“Müxalifətin seçkilərdə qalib gəlmək şansı var idi”.
Bunu gürcü politoloq Tornike Şaraşenidze deyib.
“Dünən axşam Tiflisdə keçirilən mitinqdə heç bir tələbə görmədim. Bu çox vacibdir. Çünki xarici agentlər haqqında qanuna qarşı etirazlar zamanı mitinqlərə lazımi enerji verən çoxlu tələbələr var idi. Dünən insanlar kifayət qədər sürətlə dağıldı və mitinqdə maksimum 15 min insan var idi. Bunu orada olan siyasətçilər, o cümlədən Gürcüstan prezidenti də hiss edirdi. Əgər xalqı yenidən mitinqə çağırsalar, bundan sonra nə olacağı maraq doğurur. Eyni zamanda müxalifət seçkilərin saxtalaşdırıldığını bildirsə də, indiyədək sübut təqdim edə bilməyib. Onlar deyirlər ki, hakimiyyət manipulyasiya edib. Halbuki seçkilərdən əvvəl bütün müxalifət liderləri, o cümlədən Gürcüstan prezidenti elektronik cihazlarla seçkiləri saxtalaşdırmağın mümkün olmadığını iddia edirdilər”.
Politoloq əlavə edib ki, müxalifət bu seçkini Avropa ilə Rusiya arasında seçim kimi təqdim etməyə çalışırdı:
“Amma məlum oldu ki, bir çox vətəndaş Rusiyadan qorxur. Dövlət işçiləri və Rusiya ilə yeni müharibədən qorxan insanlar hakimiyyətə səs verdilər. Çünki 2008-ci il müharibəsinin xatirələri gürcülərin yaddaşında hələ də qalıb. Mühüm amil həm də müxalifətin öz elektoratını tam şəkildə səfərbər edə bilməməsidir. Nə iqtidar, nə də müxalifət onları razı saldığı üçün çoxları evdən bayıra çıxmadılar. Əgər müxalifət öz elektoratını səfərbər edə bilsəydi, qalib gələcəkdi. Saakaşvili Gürcüstanı indiki normal, güclü dövlətə çevirdi. İndi də Saakaşvilinin partiyası yeni inqilab istəyirsə, onun miras qoyduğu Gürcüstanla məşğul olmalıdır”, – Şaraşenidze yekunlaşdırıb.
Conflict.az