
Mayın 15-də London birjasında Gürcüstanın iki ən böyük bankı olan “Bank of Georgia” və “TBS bank” qrupunun səhmlərinin qiyməti kəskin ucuzlaşıb. Bu, xalq kütlələrinin kəskin etirazına rəğmən hökumətin xarici agentlər haqda qanunu qəbul etməsindən sonra ölkədə yaranmış siyasi böhranla bağlıdır.
Bu barədə “Kavkazskiy uzel” nəşri yazır.
Cəmi bir gündə “Bank of Georgia” səhmlərinin qiyməti 20%, ayın əvvəlindən isə 26%-dən çox ucuzlaşıb. Forbes.ge portalı yazır ki, “TBS” bank qrupunun səhmləri bir gündə 15%, ayın əvvəlindən isə 25% ucuzlaşıb.
Beynəlxalq Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şengeliyanın sözlərinə görə, səhmlərin qiymətinin aşağı düşməsi Gürcüstan hakimiyyətinin Qərbdən tənqid edilməsi ilə bağlıdır.
“Bu qiymət siyasi amillərə görə formalaşıb; aydındır ki, Gürcüstan Qərbin tənqidləri ilə əhatə olunduqdan sonra, investorlar faktiki olaraq Gürcüstanın qiymətli kağızlarından çıxmaq qərarına gəliblər”, - deyə ekspert mayın 19-da jurnalistlərə bildirib.
N.Şengeliya larinin ucuzlaşmasına da diqqət çəkib.
“Lari də sürətlə düşməsi ilə təəccübləndirdi, lakin biz qısa müddətdə onun korreksiyasını gözləyirik. Əgər siyasi vəziyyət sabitləşməsə və xarici agentlər haqqında qanuna düzəlişlər edilməsə, onda əminəm ki, dollara nisbətdə məzənnə 3,5 laridən çox olacaq”, -deyə o, vurğulayıb.
Mayın 18-nə larinin dollara məzənnəsi 3,0129 idisə, mayın 14-də bir dollar üçün 2,5458 lari olub. Gürcüstan Milli Bankının məlumatına görə, mayın 20-də dolların məzənnəsi 2,7585 səviyyəsinə düşüb.
Gürcüstan Milli Bankının keçmiş direktoru, Avrooptimistlər qrupundan olan parlament üzvü Roman Qotseridzenin sözlərinə görə, xarici agentlər haqqında qanun “Gürcüstanın uzunmüddətli perspektivlərinə xələl gətirir”.
"Gürcüstanın iki ən böyük bankının səhmlərinin kəskin ucuzlaşması hədsiz panika ilə müşayiət olundu. Bir saat ərzində messencerdə 100-ə yaxın mesaj aldım. İnsanlar “banklarda pul itirəcəklərmi”, “əmanətlərini geri götürməlidirlərmi” deyə düşünürdülər.
Düzdü, bu banklar təhdid altında deyil, çünki onlar güclü və yaxşı kapitallaşdırılmış banklardır. Amma, təəssüf ki, səhmlərin kəskin ucuzlaşması ilk növbədə bankın səhmdarlarına ziyan vurur. Əmanətçilər isə nə qısa, nə də ortamüddətli perspektivdə təhlükə altında deyillər.
Xarici agentlər haqqında qanunun siyasi və iqtisadi nəticələrinə gəlincə, onlar çox ağır olacaq, lakin indiki mərhələdə əmanətçilərə birbaşa təsir etməyəcək. Bundan əlavə, ola bilsin ki, hakimiyyət sanksiyalardan və etirazlardan qorxaraq prezidentin vetosunu belə, aşmasın”, - deyə gürcü deputat diqqətə çatdırıb.
Conflict.az