Sizin reklam burada
Sizin reklam burada

Bakir Həsənbəyli - Avtoritar rejimlər dələdüz balıqların akvarimudur

Bakir Həsənbəyli - Avtoritar rejimlər dələdüz balıqların akvarimudur
Cek London deyirdi ki: “Ümid inamın təməlidir.” İnanılaraq çıxılan yolun coğrafiyasının mürəkkəbliyi, relyefi və məsafəsi önəmli olmur. Önəmli olan yolun sonudur. İnanılaraq çıxılan yolun sonunda finiş yazılmır. Çünki bu yol nəzərədə tutduğunun start nöqtəsidir.
Çağdaş dünyamızda ayrı-ayrı ölkələrin fərqli idarəçilik formatları yeni dövlətçilik şüurunun formalaşmasına səbəb olur. İnsanlar asanı çətinləşdirəni deyil, çətini yox edəni tərcih edirlər. Təsadüfi deyil ki, məhz bu amil siyasəti nəniki sosialın, iqtisadiyyatın, az qala məişətin əvvəlinə keçirməyi hədəfləyir. Düzdür bu xoş olmayan haldır. Çünki hər kəsin siyasi olmaq kimi bir məcburiyyəti yoxdur. Cəmiyyət elə idarə olunmalıdır ki, şəxs yalnız fizioloji deyil, həm də ruhi rahatlığını tam mənası ilə hiss etsin. Vətəndaş hətta doğmasının gələcəyi üçün dövlətinə güvənməlidir. “Sən siyasətlə məşğul olmasan belə, siyasət səninlə məşğul olacaq” - deyimi yalnız avtoritar rejimlərə xas xüsusiyyətdir. Çünki bu cür idarə olunmağa məhkum olan cəmiyyətlərin müşahidə missiyalı olmaları yazılmayan tarix kimidir. Belə cəmiyyətlərdə azad insan termini xəyal məhsuludur. İnkişafın, tərəqqinin olmadığı, yalanın, riyanın var olduğu məkandır belə cəmiyyətlər. Belə cəmiyyətlərdə inam olmur. Cek London düşüncəsi ilə yanaşsaq bu cür cəmiyyətlərə ümidsizlik hakimdir. Ümid olmadığı üçün deməli inamın təməli də atılmayıb.
Avtoritar idarəçilik üsulunu özü üçün əsas götürən siyasi komandalar zaman-zaman demokratik dünyanın bəzi ritmləri ilə hərəkətlilik yaratmağa cəhd etsələr də, mahiyyətində təbiilik olmadığı üçün səslər qarışır. Yəni ritm pozulur. Və nəticədə bu hərəkətlilik kobud parodiyadan başqa bir şey olmur. Təəssüflə qeyd edim ki, hətta bəzi siyasilər avtoritar hakimiyyətlərin bu tip idarəçilik formatını qeyri-peşəkarlığın yaratdığı mühit olaraq dəyərləndirirlər. Əvvəla onu qeyd etmək yerinə düşərdi ki, bu cür yanaşmanın düşüncəsi qeyri-peşəkarlıqdır və tarixi qiymətləndirmədə səbəbkara haqq qazandırmaq fürsəti tanıyır. Yəni təqsirsizlik prezumpsiyası.
Avtoritar və ya neoavtıritar rejimlərdə ən boyük sorun güvəndir. Bu cür cəmiyyətlərdə kütləvi inandırma hadisəsi mümkünsüz deyil, lakin uzun vədəli, ardıcıl proses tələb edir. Və bu prosesin vaxtı bəzən o qədər uzun olur ki, hətta bir insan ömrü qədər. Yəni nəticəni prosesi başlayanlar görməyə bilər. SSRİ-nin dağılması, Almaniyanın birləşməsi və s.
Qayıdaq cəmiyyətin siyasiyə inam məsələsinə. İnamsızlığın yaranması avtoritar cəmiyyətlərin ən böyük uğurlarındandır. Belə cəmiyyətlərdə hətta doğru söz şübhəli düşüncələrlə qəbul olunur. Avtoritar rejimlər yalnız dələdüz balıqların akvarimudur.
“Çarəsizliyin yeganə dərmanı ümiddir”- deyirdi Uilyam Şekspir. Avtoritar rejimlər yalnız ümidi yox edə bilmirlər. Ümid hətta insan ölərkən belə ölmür. İnsan fərddir. Ümid isə düşüncə etibarı ilə fərdiləşmir.
Bu gün Azərbaycanda “lider”, “partiya” bolluğu yaşanır. Bu mənə müstəqilliyimizin ilk illərində vicdan fontanının təzyiqi ilə kütləvi məscid tikdirənlərin daha sonrakı mərhələdə şadlıq evləri sevdalılarına çevrilmə zamanlarını xatırlatdı. Qutsallıqdan məstliyə gedən yol. Və ya təzadlarla dolu zamana daxil olan tarixin başlanğıcı.
Bu gün Azərbaycan cəmiyyətində “lider” çoxluğunun yaranmasının ən böyük səbəbkarı iqtidardır. İqtidar öz oyununu peşəkarcasına oynayır. Bəzi müxalif zehniyyət həmin oyunun aurasına düşüb. Udan isə iqtidardır. Axı pendiri də o istehsal edir.
“Niyə mən olmayım?” iddiadır. Eqoizmdir. Alturizmin yox olduğu məqamdır. Fərdiləşmədir. Əl düzəltməkdir. Xidmətdir. Sual oluna bilər: Nədən iqtidar özünə rəqib yaratmaq istəsin? O zaman suala, sualla cavab verək: Rəqibliyin ölçü vahidi siyasi partiya qurmaqdırmı? Şəxsən mən belə düşünmürəm. İmperiyalar nəinki siyasi təsisatların qurulmasına, hətta fərqli siyasi baxışlara belə fürsət vermir. Lakin imperiyalar forma və ya mahiyyətlərindən aslı olmayaraq çökür. Tarix çoxlu sayda belə çöküşlərə şahidlik edib və etməkdədir. Bu çöküşü reallaşdıran isə kütləvi iradə olur. Rejimlər də mini imperiyalardır.
Səslərin fərqli məkanlardan gəlməsi sadə xalqı uzun vədəli seçmək məcburiyyətində qoyur. Liderlərin, hətta siyasi təsisatların belə reytinqləri zamanla, hadisə ilə bağlı dəyişir. Yəni deformasiyalıdır. Xalqı yoran məhz bu cür hadisələr olur. İstehsalatda olduğu kimi, cəmiyyətdə də çeşidləmə ən çətin prosesdir. İqtidarın istədiyi də elə budur. Xalqın seçim mərhələsindən istifadə edərək planını həyata keçirsin. Bu cür cəmiyyətlərdə adamlar bəzən ümidin ötəsində belə ümid arayışında olurlar. Mümkün olmayanı arzu etməyin isə reallıqla əlaqəsi yoxdur. Çünki siyasət həm də mümkün olanı etmək bacarığıdır. Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzi deyirdi ki: Lovğalanmaq özünə inamsızlıq, kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə axmaqlıqdır.

Bakir HƏSƏNBƏYLİ

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ