
Bu günün – 8 martın hər hansı hüququ öhdəliyi və ya dini hökmü olmasa belə illərdir ki, dəyər olaraq təqvimdə özünəməxsus yükü var. Əslində ona görə bu gündən yük deyə qəsd etdim ki, imkansız, daha sərt ifadə etsək nəticəsində pul tələb olunan hər bir hadisə kasıb vətəndaş üçün yükdür. Əgər proses bu cür cərəyan edərsə, nəticədə Azərbaycan dünyada kasıblar məmləkəti kimi tanınacaq. Fikir verdinizsə 8 mart məhz qadınlar üçün düşünülmüş bayram olsa da, cinsi ayrı seçkiliyə yol vermədən yük deyə qəsd etdim. Bu gün həm kişinin, həm də qadının özünəməxsus yükü var – mənəvi yük.
Rəhmətlik Hikmət Hacızadə deyirdi ki, “adam kişi olar, amma gərək kişi də adam olsun”. Bu məmləkətdə kişini adam kimi yaşamağa imkan verməyən rejim mövcuddur. Həm də artıq bir ömür davam edən rejim. İllərlə işi olmayan, olsa belə günlük qayğılarından kiçik bir istisnanı etmək iqtidarında olmayan kişinin bu günkü durumunu biri vicdanla mənə izah etsin. Söhbət dünəndən və ya sabahdan getmir, məhz bu gün - 8 martda. Varmı? İstinad vicdandırsa, deməli yoxdur. Belə olan təqdirdə ailənin rəisi dediyimiz kişi nə etməlidir, əfəndilər? İntiharmı? Əsla. Zatən özünün varlığında belə ailənin günlük keçimi ağırdır. Onun yoxluğunda nələr baş verəcəyini düşünmək isə dəhşət saçır. Kimsə özünü inandırmasın - “Allah kömək olacaq”. Bəli insanın yaradıcısı Allahdır. Ondan gəlmişik, Ona dönəcəyik. Kainat Onun nəzarətindədir. Lakin... Lütfən, məni zora soxmayın.
“Bu bayram bizə aid deyil”, “Şərqdə qəbul olunmur”, ”Almaniyadan və ya Avropadan bizə nə?”. “İslamda...” Allah xatirinə, pafosdan imtina edək. Yedi ömrümüzü pafos. Ömür bitir. Nə vaxt özümüz üçün yaşayacağıq? Geyinirik, başqalarının görməsi üçün. Danışırıq, başqalarının bəyənmələri üçün. Yazırıq, kimlərinsə xoşuna gəlmək üçün. Jest edirik... Allah bilir nə üçün. Heç bir halda özümüz deyilik. Axı yuxarıda qeyd etdim, nə vaxt özümüz olacağıq? Bir dəfə də həyatımızı, yaşamımızı, dövləti idarə edənlərin vətəndaşa münasibətini digər ölkə və xalqlarla müqayisə edəyin.
Rejimi ittiham etdim. Səbəbsiz deyil. Azərbaycan insanın bu gün düşdüyü vəziyyətdən sorumlu məhz Azərbaycan iqtidarıdır. Bu məsələ ilə bağlı iqtidar mənsubları arasında istisnalar yoxdur. Hər kəsin məsuliyyəti var. Az və yaxud çox. Bu gün əgər mənim çörəyə ehtiyacım varsa, məsuliyyət mənimlə bağlı millət və Allah qarşısında öhdəlik götürənlərdədir. Haqqımı halal etmirəm.
Qayıdaq 8 marta. Bu gün görəsən neçə nəfər öz anasını, bacısını, ailəsini, qızını söz istisna, kiçik bir hədiyyə ilə təbrik etdi? Onlar üçün canımızı qurban versəkdə azdır. Lakin... Can qurbanından öncə kiçik bir hədiyyə yetməzmi? Yetər. Bəs elə isə...
Bəs elə isə nədən bu jesti edə bilmirik? Çünki bu hakimiyyətin illərdir formalaşdırdığı sistem bizi o jest imkanından məhrum edib. O hakimiyyət ki...
O, hakimiyyət ki, quruluşunda rüşvət, korrupsiya kök atıb. O hakimiyyət ki, sıradan birinin günlük xərci, Azərbaycan kəndlisinin az qala illik ərzaq xərcinə bərabərdir. O hakimiyyət ki, ölkə sərvətlərini ata vəsiyyəti kimi dərk edərək hüdüdsüz mənimsəyir. O hakimyyət ki, məmuru milyonlarla dəyəri olan villalarının sayını artırır, şəhid atası isə palçıq daxmada tarix yazan qəhrəman yetişdirir. O hakimiyyət ki, məmuru avtomobil kolleksiyası yardadır, vətəndaşının geymək üçün dəyişəyi belə yoxdur. O hakimiyyət ki, yalanı vətəndaşına həqiqət kimi sırıyır, doğru danışanı yeddi köydən qovur. O hakimiyyət ki... Bilirsiniz nə qədər sadalamaq olar? Qanuna deyil, iradəyə tabe olan hakmiyyətlərdə belə hallar saymaqla bitən deyil. Vətəndaş nə istəyir?
Vətəndaşın istəyi hakimiyyət mənsublarının istəyindən fərqli olaraq qutsal haqqının ötəsində deyil. Vətəndaş haqqını istəyir. Hə, iddia edərsiniz ki, bəs nədən ölkədə süküt hökm sürür? Cənablar, Azərbaycan vətəndaşı o qədər abrına sahib çıxcaq xalqdır ki, haqqını belə abırla tələb edir. Sual oluna bilər bəs siz – hakimiyyət mənsubları, bu xalqdan deyilsinizmi? Bəli. O zaman ortaya maraqlı sual çıxır. Əgər elədirsə, nədən milli sərvət bir qrup tərəfindən acıgözlüklə mənimsənilir? Çünki istisnalar var. Bütün xalqlarda, İsveçdə, ABŞ-da və yaxud Almaniyada qanunlara barmaqarası baxan yoxdurmu? Əlbəttə var. Sadəcə onlarda bu qrup az sayda, həm də siravi vətəndaş statusunda olur. Və onlar hökm vermir, əksinə. Bizdə isə...
Bu ölkənin sadə kişisi üçün ən böyük hədəf ailəsini dolandırmaq, evinin minimum rahatlığını təmin etməkdir. Həmin kişinin serial şirkətlər qrupu təsis etmək, müxtəlif kolleksiyalar (maşın, silah, qızıl əşya və s. – B.H. ) toplamaq, absurd iddialara düşmək kimi istəyi yoxdur. Halbuki bu ölkənin kişisi istədiyinin ən yaxşısına layiqdir. Bu ölkədə sadə kişinin xanımının da arzuları hüdudsuz deyil. Kişi balıqçı olsa belə xanımı qızıl balığın onun nökəri olmasını heç vaxt arzu etmir. Çünki bu millətin xanımı özlüyündə dəyərdir. Qızı, qadını, ananı sevimli, dəyərli edəndə onun sadəliyi, səmimiliyi, dürüstlüyüdür. Belə anaların dünyaya gətirdikləri övlad da vicdanlı olur. Ana övladını ehtiyacsız böyütmək istəyir. Qudurğan yox, məhz ehtiyacsız. Ana istəyir ki, övladı normal geyinsin, normal qidalansın, normal məktəblərdə, normal təhsil alsın. Dərslər arası tənəffüsdə, o sadə ailənin, sadə övladı bir bulki ala bilsin. Cəmi bir bulki. Çoxdurmu cənablar? Restoran bağlatmasın, bir ayıdan bir tikə yemək üçün bir milyon ödəməsin, babasının, atasının, qayınatasının hesabına şirkətlərə sahib olmasın, bahalı avtomobili ilə adam öldürməsin, evindən, xidməti kabinetindən və avtomobilindən milyonlar çıxmasın və s. Cəmi bir ədəd bulki alsın. Amma ala bilmir. Nədən? Yuxarıda qeyd etdim evin günlük dolanışığından (büdcə sözünü bilərəkdən yazmıram – B.H.) hətta qəplklə müşayət olunan istisnalar belə aylıq büdcəyə - gündəlik dolanışığa təsirsiz qalmır. Lakin sizlər – Azərbaycan hökuməti nəyi iddia edir? Paytaxtın işləyən sakinlərinin aylıq gəliri 927 azn olub. Məmur övladının yediyi ətlə, kasıbın övladının yediyinin cəmi belə sizin iddia etdiyiniz deyil axı. İçərinizdəki ən vicdanlıları müəyyən edin və şəhərdə sorğu keçirin. O zaman sizin üçün aydın olacaq ki, bu şəhərdə neçə nəfərin evinə hər ay iddia etdiyniz 927 azn daxil olur. Əslində bilirsiniz. Həm də bal kimi bilirsiniz. Sadəcə...
Bu gün bayramdır. Həm də qadının, xanımın, ananın bayramı. Düşünürsünüzmü il boyu ailəsinin ayaqda qalması üçün mücadilə aparan o xanımı ailəsi nə ilə sevindirəcək? Ola bilsin ki, “ən ucuz hədiyyə kimi bir manata bir dəstə yasəmən gülüdə ala bilməyəcək?” - deyə düşünənlər olacaq. İmkansız ailələr hər qəpiyə çörək kimi baxırlar, cənablar. Qəsd etdiyniz bir manat, iki çörək deməkdir kasıb ailə üçün.
Bu gün bəs sən nə edəcəksən məmur? Sənin xanımının, qızının, ananın, bacının hədiyyəyə ehtiyacı varmı? İlk gəldiyim qənaət budur – yox. Çünki illərdir ki, dövlət vəzifəsindən istifadə etməklə əldə etdiyin hüdudsuz sərvətinlə ailə təminatın o qədər yüksək həddədir ki, leksikonunda “yox” yoxdur. Sən bilməzsən bu gün şəhid anası, şəhid xanımı, şəhid qızı, şəhid bacısı nə düşünür? Sən bilməzsən işi olmayan kişinin xanımı bu gün hər şeydən danışır, yalnız 8 martdan başqa. Sən bilməzsən analar ötən gecədən qızlarını öyrədiblər ki, atadan heç bir hədiyyə istəmə. Sən bilməzsən məmur, bunların heç birini bilməzsən. Sənin üçün həyatın rəngi, dadı, ətri başqadır.
Sənin nəinki özünün, hətta xanımnın, qızının belə yüksək gəlirli işi var. Bir zamanlar içinizdən elələri var idi ki, yaşlı, yazıb-oxumağı bilməyən anası üçün qəbul saatları tərtib etmişdi. Oğula əli çatmayanlar anasının - “hacı xanımın” qəbuluna gedərdilər. Bu Azərbaycan adlı məmləkətin vətəndaşlarının real həyat hekayəsdir.
Ortaya maraqlı nüans çıxır əgər vətəndaşı sevməyəcəkdinsə, ona inamın, etibarın olmayacaqdırsa, nədən Onun – vətəndaşın idarə edilməsinə bu qədər iddialı idin? Deməli...
Bu qədər olanlardan sonra səndən anlayışlı hərəkət gözləmək absurddur məmur. Heç olmazsa öz məhrəmlərini təbrik edəndən sonra həyətini süpürüb, evini təmizləyən, xörəyini bişirib ailəcə qarşınıza gətirən xidmətçi deyə qəsd etdiyniz o sadə, təvəzökar, zəhmətkeş, balası üçün hər kaprizinizə dözən xanımları təbrik edin. Axı, 8 martdır, “adam kişi olar”.
Conflict.az