Sizin reklam burada
Sizin reklam burada

"Bu, iqtisadi sistemin zəifliklərindən irəli gəlir"

"Bu, iqtisadi sistemin zəifliklərindən irəli gəlir"
Ölkə üzrə illik inflyasiya göstəricisi açıqlanıb. Fevral ayı üzrə bu rəqəm 3,7 faiz olub. Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi ilə bağlı açıqladığı göstəricilərdə illik diapozonda ərzaq məhsullarının qiymətində 4,9 faizlik bahalaşma olduğu bildirilib. Aylıq göstəricilərə nəzər salsaq, görərik ki, istehlak məhsullarının dəyəri ötən ilin dekabrında 0,8 faiz, bu ilin yanvarında 1,2 faiz, fevralda isə 1, 6 faiz artıb. Fevral ayı ərzində orta aylıq əməkhaqqı 3 faiz azalaraq 690 manat təşkil edib.

Məlum məsələdir ki, yanvar ayında ölkədə Aİ-92 markalı benzin və dizelin, eləcə də suyun qiymətində bahalaşma baş verib. Bu qərarların zəncirvari təsirləri də olub. Rəsmi təbliğatda qiymət artımlarının süni olduğu fikri tez-tez vurğulanır. Bununla əslində vəziyyətə görə birbaşa məsuliyyət daşıyan hökumət məsuliyyətdən yayındırılır.

Görəsən, son qiymət artımları da sünidirmi və bu artımların qarşısını necə almaq olar?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında pandemiyanın bütün dünya ölkələrinin iqtisadiyyatına təsir etdiyini söylədi:

“Dünyada elə bir ölkə yoxdur ki, pandemiya həmin ölkəyə təsir etməsin. İki maqroiqtisadi göstərici var: inflyasiya və işsizlik. Bunlar isə bir-biri ilə bağlıdır. İnflyasiya ilə mübarizə aparanda işsizlik artır, işsizliyi aradan qaldırmağa çalışanda inflyasiyaya təsir edir. Bu, iqtisadi nəzəriyyənin qanunlarıdır. Biz dünya iqtisadi sisteminə inteqrasiya olunuruq və dünyada gedən proseslər bizə də təsir edir. Dünyada qida və kənd təsərrüfatı ilə məşğul olan FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) var. Onun göstəricilərinə nəzərən deyə bilərəm ki, 2011-ci ildən bu ilə qədər mütəmadi olaraq dünyada qida məhsullarının qiyməti qalxır. Ümumi qiymət artımı 1 faizə yaxındır. Amma ayrı-ayrılıqda (süd, pendir, yağ) götürdükdə, artımın bir faizdən də çox olduğunu görürük. Bəzi məhsullarda isə artım 0,8 faiz göstərilir”.

Deputat qeyd etdi ki, Prezidentin də dediyi kimi, Azərbaycanda qida təhlükəsizliyi təmin olunmalıdır:

“Buna görə də idxalın əvəzləşməsi modelini tətbiq edirik. Azərbaycanda kənd təssürraftı məhsullarının 80-85 faizini ölkəmizin özü də istehsal edə bilər. Bu, mümkündür. Kənd təsərrüfatında keçən il iki faiz artım oldu. Pandemiya vaxtında iki faiz artımın olması normaldır. Dövlətin göstərdiyi qayğılar – subsidiyalar, köməklər, xırda təsərrüfatlar üçün on beş minlik kreditlər və sair, bunların hamısı öz effektini daha çox göstərməlidir. Onu da qeyd edim ki, yalnız subsidiyalara diqqət ayırıb, onun kənd təsərrüfatının inkişafına daimi təsirini gözləmək də düzgün deyil. Bu subsidiyalar müəyyən müddət ərzində öz nəticəsini göstərəcək. Amma bir müddət sonra subsidiyalara sərf olunan pulların bir hissəsi texnoloji yenilənmələrə getməlidir. Dünyada kənd təsərrüfatı və qida məhsulları istehsalında texnoloji və digər böyük dəyişikliklər olub. Bu dəyişiklikləri bizdə də tətbiq etmək lazımdır”.

Quliyevin sözlərinə görə, Azərbaycandakı vəziyyətə pandemiya ilə yanaşı, yanacağın, suyun bahalaşması kimi amillər də qismən təsir edir:

“Lakin bu, o demək deyil ki, dövlət öz monitorinq işini həyata keçirmir. Dövlət süni qiymət artımı yaradan işbazların qarşısını almağa çalışır. Bayramqabağı qiymət artımı tək Azərbaycanda deyil, bir çox ölkələrdə gözə çarpır. Müəyyən qida məhsullarındakı qiymətlərin bayramdan sonra enəcəyi gözlənilir. Burada tələb və təklif də az rol oynamır”.

Deputatın fikrincə, məhsulların qiymətindəki artımı bolluq aradan qaldıra bilər:

“Əgər biz bolluğu təmin edə bilsək, o zaman rəqabət qaununu tam işləyəcək. Və bunun nəticəsində qiymətlər stabilləşib, hətta aşağı düşəcək. Azərbaycanda sahibkarlıq fəaliyyəti geniş vüsət alıb. Amma effektivliyi bir o qədər yüksək deyil. Kənd təsərrüfatı ilə məşğul olanlar hektardan on ton məhsul almasın, yeni sortlar gətirib, otuz ton alsınlar. Çıxış yolu budur. Düşünürəm ki, bu zaman regionlarda yeni emal müəssisələri yaranacaq. Bu, həm işsizlik məsələsinə kömək olacaq, həm də Azərbaycanda istehsal olunan malların sayı, çeşidi artacaq və rəqabət qanunu işləyib, onun qiymətini aşağı salacaq, inflyasiyanın qarşısını bu formada ala biləcəyik”.

Azərbaycan İqtisad Universitetinin professoru Elşad Məmmədov ölkədə mövcud olan qiymət artımı ilə bağlı preventiv tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac olduğunu vurğuladı:

“Qiymətlər bir sıra amillərlə bağlı artmaqdadır. Birincisi, ölkədə idxalın xüsusi çəkisinin istehlak bazarında çox yüksək olması ilə bağlıdır. Hazırda dünyada dolların devalvasiyası, inflyasiyası baş verir. Kəskin şəkildə dollar kütləsinin artımı və dollar kütləsinin real iqtisadiyyatdan tam şəkildə aralanması və maliyyə köpüklərinə istiqamətlənməsi dünya iqtisadiyyatında ciddi problemlərə səbəb olur. Əmtəə bazarı və real sektorla maliyyə bazarı arasında mütənasiblik yoxdur. Dollar kütləsinin 80 faizi real sektora getmir, maliyyə köpüklərinə istiqamətlənir və ona görə də bütün dünya üzrə dollarla həyata keçirilən ticarətdə qiymətlər kəskin şəkildə artmaqdadır. Bütün bunlara əsasən görürük ki, dünyada dollarla ifadə olunan qiymətlər artır, Azərbaycanın isə idxaldan kritik şəkildə aslılığı ona səbəb olur ki, idxal olunan məhsulların dollar ifadəsində qiyməti artır və ölkəyə gələndə də həmin məhsulların qiymət artımı labüd olur”.

İqtisadçının sözlərinə görə, digər tərəfdən, yerli istehsalın aşağı səviyyədə olması bir sıra parametrlər üzrə kifayət qədər ciddi problemlər yaradır:

“Belə ki, maliyyə-kredit resurslarının baha olması səbəbindən real istehsal lazımi səviyyədə qurulmur. Lazımi həcmdə və keyfiyyətdə məhsul və xidmətlərin yerli iqtisadiyyat tərəfindən istehsal olunmaması qiymət artımına səbəb olur. Digər bir amil isə budur ki, ilin əvvəlindən başlayaraq təbii inhisar subyektləri tariflərinin (su, yanacaq) artımı da istehlak bazarına təsirsiz ötüşmür”.

E.Məmmədov ticarət şəbəkələrindəki inhisarçılığın qarşısının mütləq şəkildə alınmalı olduğunu söylədi:

“Məsələn, istehsalçı məhsulunu 1 AZN-ə yerindən vasitəçiyə satır, vasitəçi inhisarçı ticarət şəbəkəsi isə sonda istehlak bazarında pərakəndə satışda həmin məhsulu 4-5 AZN-ə yüksəldir. Bu, iqtisadi sistemin zəifliklərindən irəli gəlir. Burada uduzan tərəf bir tərəfdən istehlakçı, alıcı, digər tərəfdən isə dövlət olur. Udan tərəf isə ticarət şəbəkəsindəki inhisarçılardır. Bu da bütövlükdə iqtisadi qeyri-tarazlıqların dərinləşməsinə səbəb olur. Ona görə bu istiqamətlər üzrə ciddi tədbirlərin reallaşdırılmasına ehtiyac var ki, biz yalnız bu halda qiymət artımının qarşısını ala bilərik”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ