Sizin reklam burada
Sizin reklam burada

"Reklam imkanı olmayan sosial xəbərləşmə proqramı ona görə dəyərlidir ki, məlumatlarımıza sahibdir"

"Reklam imkanı olmayan sosial xəbərləşmə proqramı ona görə dəyərlidir ki, məlumatlarımıza sahibdir"
Digital sahədə bizə hər hansı xidmət pulsuz göstərilirsə, o zaman həmin xidmətdə ticarət predmeti özümüz, bizim məlumatlarımız olur.
Pandemiya tədbirləri digital sahədə fəaliyyət göstərən qlobal şirkətlərin daha da böyüməsinə və güclənməsinə səbəb oldu. Artıq dünyada söz sahibi olan şirkətlər ənənəvi qlobal şirkətlər deyil, digital sahədə böyüyərək, insanların məlumatlarına sahib olan iri şirkətlərdir ki, onlar da fəaliyyət sahələrində monopoliya yaradaraq öz maraqlarını diktə etməkdədirlər. Artıq bir neçə gündür ki, ABŞ prezidenti kimi bir postu təmsil edən şəxsin heç bir online məkanda öz fikrini bildirməyə imkanı yoxdur. Hazırda ciddi diskussiyaya səbəb olan WhatsAppın yeni dəyişikliyi və istifadəçilər qarşısında konkret şərt qoyması da bunu bir daha sübut edir. WhatsApp 2014-cü ildə Facebook tərəfindən 19 milyard ABŞ dollarına satın alınmışdır. Heç bir reklam imkanı olmayan bir sosial xəbərləşmə proqramı ona görə bu qədər dəyərlidir ki, məhz bizim məlumatlarımıza sahibdir. 30 iyul 2020-ci ildə Google, Amazon, Apple şirkətlərinin sahibləri ilə yanaşı Facebookun sahibi Zuckerberg də ABŞ Konqresində sorğuya çəkilmişdir. Facebooka qarşı irəli sürülən əsas ittiham onun öz sahəsində xeyli böyüməsi, rəqabət qaydalarını pozaraq monopoliya yaratması idi. Çünki Facebook bu sahədə inkişaf etməkdə olan şirkətləri satın almaqla rəqiblərini bazardan uzaqlaşdırmaqdadır. Buna misal olaraq WhatsApp və İnstagramın Facebook tərəfindən satın alınmasını göstərmək olar ki, hər biri ayrı-ayrılıqda ona qarşı ciddi bir rəqibə çevriləcək potansialda şirkətlər idi. Bu tip qlobal şirkətlərin güclənərək öz sahələrində rəqibsiz fəaliyyəti və öz maraqlarını istifadəçilərinə diktə etdirməsi əlbəttə dünya üzrə bir “digital diktatura”nın meydana çıxmaqda olmasının xəbərçisidir.
WhatsAppın öz istifadəçilərinə yeni məlum dəyişikliyi diktə etməsi də əslində belə bir gücün artıq formalaşdığını göstərir. Bu dəyişiklikdən sonra insanlar şəxsi məlumatlarının mühafizəsi, bu xidmətdən istifadə edib-etməmələri məsələlərinə yenidən baxmalıdırlar. Çünki bu şərtləri qəbul edərək WhatsAppdan istifadə etməyə davam edəcəyiksə, bununla da WhatsAppda olan şəxsi məlumatlarımızın Facebooka, həmçinin Facebook qrupuna aid digər şirkətlərə ötürülməsinə razılıq vermiş olacağıq. Bu məlumatlara aiddir;
- smartfonun əməliyyat sistemi məlumatı (Android ya da İOS),
- smartfonun enerji vəziyyəti və enerji güçü,
- şəbəkə xidməti,
- istifadəçi adı,
- istifadəçinin cari statusu,
- smartfonun yaddaşında olan telefon nömrələri,
- istifadəçinin profil şəkli,
- istifadəçinin online olma müddəti,
- ən intensiv istifadə vaxtları
- ən sevilən smile, etiket (stickers) yaxud sözlər
- səsli mesajların, video və audio zənglərin müddəti
- WhatsAppdan istifadə rutini
- yanlış məlumat yaxud qəzalar
- istifadəçinin olduğu yer (location)
Ümumi baxdıqda və bir çox şəxslərin açıqlamalarından elə görünə bilər ki, bu məlumatlar o qədər də şəxsi xarakterli deyil və bunların başqa şirkətlərə ötürülməsi o qədər də şişirdiləcək bir hadisə deyil. Bu əslində bizim cəmiyyətin şəxsi məlumatlarına olan laqeyd münasibətinin göstəricisidir. Birincisi bu məlumatların heç də hamısı hər kəsə açıq məlumat sayıla bilməz. İkincisi önəmli olan WhatsAppın bu məlumatları bilməsi deyil, bu məlumatları toplayaraq digər şirkət yaxud şirkətlərə ötürməsi və başqa şirkətlərin bizim yuxarıda göstərilən məlumatlarımızdan reklam yaxud başqa məqsədlər üçün istifadə etməsidir. Bizim şəxsi yazışmalarımız yaxud şəkillərimiz yalnız məhdud bir qrup insan üçün maraqlı ola bilər, lakin yuxarıda göstərilən bir çox məlumatlar əksər reklam şirkətlərinin maraq dairəsindədir. Yeni şərtlər bu məlumatlarımızın WhatsAppın da aid olduğu Facebook tərəfindən ticarət və digər məqsədlər üçün istifadə olunmasına zəmin yaradacaqdır və ortada çox böyük bir şəxsi məlumat istifadəsindən söhbət gedir, baxmayaraq ki, WhatsApp özü bu dəyişikliyi xidmətini təkmilləşdirmək üçün etdiyini bildirib. Bu düzəlişin Avropa Birliyi ölkələrinə tətbiq edilməməsi əslində hansı formada bir şəxsi məlumat istifadəsi hallarından söhbət getdiyini bir daha bizə göstərir.
Bəs nə üçün şəxsi məlumatlarımız bu qədər önəmlidir? Bir çox insan gizli məlumatların olmadığını, gizlədəsi bir şeylərinin olmadığını əsas gətirərək bu cür məsələlərə laqeyd yanaşır. Əslində sadəcə Cambridge Analytica hadisəsi bizə göstərdi ki, şəxsi məlumatlarımız, sosial şəbəkələrdəki hərəkətlərimiz nə qədər önəmlidir, bu məlumatlardan istifadə edilərək bizlər necə manipulyasiya edilə bilərik. Qeyd edim ki, Cambridge Analytica şirkəti insanların Facebook məlumatlarından sui-istifadə edərək 2016-cı il ABŞ-da prezident seçkisi, İngiltərədə Brexit və bir neçə ölkədəki gözlənilməz nətcələrə səbəb olan seçkiləri manipulyasiya etməkdə ittiham edilirdi. Əslində Cambridge Analytica hadisəsində də predmet insanların yazışmaları, göndərdiyi məxfi məlumatlar deyil, onların açıqladığı aşkar məlumatlar idi. Məhz həmin məlumatların Cambridge Analytica şirkətinə ötürülməsi və onlar tərəfindən sui-istifadə edilərək insanların qərarlarının manipulyasiya edilməsi ittihamı idi əsas problem.
Sosial şəbəkələrdə paylaşdığımız müxtəlif məlumat, şəkil, xəbərlər, yazdığımız yazılar birlikdə analiz edilərək bizim psixoloji portretimizi formalaşdırır, bizim hansı düşüncənin, hansı dünyagörüşünün sahibi olduğumuz, nələrdən xoşlandığımız, hansı hallarda sevindiyimiz, hansı hallarda kədərləndiyimiz, qərar verici kriteriyalarımız və xarakterimizi formalaşdıran digər bu kimi xüsusiyyətlərimizə sahib olur. Lakin toplanan bu məlumatlar təkcə hər bir şəxsi onun maraqlarına uyğun hazırlanmış reklam məqsədləri üçün istifadə edilmir. Həmçinin insanların siyasi, sosial baxışlarını da manipulyasiya edərək doğru, yaxud saxta xəbər bombardımanına məruz qoyur. Bu əslində təkcə fiziki şəxslərin deyil, eyni zamanda dövlətin də maraqları ilə toqquşmaqdadır, çünki dövlətin siyasi, iqtisadi, sosial, təhsil siyasətini təsir altına ala biləcək bir qüvvənin böyüməsi və genişlənməsi deməkdir. Ona görə də bir çox ekspertə görə gələcəkdə bu şirkətlər həmçinin dövlətin siyasi sisteminin, siyasi hakimiyyətinin formalaşmasında da söz sahibinə çevriləcəklər.
Gec-tez sosial şəbəkələr, qlobal digital şirkətlər ilə dövlətlərin maraqlarının toqquşması gözlənilən idi. Çünki üzvü olduğumuz sosial şəbəkələr, online məkanlar artıq bizim “virtual vətənimiz” sayılır, lakin burada bizim heç bir qanuni mühafizəmiz mövcud deyildir. Sadəcə yaşadığımız ölkə qanunlarının burada məhdud əhatə dairəsi həddində və həmin şəbəkələrin ümumi xarakterli qaydaları çərçivəsində mühafizəyə sahibik. Odur ki, gələcəkdə dövlətlərin suverenliklərini, varlıqlarını, vətəndaşlarının hüquqlarını mühafizə etmək, yaxud da hakimiyyətlərini qorumaq üçün bir immunitet formalaşdıracağı, bu cür şəbəkələri çərçivəyə salmağa səy göstərəcəkləri şübhəsizdir. Bu yerli, yaxud regional alternativ sosial şəbəkələrin, xəbərləşmə xidmətlərinin formalaşmasına da gətirib çıxara bilər. WhatsAppın bu düzəlişi Avropa Birliyi ölkələri üçün keçərli deyil, çünki Birlik “Şəxsi məlumatların qorunması haqqında” direktivini qəbul edərək bu tip hallara qarşı artıq immunitet formalaşdıra bilib və öz maraqlarını həmin qlobal şəbəkələrə qəbul etdirə bilir.
Vətəndaşlarla yanaşı dövlət də öz suverenliyinin təmini üçün, vətəndaşının hüquqlarını bu global digital məkanda qorumaq, təhlükəsizliyini təmin etmək üçün gecikmədən bir sıra tədbirlər görməyi üzərinə götürməlidir. Hazırda zəruri olan əsas tədbirlər bunlar ola bilər:
- Sosial şəbəkələrlə bağlı ayrıca qanun qəbul etmək, bununla da Almaniyada, Türkiyədə olduğu kimi ölkəmizdə də bu şəbəkələrin yerli nümayəndəliklərinin açılmasına nail olmaq,
- İnternetlə, sosial şəbəkələrlə doğru və təhlükəsiz davranış qaydalarının ayrıca tədrisini orta məktəb, yaxud universitet proqramlarına salmaq, bu qəbildən digər maarifləndirici tədbirlər həyata keçirmək,
- Gecikmədən öz milli yaxud regional xarakterli, daha təhlükəsiz alternativ sosial şəbəkə proqramları hazırlanması istiqamətində işlər aparmaq,
- Öz milli maraqlarını qlobal digital şirkətlərə qəbul etdirmək üçün uyğun və effektiv beynəlxalq təşkilat, yaxud birliklərdə birləşmək, onlara üzv olmaq.
-Vətəndaşları daha obyektiv və doğru xəbər üçün sosial şəbəkələrə, daha təhlükəsiz ünsiyyət üçün sosial xəbərləşmə proqramlarına yönəlmələrinin qarşısının alınması üçün ölkədə söz və media azadlıqlarına daha geniş imkan yaratmaq, vətəndaşlarda yerli mediaya inamı artırmaq və sair.
Bu xarakterli tədbirlərin görülməsi ona görə vacibdir ki, gələcək nəsillər azad və müstəqil, öz qərarlarına əsasən formalaşdırdıqları bir ölkədə və cəmiyyətdə yaşasınlar. Gündə yüzlərlə reklam və fakenews bombardımanına məruz qalmış, bütün qərarlarında, düşüncələrində manipulyasiyaya uğramış bir insan heç bir zaman azad ola, reallığı qavraya bilməz.
Son olaraq, yuxarıda yazılanlar elə başa düşülməməlidir ki, sadəcə WhatsApp istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirərək onlardan ticarət yaxud başqa məqsədlər üçün istifadə edir. Bunu çox ya da az formada bütün sosial şəbəkələr, online xəbərləşlə xidmətləri edir. Bu yazının əsas məqsədi insanları xəbərdar etmək, onlarda bir instinkt formalaşdırmaqdan ibarətdir ki, onlar şəxsi məlumatlarının qorunmasına daha ciddi yanaşsınlar, sadəcə şəxsi yazışmalarının oxunmadığını əsas gətirərək digər şəxsi məlumatlarından sui-istifadə edilməsinə, özlərinə qarşı manipulyasiya vasitələri kimi istifadə edilməsinə laqeyd qalmasınlar.

Asif Mustafayev,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kibercinayətkarlıq üzrə Almaniyanın Köln Universiteti hüquq fakültəsinin doktorantı

  • Sosial şəbəkədə paylaş