Sizin reklam burada
Sizin reklam burada

"Siyasi qütbləşmə ciddi narahatlıq doğurur"

"Siyasi qütbləşmə ciddi narahatlıq doğurur"
"Güclü Ermənistanım" və "Hayastan" müxalifət fraksiyalarının deputatları yeni çağırış parlamentin ilk iclasından sonra bütün ermənilərin katolikosu II Qareginlə onun Üçkilsədəki iqamətgahında görüşüblər.
Avqustun 2-də müstəqil Ermənistan tarixində ilk dəfə olaraq parlamentin ilk iclası katolikosun xeyir-duası olmadan keçirilib. İclasa sədrlik edən milliyətcə yezidi kürd Knyaz Həsənov müxalifətin iradlarına cavab olaraq bildirib ki, II Qareginin parlamentdə iştirakına heç kim mane olmayıb. Öz növbəsində müxalifət nümayəndələri iddia ediblər ki, qanunverici orqanın yeni sədri Ruben Rubinyan katolikos II Qareginin xidməti avtomobilinin parlamentin ərazisinə daxil olmasını məhdudlaşdırıb.
Yeni seçilmiş deputatlar adından katolikosu fraksiya rəhbərləri Narek Karapetyan və Anna Qriqoryan salamlayıblar.
II Qaregin deputatlara xeyir-duasını çatdıraraq bildirib ki, məlum səbəblərdən müəyyən olunmuş qaydaya və formalaşmış ənənəyə uyğun şəkildə parlamentin ilk iclasında iştirak etmək, müqəddəs Eçmiədzinin xeyir-duasını və patriarx müraciətini deputatlara çatdırmaq imkanı olmayıb.
Katolikos ölkədə və milli həyatda yaranmış narahatedici vəziyyət, eləcə də mövcud ağır problemlər barədə də danışıb.
"Ölkədaxili həmrəyliyin pozulması, cəmiyyətdə parçalanma və siyasi qütbləşmə, milli dəyərlərin təhrif olunması, həmçinin Erməni Kilsəsinə qarşı qanunsuz və konstitusiyaya zidd addımlar ciddi narahatlıq doğurur. Bu cür hallar milli birliyin əsaslarını sarsıdır, Ermənistan–diaspor münasibətlərinə zərbə vurur", – deyə II Qaregin bildirib.
Ermənistan parlamentinin reqlamenti" haqqında konstitusiya qanununun 33-cü maddəsinə əsasən, ilk iclasda salamlama nitqi ilə çıxış etmək hüququna prezident və bütün ermənilərin katolikosu malikdir. Ermənistan tarixində ilk dəfədir ki, yeni çağırış parlamentin ilk iclasına katolikos dəvət edilməyib.
Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər baş nazir Nikol Paşinyanın din xadimlərini tənqid edən bəyanatlarından və katolikosun seçilməsi qaydasının dəyişdirilməsi təşəbbüsündən sonra kəskin şəkildə gərginləşib. Bu fonda üç yeparxiyanın rəhbəri – arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapahyan, yepiskop Mkrtıç Proşyan, həmçinin Üçkilsə dəftərxanasının rəhbəri Arşak Xaçatryan həbs olunublar.
Münaqişənin yeni mərhələsi 2025-ci ilin noyabr ayının sonunda başlayıb. Həmin vaxt Erməni Apostol Kilsəsinin bir qrup yüksək rütbəli din xadimi II Qaregini könüllü şəkildə taxtdan imtina etməyə çağırmışdı. 2026-cı ilin yanvarında isə baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinin "islahat üzrə yol xəritəsi" adlandırılan sənədi 10 yepiskopla birlikdə imzalayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş