
Dövlətlər modernləşməyə davam etdikcə dünya dövlətlərinin nüvə arsenalları artacaq.
Belə bir proqnoz Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2022-ci il üçün yeni illik məcmuəsində verilib. Nəşrdə dünyada silahlanma, tərksilah və beynəlxalq təhlükəsizliyin hazırkı vəziyyəti ilə bağlı məlumatlar dərc edilir.
Yeni araşdırmada gəlinən əsas nəticə odur ki, 2021-ci ildə nüvə başlıqlarının sayında cüzi azalmaya baxmayaraq növbəti onillikdə nüvə arsenallarının artacağı gözlənilir.
Doqquz nüvə dövləti - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya öz nüvə arsenallarını modernləşdirməyə davam edir. Nüvə silahlarının ümumi sayının 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər bir qədər azalmasına baxmayaraq, bu rəqəmin növbəti onillikdə artması ehtimal edilir.
SIPRI-da Kütləvi qırğın silahları proqramının baş elmi işçisi və Amerika Alimləri Federasiyasında nüvə informasiya layihəsinin direktoru Hans M. Kristensen yazır: "Soyuq müharibə bitdiyi andan qlobal nüvə arsenallarını xarakterizə edən ixtisarların başa çatdığına dair aydın əlamətlər var".
“Bütün nüvə dövlətləri öz arsenallarını artırır və ya modernləşdirir, onların əksəriyyəti nüvə ritorikasını və nüvə silahlarının hərbi strategiyalarında rolunu sərtləşdirir”- deyə SIPRI-nın kütləvi qırğın silahları proqramının direktoru Vilfred Van bildirib. O, bunu çox həyəcanlı tendensiya adlandırıb.
Rusiya və ABŞ birlikdə dünyada mövcud olan bütün nüvə silahlarının 90 faizindən çoxuna sahibdirlər. Qalan yeddi nüvə dövləti yeni silah sistemlərini ya hazırlayır, yerləşdirir, ya da bunu etmək niyyətini açıqlayıb.
Conflict.az
