
(əvvəli bu linklərdə: https://conflict.az/gundem/109758-ntiqam-soltan-sizc-ikinci-yeri-gtrnlrin-ald-pulun-bldrlmsinin-nec-irkin-formada-planladrlmasn-deyib-v-onu-isbat-etmk-mmkndrm.html
https://conflict.az/gundem/109784-azad-v-korifey-sntilr-nazirin-eyhamna-h-deyib-tzdn-bu-qurumun-gnn-qara-eldilr.html
https://conflict.az/gundem/109795-mkdar-artist-teatr-cinaytlrin-bazas-rolunu-oynaya-bildiyi-halda-z-knarda-qala-bilr.html
[/b]
[b]“İttifaqın rəhbəri teatr rəhbərlərinə kin bəsləyir. O adam rəhbər ola bilməz, ola bilməz, ola bilməz!”
- Maraqlıdır, bəs bir kəlmə ilə necə cavablandırardınız AMDT-nın gecikmə səbəbini?
- Arxayınçılıq!
- Yəni?
- Yəni, münsiflər heyətinin "ədalətli" qərarı haqqında əvvəlcədən məlumatlı olmaq! Çünki o qərar heyət tərəfindən deyil, bir nəfər tərəfindən verilir. Digərləri isə "azadlıqlarını" və "korifeyliklərini" "qorumaq" üçün hətta ağızlarını belə açmadan, başlarını yelləməklə razılaşırlar. Müasir dövrün ziyalı imicini daha dərindən "formalaşdıraraq".
- Yeri gəlmişkən bəzi suallara diplomatik cavablar verirsiniz.
- Çünki qarşımda duran adamların özlərini və arxalarındakıları tanıyıram.
- Bəs onlar?
- Nə "onlar"?
- Düşünürsünüz ki, onlar sizi tanımırlar?
- Xeyir! Nə özümü, nə arxamdakıları! Onlar üçün İntiqam Soltan hələ də səhnədə Azər Paşa tərəfindən təqdimatı belə "unudulan" bir "sənətkar" medalı ilə susdurula biləcək adamdır. Çünki hər kəsə bu cür baxırlar.
- Daha bir diplomatik cavab.
- Onlar mənə bilirsiniz necə baxırlar?
- Necə?
- İcazə verin buna da obrazlı cavab verim. Kələfin ucunu itirmiş cəmiyyətlərdə adətən kirayədə qalan ailəni və o ailənin başçısını ciddiyə almırlar. Kobud şəkildə desəm, həmin ailənin başçısını "kişi" saymırlar. Lazım gələrsə həmin ailənin namusu ilə də "oynamaq mümkündür" düşüncəsi ilə yaşayırlar. Amma bu çox yanlış və cahil bir düşüncədir. Bax Bakı Uşaq və Gənclər Teatrı həmin cəmiyyət (TXİ – İ.S.) üçün ev-eşik sahibi olmayan, səfil bir ailəni xatırladır. Ona görə də haramıza gəldi təpiklə ilişdirə biləcəklərini sanırlar. Amma dərk eləməklərini istəyirəm ki, mənim üçün, yəni İntiqam Soltan üçün ailə namus, qeyrət simvoludur. Və istəyirəm onu da bilsinlər ki, mənim iki ailəm var. Biri İntiqam Soltan və Arzu Soltan cütlüyndən ibarətdirsə, digəri isə Bakı Uşaq və Gənclər Teatrıdır. Mən ailəmi sevməsəm nə vətənimi nə dövlətimi sevə bilmərəm. Və həmin ciddiyə almadıqları Bakı Uşaq və Gənclər AİLƏSİ bu gün ölkənin baş Teatrını meydana dəvət edir. Təbii ki, söhbət məlum tamaşadan gedir. Əgər özlərinə inanırlarsa buyursunlar meydana. Arxayın deyillərsə demək TXİ ilə Azdrama idarəçiliyi eyni müstəvidə, eyni zəka sahibi tərəfindən sonu faciə ilə bitəcək "uğurlu inkişaf yolunu" davam etdirir. Necə deyərlər, uğursuzluğa doğru "iri addımlarla irəliləyir". Bu arada yuxarıda "Bakı Uşaq və Gənclər Teatrı mənim namusumdur" deyəndə yəqin ki, bəziləri daşı hara atdığımı bildilər. Yaxşı olar ki, ağzımı açdırmasınlar.
- İndi bu misalda "Kələfin ucunu itirmiş cəmiyyət" TXİ olur?
- Bunu mən demədim! (gülür)
- Siz hələ ağzınızı açmamısınız? (gülüşürük) TXİ-yə qarşı əsəbisiniz yoxsa qərəzli?
- Nədən qərəzli olmalıyam ki? Dahi sənətkarımız, rəhmətlik Məlik Dadaşov mənim müəllimlərimdən biri olub. Bir dəfə dərsdə o bizə Ağa Məhəmməd Şah Qacarın qəddarlığına bəraət qazandıran bircə cümlə işlətdi. Həmin dövrdə o, S.Vurğunun "Vaqif" dramında Qacarı oynayırdı. Dedi ki, sizin hansı birinizi yeniyetməliyinizdən tutub axtalasalar Qacardan daha insaflı davranarsınız cəmiyyətə qarşı? Məncə çöx böyük həqiqət var bu fikirdə. Niyə çəkdim bu misalı? 20 yaşı var Bakı Uşaq və Gənclər Teatrının. 20 ildə nə mənim, nə də teatrın hər hansı bir işçisinin iş otağı olmayıb. Siz təsəvvür edirsiniz? Bu fəlakətdir. Məni anlamaq üçün sadəcə çox demirəm iki ay mənim yerimdə olmaq lazımdır. Bu məsələdə birinci günahkar mənim ictimai təşkilatım olan Teatr Xadimləri İttifaqıdır. Hansı ki, 20 ildir bu problemi bilir, 20 ildir ki, ona arxalanmaq istəmişəm, arxalanmışam. O Teatr Xadimləri İttifaqına ki, sədri bircə dəfə qapımı açmayıb. Nəinki qapımı açmayıb, mənim ünvanımı belə bilmir. Hansı ki, mənim sədrim deyir ki, "bina ilə bağlı mənim ölkə prezidentinə müraciət etmək səlahiyyətim yoxdur." Dəfələrlə mənə və mənim kollektivimə şər-böhtan yağdırıb. Səbrimi bu gün də basıb o şər böhtanları cəmiyyətə açıqlamıram. Lakin lazım gəlsə... Sonra yalan danışıb, ki, prezidentə sizin bina məsələsi ilə bağlı müraciət etmişəm. Mən də eləməmişəm tənbəllik zəng vurmuşam Prezident Aparatına, ordan cavab almışam ki, "TXİ-dən məlum mövzu ilə əlaqədar heç bir müraciət daxil olmayıb." Yalan danışıb, fikrimi izah edə bilirəmmi? Bir İttifaqın rəhbəri ki, ayrı-ayrı teatr rəhbərlərinə qarşı kin bəsləyir o adam rəhbər ola bilməz, ola bilməz, ola bilməz!
- Siz həmişə bu mövzuda danışanda kifayət qədər əsəbi olursunuz.
- Susurdum, səbr edirdim, hər dəfə lənət şeytana deyirdim. Sonuncu dəfə isə hər şey ondan başladı ki, TEATR XADİMLƏRİ İTTİFAQI rəhbərliyi son festivalda BAKI UŞAQ VƏ GƏNCLƏR TEATRININ haqqını təkrarən tapdaladı. Elə tapdaladı ki, bu dəqiqə içimdə bir üsyan var. TXİ-nin haqsızlıqlarına, fəaliyyətsizliyinə, ayrı seçkiliyinə, kinli rəftarına, quş qoymaq xətrinə gördüyü işlərə qarşı üsyan var içimdə. Nə vaxtsa bu baş verməli idi. Nə vaxtsa Teatr cameəsində bir silkələnmə olmalıdır ki, bəzi bünövrəsi süni, çürük mayadan qoyulan, müəllifi özləri olan bütlər ovulub öz başlarına tökülsün. Yəqin ki, bu silkələnmə qurban tələb edəcək Əgər belədirsə MƏN HAZIRAM. Qoy bu qurban mən olum. Təki vətən yaşasın, Azərbaycan teatrı dünya mədəniyyətinin beşiyi olan bu ölkəyə layiq olsun. Yetər süni intellekt sahiblərinin teatr aləmindəki hegemonluğu. Yetər, ətrafındakıları müqəvva yerinə qoymaqlarına səbr etmək. "Teatr məbəddir" deyimindən əsər, əlamət qalmayıb bu məmləkətdə. Dağıdıblar hamısını özləri öz gözlərində bütləşənlər. Bir DƏMİR YUMRUQda 30 ildən artıq mədəniyyətimizi, teatrımızı Füzulinin, Ağdamın, Zəngilanın, Cəbrayılın, Qubadlının, Kəlbəcərin, Xocalının gününə qoyanlara lazımdır. Mən yenə təklif edirəm, Akademik Milli Dram Teatrının və Bakı Uşaq və Gənclər Teatrının festival tamaşaları ictimaiyyət qarşısında nümayiş olunsun. Seçimi tamaşaçı özü etsin. Ölkənin birinci adamını seçən, Milli Məclisi seçən, Şəhid verən, torpaq alan xalqdır, tamaşaçıdır. O, zaman sübut olunacaq ki, “QALİB OLAN AZƏRBAYCAN” festivalının qalibi hansı tamaşadır. Və o tamaşa hansı teatrındır. Qoy bütün teatrsevərlər görsün ki, bu festivalda qalib Azdramadır ya Bakı Uşaq və Gənclər Teatrı
- Son olaraq...
- Son olaraq bir faktı vurğulayım. Azdramanın təqdim etdiyi tamaşanın premyerasında Səbayel YAP sədri iştirak edirdi. Hacı İsmayılov sonda bundan qürur duyduqlarını gizlətmədi. Bizim tamaşanın premyerasını isə Suraxanı YAP sədri təşkil etmişdi. Bu bənzərlik bəlkə də bir təsadüfdür. Amma bizdə tamaşadan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz müəllim başda olmaqla rayonun bütün səlahiyyətli nümayəndələri, fəalları sıravi tamaşaçılarla bir yerdə açıq havada tamaşanı qəribə bir qürur hissi ilə uzun müddət müzakirə edirdilər. "Qalib" tamaşanın müzakirəsi isə sevimli aktyorumuz Hacı İsmayılovun bir neçə rabitəsiz cümlələri ilə başladı və elə həmin cümlələrlə də yekunlaşdı.
Ardı var
Conflict.az