadığı üçün bölgənin qaz təchizatını İrandan təmin etməyə çalışan Azərbaycan 2004-cü ildə Tehranla 20 il müddətinə bölgəyə təbii qaz tədarükü üçün müqavilə imzalayıb. 2005-ci ildə həyata keçirilən sözügedən müqavilə ilə İrandan Naxçıvana ildə 350 milyon kubmetr qazın nəqli nəzərdə tutulurdu.

Azərbaycan Naxçıvan bölgəsinin qaz təchizatının təhlükəsizliyini təmin etmək üçün ikinci variant kimi 2020-ci ilin dekabrında Türkiyə ilə İğdır-Azərbaycan qaz kəmərinin tikintisinə dair saziş imzalayıb. Layihə çərçivəsində Naxçıvana qədər 85 kilometrlik yeni boru xətti çəkiləcək. İllik 500 milyon kubmetr təbii qazın nəql gücünə malik olacaq kəmər işə düşdüyü zaman Naxçıvanın təbii qaza olan bütün tələbatı ödəniləcək.

Boru kəmərinin 2024-cü ilin sonuna qədər tamamlanması planlaşdırılır. Türkiyənin 2020-2024-cü illərdə iki ölkənin birlikdə inşa edəcəyi layihəyə 568 milyon lirə investisiya qoyacağı gözlənilir.

Layihə Bakı-Tiflis-Ərzurum təbii qaz boru kəməri və Trans-Anadolu projesi (TANAP) kimi strateji investisiyalardan sonra Türkiyə və Azərbaycanın birlikdə inşa edəcəyi üçüncü təbii qaz kəməri olacaq”.

Corc Meyson Universitetinin professoru və enerji eksperti Umud Şokri “Anadolu”ya bildirib ki, kəmərin Azərbaycanla Türkiyə arasında münasibətləri daha da gücləndirəcəyi və regional enerji siyasətlərinə əhəmiyyətli təsirləri olacağı gözlənilir. Şokri iki ölkənin enerji əməkdaşlığının sözügedən boru kəməri ilə genişlənəcəyini və möhkəmlənəcəyini deyib.

“Layihə digər tranzit ölkələrdən asılılığı azaltmaqla Türkiyə və Azərbaycanın enerji təhlükəsizliyini artırır. Bu şəkildə inkişaf etdirilən enerji təhlükəsizliyi geosiyasi vəziyyətin qeyri-sabit olduğu region üçün həyati əhəmiyyət kəsb edir. Layihənin hazırda 6 milyard dolları keçən və 15 milyard dollara çatması hədəflənən ikitərəfli ticarət həcminə müsbət təsir göstərəcəyi gözlənilir”, - ekspert vurğulayıb.

Şokri qeyd edib ki, kəmər Türkiyə və Azərbaycanın enerji əməkdaşlığından daha çoxunu və regionda daha geniş dinamikanı əhatə edir: “Boru kəmərinin tikintisi ilə Türkiyənin mühüm enerji aktoru kimi rolu güclənir və həm siyasi, həm də kommersiya baxımından bölgədəki strateji mövqeyi güclənir. Bu layihə Türkiyənin enerji baxımından dünyada mövqeyini artırır, regional sabitliyi və əməkdaşlığı təşviq edir”.

Şokri bildirib ki, xəttin bölgədəki enerji siyasətlərinə böyük təsiri olacaq və Türkiyənin enerji mərkəzi olmaq istəyini reallaşdırmağa kömək edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş