Sizin reklam burada
Sizin reklam burada

Bütün icra başçıları bir qadına qarşı: Qan çanağına çevrilən bazar-ARAŞDIRMA

Bütün icra başçıları bir qadına qarşı: Qan çanağına çevrilən bazar-ARAŞDIRMAQan çanağına çevrilən bazar 2-ci yazı jurnalist Cəmil Məmmədlinin Araşdırmasında

Nəcimə Qayıtmaz qızı Babayeva 1937-ci il 20 aprel günü Quba rayonunun Zizig kəndində anadan olub. 1956- cı ildə Quba Pedaqoji Texnikumunu bitirib, elə həmin ildə də, Lenin adına Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1961-ci ildə ali təhsilini başa vurub, Xaçmaz rayonu, Yergüc kənd məktəbinə təyinatını alıb.
1962-ci ildə öz həmyerlisi, tələbə yoldaşı Həbibov Hacıbaba ilə ailə həyatı qurur və bu nikahdan 5 övladı dünyaya gəlir.
Xaçmaz şəhər 3 və 1 saylı orta məktəblərində müəllimə işləyən Nəcimə xanım hələ gənclik illərindən, daha dəqiq desək, 36 yaşında, ürək xəstəliyi səbəbi ilə təhsil sahəsindən ayrılmağa məcbur olur.
1980-ci ildən isə “Çaparidze” adına sovxozun Fəhlə-Həmkarlar Komitəsinin sədri kimi çalışmağa başlayır.
1985-ci ilin dekabr ayından Xaçmazda yerləşən “Kolxoz Bazarı”nın direktoru təyin edilir.
Bütün baş verənləri nəzərdən keçirəndə məlum olur ki, adıçəkilən bazar bir növ əvvəldən Nəcimə xanımın “baş ağrısına” çevrilib. Onun bazara rəhbərlik etməsi, bütün illər ərzində rayona rəhbərlik etmiş şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Hətta Xalq Cəbhəsi hakimiyyətinin zamanında, cəmisi bir il icra başçısı işləyən Müqəddəs Mehdiyev də Nəcimə xanımı bu bazardan uzaqlaşdırmaq üçün əlindən gələni etməyə çalışır. Gündə bir bəhanə ilə yoxlamalar göndərən M.Mehdiyev sonradan Nəcimə xanımı şantaj edərək, öz ərizəsi ilə işdən azad olunmasına nail olur.
Bir müddət keçdikdən sonra Nəcimə xanım məhkəməyə müraciət edərək, hüquqlarını bərpa edilməsinə, işə qaytarılmasına nail ola bilir. Müqəddəs Mehdiyev və onun əlaltılarının “bazar davası” isə bitmir. Hər gün müxtəlif üsullarla bazara hücum çəkən bir çox imkanlı şəxslər Müqəddəs Mehdiyevin icra başçısı vəzifəsi üçün təsadüfi insan olmasından yararlanaraq, onun səriştəsizliyindən, savadsızlığından faydalanırlar. Zamanının bir çox imkanlı şəxslərinin əlində oyuncaq kimi qalan Müqəddəs Mehdiyev, Heydər Əliyevin 20 avqust, 1993-cü il, 724 saylı fərmanı ilə vəzifəsindən azad olunduğu üçün niyyətinə çata bilmir. Həmin illərdə də Nəcimə Babayeva rayon icra hakimiyyəti tərəfindən müxtəlif mənəvi-psixoloji təzyiqlərə məruz qalır.
Maraqlıdır ki, məhz bu illərdən başlayaraq, rayona rəhbər təyin olunan bütün şəxslər sanki “dövlət, vətən borcu” kimi ilk mübarizələrini məhz adıçəkilən bazardan başlayıblar. Bütün bu yaşananların fonunda Nəcimə xanım 2000-ci illərdə bazarı əvvəlcə kollektiv şəklində, bir il sonra, 2001-ci ildə isə digər pay sahiblərinin razılığı ilə öz adına özəlləşdirərək, mülkiyyətçi hüququnu təsdiq edən çıxarış alır.
O zamanlarda Heydər Əliyevin həyata keçirdiyi “Özəlləşdirmə proqramına” görə, hər bir müəssisə əvvəlcə öz rəhbərinə təklif olunmalı, əgər təşkilatın rəhbəri imtina edərdisə, başqasına təklif olunmalı idi. Buna görə də müəssisə Nəcimə xanıma təklif olunur. 2001-ci ildən Nəcimə Babayevanın şəxsi mülkiyyəti sayılan bu bazar uğrunda ağır mübarizə isə 2002-ci ilin may ayından qızışır.
2002-ci il mayın 2-də, Heydər Əliyevin 908 saylı sərəncamı ilə Xaçmaz rayonuna icra başçısı təyin olunan Əbülfəz Hüseynovun da ilk işi bazarı Nəcimə Babayevanın əlindən almaq üçün savaşmaq olur.
O dövrün 2-ci özəlləşdirmə proqramına əsasən, hər hansı bir müəssisəni özəlləşdirərkən, vətəndaş yerin üstündəki daşınmaz əmlakları özününkiləşdirə bilsə də, ərazinin torpağını almırdı. Çünki, torpağın üstündəki daşınmaz əmlaklar kimə məxsus idisə, həmin torpaqdan istifadə hüququ da, təbii ki, həmin şəxsə avtomatik verilirdi. Başqa sözlə desək, torpaq özü dövlət torpağı, üstündəki tikililər isə vətəndaşın mülkiyyəti sayılsa da, əslində torpağın idarəşiliyində bütün qərarları tikililəri özəlləşdirən şəxs qəbul edirdi. Bazarın uğrundakı savaşın da əsl səbəbi və predmeti məhz bu torpağın kim tərəfindən idarə olunacağı, kimin hökmü altında olmasıdır. Bütün icra hakimiyyəti başçıları, bazarın yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olmasını bəhanə edərək, ərazini mənimsəməyə çalışıblar. Təkcə ona nəzər salsaq ki, adıçəkilən bazar rəsmən kimin idarəçiliyində olubsa, həmin adam çox yaşamayıb, bir çox məsələlərə aydınlıq gəlir.
Bəli, bəli, pafossuz, heç bir şeyi şişirtmədən, ortada olan reallıq məhz budur ki, bazarın rəsmi sahibi olan şəxslər artıq bu gün həyatda yoxdurlar. Hazırda həyatda olan rəsmi mülkiyyətçi Gülnarə Həbibova isə 9 ildən çoxdur ki, yaşamaq uğrunda müxtəlif vəzifələr şəxslərlə təkbaşına mübarizə aparır.
Təsəvvür edin, bir ailə, ölkənin mövcud qanunvericiliklərinin yaratdığı şəraitdən yararlanaraq, hər bir şeyini sataraq, özləri üçün bircə ticarət ocağı yaradır və bununla da sanki, öz başlarına böyük bir bəla açmış olurlar.
Onu da qeyd edək ki, Nəcimə xanımın bu bazarı özəlləşdirməsi prosesi də olduqca əziyyətli bir mərhələ keçib. Qanunvericiliyə zərgər dəqiqliyi ilə əməl edərək, sənədlərini tam qaydasında tərtib edən xanım sonradan bütün vəzifəli şəxslərlə üz-üzə gələndə, hər kəs əvvəlcə bu sənədlərdə bir nöqsan tapmağa, hər bir kələklə bazarı mənimsəməyə çalışsa da, nəticədə məğlub olub. Bütün bunları isə ətraflı nəzərinizə çatrıcağımıza görə, indi keçək əsas detallara…
Özəlləşdirmə zamanı torpaqın qiyməti olduqca baha olduğuna görə, Nəcibə xanım onu özəlləşdirməkdənsə, icarəyə götürməyə üstünlük verir. Bu amil isə sonradan bütün bir ailənin faciəsinə çevrilir.
Əbülfəz Hüseynovun rəhbərliyi zamanı, sabiq Xaçmaz Torpaq Komitəsinin müdiri Adıgözəl Tağıyevin məsləhəti ilə, icra başçısı Nəcimə xanıma qarşı savaş açır. Bütün dövlət tədbirlərində Xaçmaz rayon icra hakimiyyəti başçısnın birinci müavini, YAP-ın Xaçmaz Rayon Təşkilatının sədri Nazim Ağayev, tədbirə dəvət belə olunmayan Nəcimə xanımın ünvanına tənqidlər yağdırır. Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının qurucularından olan bu şairə xanımın məhz partiya sədri tərəfindən odlu-alovlu tənqid atəşinə tutulması isə təsadüfi deyildi. Məqsədli şəkildə bütün kütləvi dövlət tədbirlərində aşağılanan Nəcimə Babayevaya qarşı “tədbirlər planı” heç də bununla bitmir. Nazim Ağayev bütün çıxışlarında bazardakı vəziyyətin dözülməz (?) olduğunu, bunun qarşısının alınmasının vacib olduğunu tribunalardan hayqırır. Hətta sabiq nazir Fərhad Əliyevə də rəsmən müracitə edərək, özəlləşmənin ləğvini tələb edirlər.
Hətta vəziyyət o yerə çatır ki, bir neçə öyrədilmiş adamın adından yuxarı instansiyalara məktublar təşkil olunur, Nəcimə xanımdan müxtəlif səpkili şikayətlər yazılır. Paralel olaraq, “Kolxoz bazarı”nın yanında, Xaçmazlı iş adamı Aydın Əsgərbəyli “Bazar düzü” adlanan yeni bir Ticarət Mərkəzi tikir. Daha doğrusu, əhali tərəfindən “Köhnə Avtobaza” kimi tanınan bu ərazi özəlləşdirilərək, yeni bir ticarət obyekti kimi fəaliyyətə başlayır. İnsafən onu da qeyd edək ki, Aydın Əsgərbəyli ilə Nəcimə xanımın münasibətləri yalnız biznes sahəsindəki adi rəqabətdən ibarət olub. Digər düşmənçilik aparan vəzifəli və imkanlı şəxslərdən fərqli olaraq, Aydın Əsgərbəyli bu ailə ilə olan münasibətlərini həmişə mədəni, sağlam müstəvidə qurub.
Rayon rəhbərliyi isə bu rəqabətdən hiyləgərcəsinə istifadə edib, əhalini Nəcimə xanımın rəhbərlik etdiyi “Kolxoz Bazarı”ndan digər ticarət mərkəzinə köçürülməsi üçün müxtəlif fırıldaqlar işlətsə də, nəticə olmayıb. Yerli əhali müəyyən obyektiv və subyektiv səbəblərdən yenə də “Kolxoz Bazarı”na üstünlük verir.
(ardı var…)

P.S. Ömrünü rayon rəhbər və vəzifəli şəxsləri ilə məhkəmələrdə, mübahisələrdə keçirən Nəcibə xanım, günlərin birində, 15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən, xüsusi amasızlıqla, vəhşicəsinə qətlə yetirilir. Əvvəlcə Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, bizə məlum olan səbəblərdən, iş üzrə istintaqın davam etdirilməsi, 20 sentyabr 2010-cu il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılır.
2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva, xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edir. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlir, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan, heç kəsi çağırmadan, evə daxil olur və bu zaman 1-ci mərtəbədə, mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçır. Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görür.
Məhkəmə tibb ekspertizası, mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir.
Qatil və qatillər, sifarişçilər isə bu günə qədər “heç kəsə məlum deyil”…(REPORTYOR.info)
Bütün icra başçıları bir qadına qarşı: Qan çanağına çevrilən bazar-ARAŞDIRMA
Bütün icra başçıları bir qadına qarşı: Qan çanağına çevrilən bazar-ARAŞDIRMA
Bütün icra başçıları bir qadına qarşı: Qan çanağına çevrilən bazar-ARAŞDIRMA
Conflict.az

  • Sosial şəbəkədə paylaş