
(əvvəli bu linklərdə: https://conflict.az/gundem/109758-ntiqam-soltan-sizc-ikinci-yeri-gtrnlrin-ald-pulun-bldrlmsinin-nec-irkin-formada-planladrlmasn-deyib-v-onu-isbat-etmk-mmkndrm.html
https://conflict.az/gundem/109784-azad-v-korifey-sntilr-nazirin-eyhamna-h-deyib-tzdn-bu-qurumun-gnn-qara-eldilr.html)
“Onlar üçün İntiqam Soltan hələ də səhnədə Azər Paşa tərəfindən təqdimatı belə "unudulan" bir "sənətkar" medalı ilə susdurula biləcək adamdır.”
- Bu heç inanılası görünmür ki, bu müsahibələrə görə sizə hansısa hücumlar olsun. Axı o cür korifey sənətkarlar...
- Bəli bəzi "korifey" sənətçilər cılız işlərə qol qoyacaqlarına heç kəsin nanmayacaqlarını bildiklərinə görə bəzən meydanda rahat şəkildə at oynadılar. Sizdən bir söz də soruşum. (deyəsən sizdən çox bu gün mən sizə sual verdim – gülür – Conflict.az)
- Buyurun, heç bir problem yoxdur. Təki məsələlərə aydınlıq gətirək.
- Siz teatrın cinayət törətməsinə necə baxırsınız? Yəni sizcə teatr, yaxud, rejissor, aktyor səhnədə hansısa cinayət törədə bilərmi?
- Yəni siz əməlli başlı cinayətdən söz açırsınız?
- Xeyir, mən qurulan və ya oynanılan tamaşa vasitəsi ilə törədiləcək və ya törədilə biləcək cinayətlərə şüuraltı ötürülən kodların verilməsindən danışıram.
- Anlayışım yoxdur.
- Deyək ki, hansısa tikinti şirkətində, yaxud da ki, nəqliyyat vasitələrinin idarə olunması zamanı hər hansı cinayəti ilk əvvəl cəmiyyət görür və o cinayətin açılması üçün ən azından cəmiyyətin ayrı-ayrı nümayəndələrinin şahidliyi böyük rol oynayır. Yəni bir sözlə onların cinayəti gözlə görünən olur. Teatr isə bu tip cinayətlərin bazası rolunu oynaya bildiyi halda özü kənarda qala bilər. Adi bir misal çəkim. Hansısa rejissor öz küçələrində səhərə qədər ulayan itə qarşı əsəbini balacalar üçün qurduğu tamaşada büruzə verməklə, zalda oturan azyaşlıları küçə itlərinin qatilinə çevirə bilər. Əslində cinayətkar küçədə itlərə qarşı qəddarlıq göstərən gənc yox, onu qatil böyüdən tamaşa, tamaşanı quran rejissordur. Hansı ki, indi cinayət məsuliyyətindən kənarda qalıb. Və bu cür misalları xeyli uzatmaq olar. Bəzi "korifeylərimiz" də sadəlövh cəmiyyətin bu cür cinayət növlərindən bixəbər olduğunu gözəl bilib də öz mənfur əməllərini reallaşdırırlar. İndi bizə qarşı olan haqsızlıq həmin cinayət tərkibli işlərdəndir ki, cinayət prosessual məcəlləsində rast gəlinə bilməz. Yenə deyirəm, mən axı əvvəlcədən demişdim ki, "bu VİCDAN məsələsidir!" Bu "cinayəti" törədənlərin vicdanı oyaq olmasa heç kim onlara müəllifi olduqları haqsızlığı isbat edə bilməyəcək. Ona görə də bunun bir yolu var: Seçimin tamaşaçı ixtiyarına verilməsi. Çünki bunların çoxu üçün vicdan narkotika kimi bir şeydir. Üstlərində gəzdirməyə qorxurlar.
- Festivala qayıdaq. Bölünən yerlərdən biri Rus Dram Teatrından təqdim olunan müstəqil işə, digəri isə Dövlət Ləzgi Dram Teatrına verilib. Bu ədalətli qərar deyilmi?!
- Başa düşmədim, bəyəm bu azsaylı xalqların yaşadığı kənd bələdiyyə üzvlüyünə namizədlərin seçimidir ki, hər millətdən nümayəndə olmaqla balans qorunsun? Sənət balanslaşdırıcı siyasəti özündə əks etdirə bilməz. Onun bir adı var "sənət". Sənətdə balanslaşdırıcı siyasət yürütdükdə o sənət yox siyasətə qurban verilmiş mağmun peşə sahələrindən birinə çevrilir.
- Bəs dövlətin mədəniyyət siyasəti?!
- Dövlətin mədəni siyasəti bir başqa məsələdir. Təbii ki, dövlətdə siyasətin öz mədəniyyəti, mədəniyyətin öz siyasəti olmalıdır. Amma axı bu festivaldır. Halbuki siyasət sivilizasiya uğrunda mübarizə deməkdir. Sənət özü sivilizasiyadır. Demək siyasətin özü mədəniyyət uğrunda aparılan mübarizənin bir növüdür. (susur – Conflict.az)
- Buyurun, davam edin.
- Elə festivalın başqa bir əyintisi də iştirakçı teatrları millətlərə bölməkdən ibarət idi. Əgər bağlanış mərasimində olan çıxışlara baxsanız bunun bayağı və iyrənc nümunələrinin şahidi olarsınız. İkinci yeri (rəsmi olaraq üçüncü – İ.S.) Rus Dram Teatrından olan bir fərdi işə, sonuncu yeri isə (xüsusi diplomları – İ.S.) Dövlət Ləzgi Dram Teatrı ilə Bakı Uşaq və Gənclər Teatrı arasında bölüşdürdülər. Nə Rus Dram Teatrının, nə də Ləzgi Dram Teatrının işini aşağılamaq fikrində deyiləm. Zatən onlara verilən qiymət müəlliflərinin ümumi işi göz qabağındadır. Milli Dram Teatrın tamaşasının festival bitəndən 17 gün sonra qəbul etməklə, yeri gəlmişkən Bəhram Osmanovun dediyinə görə Rus Dram Teatrının tamaşası da təqdimata gecikibmiş, festivala münasibətdə onlar özlərinin "sənətkarlığını" ortalığa qoyub da çox "gözəl" nümayiş etdirdilər. Mən bu məsələyə diqqəti niyə yönəltdim. Yenə təkrar edirəm sənət millət tanımamalıdır. Çünki sənət millət məvhumundan daha öndə gələn insanların bir araya gəlməsindən formalaşır. Hətta tanısa belə yenə də biz öndəyik. Biz, yəni Bakı Uşaq və Gənclər Teatrı.
- Yəni?
- İzah edirəm. Çünki bizim tamaşanın quruluşçu rejissoru rusdilli olmaqla yanaşı tamaşadakı baş rolun, "şəhid" obrazının ifaçısı ləzgi xalqının nümayəndəsidir. İncəsənət unuversitetinə qəbul olan günə qədər Qusar rayonunun Bədirqala kəndinin sakini olmuş, özü də 44 gün döyüşdə iştirak etmiş, bir neçə medal sahibi Əhmədov Qurban Sərvət oğludur. Əslində bu məlumatlar hamısı Teatr Xadimləri İttifaqında olmalıdır. Əgər o İttifaq normal işləsə, normal qurum olsa, dövlətin siyasətini öz çapında yürütmək fikrində olsa, sual oluna bilər ki, bəs aktyor- döyüşçü olan Qurban Əhmədova qarşı TXİ-dən hansı diqqət göstərilib? Cavab hazırdır: Festivalda məlum hərəkətlə təhqir edilərək "təltif" olundu.
- İntiqam müəllim, Milli Dram Teatrının geçikmə səbəbini çox təkrarlayırsınız. Bu gecikməyə səbəb nə ola bilər sizcə? Bəlkə şəraitləri...
- (uca səslə gülür) Doğru deyirsiniz. "Şəraitləri"... Sualınıza geniş izah da verə bilərəm, bir kəlmə ilə də cavab verə bilərəm. Seçim sizindir.
- Mümkünsə ətraflı.
- Bu kollektiv (ADAMDT) imkanlarının bolluğundan tamaşa nümayişi zamanı necə istifadə edəcəyini dəqiqləşdirə bilmirdi. Biz çəkiliş üçün az qala telefon kamerasından istifadə edəcəyimiz, əvvəlcədən texniki şəraitin yoxluğuna görə münsiflər heyətinin ayrı-ayrı üzvlərindən üzr istədiyimiz halda Akademik Milli Dram Teatrı tamaşanı son dərəcə müasir kamera (yeri gəlmişkən bu "müasirliyi" münsiflər heyəti yaradıcı kollektivin uğuru kimi dəyərləndirir – İ.S.) vasitəsi ilə paralel olaraq canlı yayımlayırdı. Hətta həmin kameranın imkanlarından düzgün istifadə edilə bilməsələr belə. Halbuki Bakı Uşaq və Gənclər Teatrı da dövlətin müəssisəsidir və Azdramadakı şəraiti dövlət bu kollektiv üçün də yaratmalıdır. Mən o şəraitsizliyə görə üzr istəməməliyəm. Mənim rəhbərlik etdiyim bu teatrın yarıtmaz şəraitinə görə AZƏRBAYCAN TEATR XADİMLƏRİ İTTİFAQI üzr istəməlidir cəmiyyətdən, teatrsevərlərdən. Ona görə ki, kollektivin bu şəraitsizliyini ictimailəşdirməyib. Aid təşkilatların qarşısında qaldırmayıb.
- Səbəb?
- Səbəb çox sadədir. Yuxarılar qarşısında "tıxsız balıq" rolunu oynamaq. Əllərində olan, sağa-sola dağıtdıları milyonlardan məhrum olmaq qorxusu. İnanın, Milli Dram Teatrının həmin o kiçik səhnəsi məndə olsa idi xariqələr yaradardım. Bu dəqiqə mənim üçün və kollektivim üçün mövcud şəraitdə yaradıcılıqla məşğul olmaq cəhənnəm əzabına bərabərdir. Bu gün bizim teatrın imkanları Milli Dram Teatrının imkanlarından nə az, nə də çox, 1000 dəfə, bəli səhv eşitmədiniz məhz bu qədər aşağıdır. Məncə gecikmə səbəbini özünüz müəyyən etmiş oldunuz!
- Maraqlıdır, bəs bir kəlmə ilə necə cavablandırardınız AMDT-nın gecikmə səbəbini?
-
Ardı var
Conflict.az