Sizin reklam burada
Sizin reklam burada

"Rus iş adamları gedəcək yerləri olmadığı üçün Rusiyaya qayıtmalı olurlar”

"Rus iş adamları gedəcək yerləri olmadığı üçün Rusiyaya qayıtmalı olurlar”
ABŞ və Avropa dövlətləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya işğalçı hücum əmrindən sonra onunla əlaqəli olduğu iddia edilən bir çox rus milyarderinin aktivlərini dondurub. Sözügedən iş adamlarının bank hesablarına girişi əngəllənib, daşınmaz əmlakları, meqa yaxtaları və lüks avtomobilləri də müsadirə edilib.
Sanksiyaların hədəflərindən biri də Rusiyanın investisiya nəhəngi “Alfa Group”un qurucularından olan Mixail Fridmandır.
“Forbes”in məlumatına görə, Fridmanın sərvəti 12.3 milyard dollardır. 2015-ci ildən Londonda yaşayan məşhur iş adamının hazırda bu böyük sərvətə çıxışı yoxdur.
Son hadisələrlə bağlı İspaniyanın “El Pais” qəzetinə danışan 57 yaşlı məşhur iş adamı Qərbin rus sahibkarlara qarşı sanksiyalarının Ukraynaya müdaxiləyə cavab olduğuna şübhə etdiyini bildirib. Populizmin insanlar üçün cazibədar olduğunu deyən Fridman qeyd edib: “Praktik olaraq baxanda bu sanksiyaların təsirli olmadığını düşünürəm. Rus iş adamları gedəcək yerləri olmadığı üçün Rusiyaya qayıtmalı olurlar”.
Fridman bildirir ki, yemək almaq və taksiyə minmək üçün pul lazım olur, buna görə də İngiltərənin aidiyyəti qurumları bunu nəzərə alaraq öz hesabından pul çıxara bilməsi üçün icazə verməlidirlər:
“Təbii ki, Londonda yaşamağın qiymətinə nəzər saldıqda, bu məbləğin normal həyat sürmək üçün kifayət edəcəyini deyə bilmərəm. Heç kimi yeməyə dəvət edə bilmirəm. Evdə yemək yeməliyəm. Amma mən əslində ev həbsindəyəm”.
Fridman İngiltərədəki evini saxlayıb-saxlaya bilməyəcəyini hələlik bilmir.
O, oliqarxların Putini Ukraynada baş verənləri dayandırmağa məcbur edə biləcəyini düşünməyin axmaqlıq olduğunu deyib: “Maraqlı və ağıllı sahibkarları Rusiyaya qayıtmağa məcbur etmək Qərb üçün yaxşı olmayacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş