Sizin reklam burada
Sizin reklam burada

Siffeyn savaşı

Siffeyn savaşıHicri təqvimlə səfər ayı İslam tarixində mühüm hadisələrdən sayılan Siffeyn savaşının ildönümü kimi qəbul edilir. Hicri təqvimlə 1403 il əvvəl Siffeyn savaşı məlum nəticə ilə başa çatmış və növbəti hadisələrə yol açılmışdı.

Bu savaşın əhəmiyyətini nəzərə alaraq, onun barəsində məlumat verməyi qərara aldıq.

Siffeyn döyüşü Həzrət Əli ibn Əbu Talibin (ə) tərəfdarları ilə Müaviyə ibn Əbu Süfyanın tərəfdarları arasında baş vermiş, on minlərlə müsəlmanın qətli ilə nəticələnmiş böyük bir savaş, hətta belə demək mümkünsə, müharibədir.

Həzrət Əli (ə) xəlifə seçildikdən sonra Müaviyə ona beyət etmədi. Xilafət torpaqlarının böyük əksəriyyəti İmama tabe idi, Müaviyənin əlində yalnız Şam vilayəti qalmışdı. Buna görə də Müaviyə Həzrət Əliyə (ə) qarşı açıq müxalifətdən çəkinirdi.

İmam qasid vasitəsilə Müaviyəyə xəbər göndərib onu qeydsiz-şərtsiz olaraq beyətə çağırdı, əks halda məsələnin müharibə yolu ilə həll ediləcəyini bildirdi. Müaviyə hiylə işlədib İmama cavab verməyi uzun müddət təxirə saldı. Bu müddət ərzində o, mahir siyasətçi kimi tanınan Əmr ibn Ası öz tərəfinə çəkdi, Misir valiliyini vəd etməklə, Əliyə (ə) qarşı mübarizədə onunla müttəfiq oldu. Əmrin məsləhətləri sayəsində o, Şam daxilindəki problemlərini həll etdi, hərbi və siyasi gücünü nizama saldı. Müaviyə xalq içində hörməti olan bəzi qəbilə başçılarını, qocaman səhabələri aldadıb özünə yaxınlaşdırdı. Bu adamlar Müaviyənin əmri ilə Şamı qarış-qarış gəzib camaatı Əli ibn Əbu Talibin (ə) əleyhinə qızışdırdılar. Onlar Osman ibn Affanı qətlə yetirmiş şəxslərin guya Əli (ə) tərəfindən gizlədildiyini söyləyirdilər. Şamlılar da bu yalana inanıb Əliyə (ə) qarşı mübarizədə Müaviyəni dəstəkləyəcəklərini bildirdilər. Qısa müddət ərzində Müaviyə bütün Şam əhalisindən beyət aldı. Öz qüvvəsinə arxayın olduqdan sonra isə İmam Əliyə (ə) cavab məktubu göndərib Osmanın qatillərini təhvil verməyincə ona beyət etmək fikrində olmadığını elan etdi.

Müaviyənin cavabı yubatmasının səbəblərindən biri də Cəməl savaşının nəticələrini gözləməsi idi. Cəməl savaşı İmam Əlinin (ə) parlaq qələbəsi ilə başa çatdıqdan sonra Müaviyə yalnız öz qüvvəsinə arxalanmalı olduğunu anladı və güc topladıqdan sonra öz məqsədini elan etdi.

İmam Əli (ə) xəlifə seçilən kimi dərhal Müaviyə ilə bağlı problemi həll etmək istəyirdi. Lakin Müaviyənin beyəti gecikdirməsi və Cəməl döyüşünün başlanması buna mane oldu. Cəməl döyüşündən dərhal sonra da Şam üzərinə yerimək planı baş tutmadı. Həzrət Əli (ə) Bəsrədən Kufəyə qayıtmağa və burada Müaviyənin cavabını gözləməyə məcbur oldu. Müaviyə cavabı yubandırdığı üçün İmam Əli (ə) hərbi əməliyyata başlamaq əmrini verə bilmirdi. Artıq təşəbbüs əldən verilmişdi. Müaviyə bütün gücünü toplamış və müharibəyə hazır vəziyyətə gəlmişdi.

Həzrət Əli (ə) Kufə və Bəsrə əhalisindən ibarət qoşun toplayıb onları Şam istiqamətində yolladı. Özü hicri 36-cı il şəvval ayının 5-də (miladi 657-ci il) ordunun əsas hissəsinin başında hərəkətə keçdi. Müaviyə də nəhəng Şam qoşununu hərəkətə gətirdi. Şərqi Suriyada, Fəratın sağ sahilində, indki Rəqqə şəhərindən şərqdə yerləşən Siffeyn məntəqəsində tərəflər düşərgə qurdu. Əvvəlcə Müaviyənin ordusu əlverişli mövqe tutmuşdu, Fərat çayı onların əlində idi. Müaviyə Fəratın sahilində güclü mühafizə dəstəsi yerləşdirməklə, qarşı tərəfin sudan istifadə etməsinə maneçilik törədirdi. İmamın əsgərləri susuzluqdan əziyyət çəkməyə başladılar. Belə bir şəraitdə İmam əvvəlcə Müaviyəyə xəbər göndərib su yolunu azad etməsini istədi. Müaviyə bu təklifə rədd cavabı verəndə həzrətin əmri ilə əsgərlər ildırım sürəti ilə həmlə edib çay kənarındakı düşmən gözətçilərini geri oturtdular. İndi vəziyyət əksinə dəyişmişdi. Fərat çayı haqq qoşununun əlində idi, Müaviyənin tərəfdarları isə susuz səhrada yerləşmişdilər. Lakin Əli (ə) alicənablıq göstərib düşmənin sudan istifadə etməsinə maneçilik törətmədi. Şam ordusunun da suya yaxınlaşmasına icazə verildi.

Bir neçə ay ərzində tərəflər arasında ciddi döyüş əməliyyatları baş vermədi. Ara-sıra xırda savaşlar qopur, sonra nisbi sakitlik yaranırdı. Müaviyə bu müddət ərzində də özünü hiyləgər siyasətçi kimi göstərdi. İmamın ordusu Fürat çayının sahilindəki çökəklik yerdə düşərgə salmışdı. Müaviyyə bu mövqeni ələ keçirmək üçün şayiə yaydı ki, Fəratın suyunu onların üzərinə yönəltmək fikrindədir. İmam Əli (ə) şayiədən xəbər tutanda bunun qeyri-mümkün olduğunu əsgərlərə başa saldı. Lakin döyüşçülər qorxu içində idilər. Onlar tələsik düşərgəni tərk edib yüksəklikdə mövqe tutdular. Həmin an Müaviyə öz ordusunu hərəkətə gətirib, keçmiş mövqeyi ələ keçirdi. Yalnız bu zaman İmamın əsgərləri aldandıqlarını başa düşdülər. Onlar bir daha hücum edib əvvəlki yerə qayıtdılar, Müaviyənin qoşunu yenə çay sahilindən uzaq düşdü.

Hicri 36-cı ilin zilhiccə ayında (mladi 657-ci ilin may-iyun ayları) hərbi əməliyyatlar qızışdı. İmamın göstərişi ilə Malik Əştər, Qeys ibn Səd, Hücr ibn Ədiyy, Əbu Əyyub Ənsari, Üveys Qərəni, Muhəmməd ibn Əbu Bəkr, Xüzeymə ibn Sabit Züş-şəhadəteyn kimi bacarıqlı sərkərdələr döyüş meydanına çıxdılar. Üstünlük İmamın tərəfinə keçmək üzrə idi. Hicri 37-ci ilin mühərrəm ayında (miladi 657-ci ilin iyun-iyul ayları) hər iki tərəf haram ayın hörməti xatirinə döyüşü dayandırdı, danışıqlar başlandı. Lakin sülh danışıqlarının heç bir faydası olmadı.

Mühərrəm ayı bitdikdən sonra müharibə alovu təzə bir qüvvə ilə alışdı. İmam Əli ibn Əbu Talib (ə) öz qoşununun düzülüşünü qaydaya saldı. Qoşunun sağ cinahında Yəmən əsilli qəbilələr, sol cinahında isə Rəbiə qəbiləsinin qolları yerləşdirildi. Kufə və Bəsrə qüvvələri mərkəzdə qərar tutdu. Cinahlardakı süvari döyüşçülərə Əşəs ibn Qeyslə Abdullah ibn Abbas, piyadalara isə Süleyman ibn Sürədlə Haris ibn Mürrə başçı seçildilər. Əmmar ibn Yasir bütün qoşunun süvari bölümünün, Abdullah ibn Bədil Xüzai isə piyadaların sərkərdəsi təyin edildi. Döyüş bayrağı Səd ibn Əbu Vəqqasın qardaşı oğlu Haşim ibn Ütbə ibn Əbu Vəqqasa verildi. Hər qəbilə üçün bayraq hazırlandı; bayraqların sayı 26-ya çatmışdı...

  • Sosial şəbəkədə paylaş