Sizin reklam burada
Sizin reklam burada

300.000 MANATLIQ QUYULAR NIYƏ SUSUZ QALIB?

300.000 MANATLIQ QUYULAR NIYƏ SUSUZ QALIB?«Dəryaz» qəzetinin redaksiyasına Ağdam rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun daşıdığı vəzifəsindən uzaqlaşdırılması ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda qeyd olunur ki, R.Məmmədov icra başçısı olarkən, Ağdam rayonu ərazisində bir neçə artezian quyusunun qazılmasına ehtiyac duyulub. Bu məqsədlə dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılıb. Guya ki, həmin vaxt «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri cənab Əhməd Əhmədzadə artezian quyularının qazılması işini rəhbərlik etdiyi qurumun vasitəsilə həyata keçirmək istəyib və buna görə də, R. Məmmədova 300 (üç yüz) min manat pul təklif edib. Qarşı tərəf də təklifdən imtina etmiş və həmin iş İcra Hakimiyyətinin xətti ilə həyata keçirilmişdir. Elə ki qazılmış quyuların təhvil verilməsi mərhələsi çatıb, o halda guya Əhmədzadənin vermiş olduğu tapşırıqlar səbəbindən, ASC-nin tabeçiliyində çalışan mütəxəssislər “Quyular lazımi tələblər əsasında qazılmayıb” deyərək, həmin quyuları qəbul etməkdən imtina etmişlər. Az sonra isə, ASC rəhbərliyi tərəfindən aidiyyəti qurumlara ünvanlanan rəsmi müraciət əsasında görülmüş işlərlə bağlı müəyyən araşdırmalar aparılmış və külli miqdarda mənimsəmə faktları da ortaya çıxarılmışdır. Məlumatda bildirlir ki, mənimsəmə faktları tam sübuta yetirildiyindən, məsələdən xəbərdar olan ölkə Prezidenti cənab İlham Əliyev sərəncam verərək Ağdam rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovu daşıdığı vəzifədən uzaqlaşdırmışdır. Mənbə onu da qeyd edir ki, belə mənimsəmələr təkcə Ağdamda deyil, digər rayonlarda da ASC rəhbərliyinin «izn-rüsxəti» ilə həyata keçirilir. Başqa sözlə, Ə.Əhmədzadənin suvarma təsərrüfatı ilə bağlı maliyyə tutumlu layihələri yerli icra hakimiyyətlərinin əlindən alması cəhdləri heç də onun işlərin keyfiyyəti ilə qayğılanmasıyla deyil, mənimsənilə bilən vəsaitin də öz nəzarətində olmasını təmin etmək istəyindən irəli gəlir. Bu istəyə qarşı çıxan rayon rəhbərlərinin aqibəti isə R.Məmmədovunku kimi olur. Məlumatla əlaqədar, material hazırlanmazdan əvvəl cənab Əhmədzadənin ünvanına rəsmi qaydada müraciət etmək qərarına gəldik. Məktubla yazıb ASC sədrindən xahiş etdik ki, bu yöndə redaksiyamıza daxil olan informasiyanın nə dərəcədə həqiqəti ifadə edib-etməməsinə öz münasibətini bildirsin. Məktubumuzu cavabı özünü çox ləngitdiyindən, həmin suallarla bağlı əvvəlcə Əhmədzadənin köməkçisi Cahan müəllimlə əlaqə saxladıq. Sədr müavini bildirdi ki, bu, onun səlahiyyətləri xaricindədir. Tövsiyə etdi ki, ASC-nin mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlayaq. Cəmiyyətin sözçüsü Dilqəm Şərifov isə əvvəlcə belə suallarla bağlı onu narahat etməməyi amiranə tərzdə «məsləhət» gördü..Sonra bizi «10 manatlıq jurnalistlər»lə müqayisə etdi. Biz ona ölkə başçısının jurnalistlərə, jurnalist peşəsinə verdiyi dəyəri xatırlatdıqda, ritorikasını dəyişdi və sualımızı ASC-nin e-mail adresinə göndərməyi xahiş etdi. Məktubun göndərilməsinin üstündən bir neçə gün keçməsinə baxmayaraq cavab almadıqda yenidən Dilqəm müəllimə zəng etdik. Dedi ki, rəhbərliyə məruzə edib, bildiriblər ki, bizim suallarımıza cavab verə bilməzlər. Tövsiyə edirlər ki, yazıb hüquq — mühafizə orqanlarına göndərək, araşdırılsın. Beləliklə, bizim araşdırdığımız məsələni təkzib etmək, həmin məsələdən doğan suala «yox» cavabı vermək ASC rəhbərliyinə çətin görünüb. Qanuna görə, məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məlumat məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşklatlardan çıxan sənədlərdə qeyd edilməklə, və s. üsullarla da yayıla bilər. Nəzərə alsaq ki, redaksiya müəssisədir, hüquq-mühafizə orqanı isə idarədir, onda belə çıxır ki, ASC rəhbərliyi bizə sözügedən məsələ ilə əlaqədar hüquq-mühafizə orqanına müraciət etməyi tövsiyə etməklə, məlumatın yayılmasını məqbul sayır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ