Sizin reklam burada
Sizin reklam burada

Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz

Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz“Hədis” sözünün lüğətdəki mənası

“Hədis” sözünün ərəb dilindən tərcüməsi “yaranmış, icad edilmiş” deməkdir. “Hadisə” sözü də eyni kökdəndir, hər hansı şəxs (qüvvə) tərəfindən yaradıldığı üçün belə adlandırılır. Eləcə də, hədis ərəb dilində “söz, söhbət, xəbər” mənalarını ifadə edir. Səbəb budur ki, söz hər hansı şəxs tərəfindən yaradılır (həm məna baxımından beyində düşünülüb hazırlanır, həm də tələffüz edilib ərsəyə gətirilir). Şəriətdə “hədəs” sözü dəstəmazı və qüslü pozan hallar mənasında işlədilir ki, bu da həmin halın sonradan yaranmış olduğunu ifadə edir. Quranla bağlı mövzulardan birində də bu kökdən qaynaqlanan “hadis” sözü müzakirə edilir. Miladi VIII-IX əsrlərdə İslam alimləri arasında Quranın Allahın özü qədər qədim olması, yoxsa sonralar Allah tərəfindən yaradılması barədə çox qızğın mübahisələr gedirdi. İkinci mövqeni müdafiə edənlər termin olaraq Qurani “hadis”, yəni sonradan yaradılmış, qədim olmayan adlandırırdılar.

Quranda “hədis” sözü

Qurani-kərimdə “hədis” ifadəsinə 23 dəfə rast gəlirik. Aşağıdakı ayələrdə “hədis” sözü “hekayət, xəbər” mənasını verir: “Musanın hekayəti sənə gəlib çatdımı?” (Taha, 9 və Naziat, 15). “İbrahimin möhtərəm qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı?” (Zariyat, 24). “Orduların xəbəri gəlib sənə çatdımı?” (Büruc, 17). “Ğaşiyənin (qiyamətin) xəbəri sənə gəlib çatdımı?” (Ğaşiyə, 1).

“Kəhf” surəsinin 6-cı, “Vaqiə” surəsinin 81-ci, “Qələm” surəsinin 44-cü və “Nəcm” surəsinin 59-cu ayələrində “hədis” sözü Allahın kəlamı, yəni Quran mənasında işlənir.

Əksər ayələrdə isə “hədis” ifadəsi “söz, söhbət” mənasını bildirir (Nisa, 42, 78, 87 və 140; Əraf, 185; Ənam, 68; Loğman, 6; Yusuf, 111; Əhzab, 53; Zümər, 23; Casiyə, 6; Tur, 34; İbrahim, 3; Mürsəlat, 50). Göründüyü kimi hətta xəbər, hekayət və Quran anlayışları da sonunda söz, kəlam mənası ifadə etdiy üçün ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, bütün ayələrdə “hədis” sözü ya birbaşa, ya da dolayısı ilə “söz” mənasını ifadə edir.

Terminoloji mənada hədis

Dini anlamda hədis – Həzrət Mühəmməd Peyğəmbərin (s) söylədiyi sözlərə deyilir (şiə məzhəbində məsum imamların da kəlamları hədis sayılır). Hədis sünnənin tərkib hissəsidir. İslam düşüncəsin¬də hədis Qurani-kərimdən sonra ikinci mö¬təbər mənbədir. Çünki Qurani-kərimin: “O (Peyğəmbər), kefi istəyəni danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir” (Nəcm, 3-4) ayəsinə əsasən, Həzrət Mühəmməd Peyğəmbərin (s) bütün sözləri doğrudur, düzgündür, insanları hidayət et¬mək gücünə malikdir. Hədis bütün İslam məzhəblərində dini hökmlərin əsaslandırılması (istinbat) zamanı Qurani-kərimdən son¬ra ilk yerdə durur. İcma, qiyas, ağıl kimi üsullar Quran və sünnədən (hədisdən) sonra gəlir və bu ikisində qəti hökm (nəss) olma¬dığı zaman tətbiq edilir.

Hədis nədən ibarətdir?

Hədis “sənəd” və “mətn” adlı iki hissədən ibarət olur. Mətn hədisin məzmunu və möhtəviyyatı deməkdir.

Sənəd isə hədisi rəvayət edən şəxslərin (bunlara ravi deyilir) hədisi bir-birindən nəql etmə ardıcıllığını əks etdirir və ravılərin adlarının sıralanmasından ibarət olur. Hədis bir ravidən o birinə eşitmə (sima), imla (diqtə), yazdırma (kitabət), yazısından oxumaq yolu ilə ötürülür. Bəzən də bir ravi sənəd zənciri ilə ona yetişən hədisi (və ya hədisləri, hətta hədis kitablarını) sonrakilara rəvayət etməsi üçün növbəti raviyə yazılı və ya şifahi icazə verir. İslam tarixində onlarla, hətta yüzlərlə ravidən və hədis alimindən rəvayət icazəsi almış şəxslər olmuşdur. Məsələn, Şəhidi-əvvəl ləqəbli alimin təxminən min nəfərdən hədis rəvayəti və ictihad icazəsi aldığı məlumdur. Mərhum Ayətullahül-üzma Nəcəfi Mərəşi isə 400 nəfərdən artıq hədis alimindən rəvayət icazəsi almışdı. Maraqlıdır ki, hər iki alim cəfəri məzhəbindən olsa da, onların hədis şeyxlərinin (yəni hədis icazəsi aldıqları alimlərin) arasında əhli-sünnədən də xeyli elm adamı vardı. Keçmişdə bəzi alimlər müəyyən hədisin yalnız bir nəfər tərəfindən sənədlə rəvayət edildiyini eşidincə, uzaq məsafələr qət edir, həmin hədisi o alimin dilindən eşitmək üçün başqa şəhərə (hətta başqa ölkəyə) gedir və ravi ilə görüşüb ondan hədisi dinləyirdilər. Sənədin başlanğıcında bir qayda olaraq, hədisin yazıya alınmasın¬dan qabaqkı son ravinin adı gəlir. Hədis yazıya alındıqdan sonra onu, sənədinə əlavə etmədən, həmin kitaba istinadən rəva¬yət edirlər.Hədislərin növləri

Hədisin başqa növləri də vardır ki, aşağıda onlardan bəziləri haqqında məlumat verilir:

– Əgər eyni məzmunlu hədis müxtəlif əsrlərdə çoxlu sayda ravilər tərəfindən rəvayət edilmişsə, buna mütəvatir hədis deyilir. Mütəvatir hədis çox etibarlı sayılır. Çünki hər dövrdə yaşamış çoxlu sayda ravilərin hamısının səhv etməsi və ya yalançı olması qeyri-mümkündür. Hədislər həm ləfzi (söz baxımından), həm də mənəvi (məna sarıdan) mütəvatir ola bilər. Birinci halda hədisin mətni eyni formada təkrar edilir. İkinci halda isə məzmununa xələl gətirilmədən fərqli şəkillərdə rəvayət olunur.

– Eyni məzmunlu hədis əksəriyyət tərəfindən eyni qaydada rəvayət edilirsə, amma bir ravi onu fərqli şəkildə rəvayət etmişsə, həmin fərqli hədisə qərib hədis deyirlər.

– Zəif ravi tərəfindən rəvayət edilən və etibarlı ravilərin rəvayətinə zidd olan hədis münkər (inkar edilən) hədis adlanır.

– Etibarlı ravi (buna siqə deyilir) tərəfindən rəvayət edilən, amma başqa siqələrin hədislərinə zidd olan hədisi isə şazz (bənzərsiz, tək) adlandırırlar. Şazz hədislə münkər hədisin hər ikisi eyni məzmunlu digər hədislərlə ziddiyyət təşkil edir. Fərq bundadır ki, münkər hədisin ravisi etibarsız, şazz hədisin ravisi isə etibarlıdır.

– İlk baxışdan səhih görünən, amma dəqiq araşdırma nəticəsində səhihliyini şübhə altına salan nöqsana malik hədisi müəlləl (xəstə) hədis sayırlar.

– Yalançı kimi tanınan ravinin rəvayət etdiyi hədisi mətruk (tərk edilən, rədd edılən) adlandırırlar.

– Məsum şəxsə yalandan aid edilən, amma onun söyləmədiyi sözlərə mövzu (uydurulmuş) hədis adını vermişlər.

– Əgər hədisin sənədindəki bütün ravilərin adı və ya nəsəbi eynidirsə, yaxud onlar eyni peşənin sahibləridirsə, ya da hədisin əxz olunma şəraiti bütün sənəd boyunca eynidirsə, bu halda hədisə müsəlsəl (zəncirvari) deyirlər.

– Ravinin hafizəsinin zəifliyi və ya başqa səbəb üzündən bir neçə fərqli variantlarda rəvayət edilmiş hədisləri müztərib hədis adlandırırlar.

– Ravisi tərəfindən sənədinə və ya mətninə əlavə sözlər daxil edilmiş və sonrakı ravilərin həmin sözlərlə birlikdə rəvayət etdikdəri hədisə müdrəc (əlavə edilmiş) hədis adını vermişlər. Zəif hədisin bir növüdür.

– Əgər hədisin sənədindəki zəif ravilərdən birinin adı qəsdən ixtisar edilərsə (hədısin zəifliyini gizlətmək üçün), belə hədisi müdəlləs (gizlədilmiş) hədis adlandırırlar. Zəif hədisin bir növüdür.

– Hədisin sənədinin başında bir və ya ardıcıl olaraq bir neçə ravinin adı yoxdursa, yəni sənəd zəncirinin əvvəlindən bir və ya bir neçə halqa düşmüşsə, bu hədisə müəlləq (asılmış) hədis deyilir. Əgər ixtisar edilmiş ravilər sənəd zəncirinin ortasına aiddirsə, bu hədis müzəl (çətin və ya pis) hədis adlandırılır.

– Hədisin sənəd zəncirində səhabədən əvvəlki halqalardan biri və ya ardıcıl olmamaq şərti ilə bir neçəsi yoxdursa, buna münqəti (qırılmış) hədis deyirlər. Burada “qırılmış” adların ardıcıl olmaması şərtdir; çünki ardıcıl olsa, müəlləq və ya müzəl hədisə çevrilər.

– Sənəd zənciri Həzrət Mühəmməd Peyğəmbərlə (s) bitən hədislərə mərfu (qaldırılmış) hədis deyilir. Mərfu hədisin səhih olması vacib deyil. Məsələn, sənəd zənciri Peyğəmbərlə bitsə də, ortada bir və ya bir neçə ravinin adı düşə bilər. Bu halda mərfu hədis həm də münqəti, müzəl və ya mürsəl sayılır.

– Hədisin sənəd zəncirində səhabənin adı düşmüş və tabiin hədisi birbaşa Peyğəmbərdən rəvayət etmişsə, buna mürsəl hədis deyilir. Zəif hədisin bir növüdür.

– Hədisin sənəd zəncirinin sonu Peyğəmbərə çatmadan səhabədə qurtarırsa, buna mövquf (durdurulmuş) hədis deyirlər.

– Hədisin sənədindəki ravilərdən birinin adı və ya mətnindəki sözlərdən biri hərf nöqtələrinin səhv qoyulması nəticəsində dəyişmişsə, buna müsəhhəf (başqa şəklə düşmüş) hədis deyirlər. Əgər dəyişiklik başqa səbəbdəndirsə, hədis mühərrəf (təhrif olunmuş) adlanır.

– Hədisin sənədində adların və ya mətnindəki sözlərin yeri dəyişmişsə (məsələn, ravilərin ardıcıllığı pozulmuşsa, sonrakı ravınin adı əvvələ, əvvəlkinin adı sonraya keçmişsə), buna məqlub (yeri dəyişdirilmiş) hədis deyilir.

– Hədisin sənəd zəncirində qırıq yoxdursa və hər bir ravinin özündən əvvəlki ravıdən hansı yolla əxz etməsi məlumdursa, belə hədisə müttəsil (ardıcıl) deyirlər.

– Böyük hədis alimlərindən yalnız birinin rəvayət etdiyi hədisi münfərid (tək), bir neçə hədis aliminin rəvayət etdiyi hədisi isə müttəfiq hədis adlandırırlar.

Şiə mənbələrində müvəssəq (etibarlı) və ya qəvi (güclü) adlandırılan hədis növünə də rast gəlirik; onun bütün ravilərinin şiə məzhəbli rical alimləri tərəfindən etibarlı sayılması şərtdir. Hər təbəqədə yalnız iki ravinin rəvayət etdiyi hədisi əziz, bir ravinin rəvayət etdiyi hədisi müfrədi-mütləq, bir şəhərin əhalisi tərəfindən rəvayət edilmiş hədisi müfrədi-nisbi, çox tanınmış hədisi (hər təbəqədə bircə ravi tərəfindən rəvayət edilsə və hətta sənədi olmasa belə) məşhur, hər təbəqədə 2-dən çox ravi tərəfindən rəvayət edilən, amma mütəvatir həddinə çat¬mayan hədisi müstəfiz adlandırırlar.

  • Sosial şəbəkədə paylaş