Sizin reklam burada
Sizin reklam burada

Kürəkən neft-kimya şirkətinin səhmlərinin 380 milyon dollarlıq hissəsini 100 dollara satın alıb

Rusiyanın bir qrup araşdırıcı jurnalistini cəmləşdirən “İstories” internet nəşri (İstories.media) biznesmen Kirill Şamalovun ölkə prezidenti Vladimir Putinin qızı Katerina Tixonova ilə evlənəndən bir neçə ay sonra “Sibur” neft-kimya şirkətinin səhmlərinin 380 milyon dollarlıq hissəsini cəmisi 100 dollara satın aldığını açıqlayıb. Araşdırmada Kirillə Katerinanın 2013-cü ildə nikah bağladığı deyilir, toy şəkilləri təqdim olunur, eyni zamanda bu nikahın 2018-ci ildə pozulduğu qeyd edilir. Novator.az saytı “İstories”in araşdırmasının Böyük Britaniyanın “Daily Mail” qəzetinin internet səhifəsində yayılan icmalını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Materiala “İstories”in yaydığı video və fotolar da əlavə olunur.

Artıq Vladimir Putinin qızının toy şəkilləri yayılıb. Xəbərə görə, kürəkən toydan sonra Rusiyanın bir neft-kimya şirkətinin səhmlərinin 380 milyon dollarlıq hissəsini 100 dollara satın alıb.

“İstories”in apardığı araşdırmaya görə, 38 yaşlı Kirill Şamalov Putinin 34 yaşlı kiçik qızı Katerina ilə evlənəndən bir neçə ay sonra “Sibur”un bir hissəsini çox aşağı qiymətlə əldə edib.

ABŞ hökuməti Kirill Şamalovu Rusiya prezidentinin kürəkəni və ölkənin “milyarder elitasının” bir üzvü adlandırsa da, Putinin şəxsi həyatı o qədər gizli saxlanır ki, Kreml nə vaxtsa onun qızlarının şəxsiyyətini də təsdiqləməyib.

Kirill və Katerinanın 2013-cü ildə Rusiyada, İqora xizək kurortunda üç gün davam edən nikah mərasimi zamanı çəkilən fotoşəkillər Putinin həmişə gizli saxladığı ailə həyatını üzə çıxarır.

Kremlin tənqidçisi Aleksey Navalnı ölkədə korrupsiyanın yüksək səviyyədə olduğuna işarə edərək Kirill Şamalovun aldığı payı “380 milyon dollarlıq toy hədiyyəsi” adlandırıb.

Məsələ ilə bağlı yayılan son məlumatlara münasibət bildirən Kreml isə Putinin ailə üzvləri haqda aparılan araşdırmaları “məqsədinə çata bilməyən yalanlar” adlandırıb.

“İstories”in hesabatında deyilir ki, Şamalov “Sibur” şirkətinin 10 milyard dollarlıq səhmlərinin 3,8%-ni alıb. Hesabatda həmin səhmlərin bazar dəyərinin 380 milyon dollar təşkil etdiyi, Kirill Şamalovun isə buna 100 dollar, yəni 3,8 milyon dəfə az pul ödədiyi iddia olunur.

Kürəkən neft-kimya şirkətinin səhmlərinin 380 milyon dollarlıq hissəsini 100 dollara satın alıb
Belə hesab edilir ki, sövdələşmə Kirill Şamalovun 32 yaşında Rusiyanın ən gənc milyarderi adına layiq görülməsinə imkan yaradıb.

Çünki o, Katerina ilə bundan cəmisi bir necə ay əvvəl evlənib. Toy mərasimi dağ-xizək kurortunda gücləndirilmiş mühafizə altında keçirilib.

İndiyədək Katerina daha çox süni intellekt sahəsində Rusiyanın yeni nəhəng təşəbbüsünə rəhbərlik edən keçmiş rok-n-roll rəqqası kimi tanınır.

Katerinanın nikahı 2018-ci ildə Şamalov Londonla sıx əlaqələri olan “kübar cəmiyyətin cazibədar xanımı” Janna Volkova ilə münasibət qurandan sonra pozulub.

“İstories”in bildirdiyinə görə, “Sibur”la bağlı sövdələşmənin detalları onlara Kirill Şamalovun elektron ünvanındakı şəxsi yazışmalar sızdırılandan sonra bəlli olub.

Elektron məktublar yeni cütlüyün dəbdəbəli mülklərə, o cümlədən Biarritsdə 4,5 milyon avroluq malikanəyə və Moskva yaxınlığında təmiri 8 milyon avroya başa gəlmiş daşınmaz əmlaka sahib olduğunu da üzə çıxarıb.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin yaydığı məlumata görə, “Sibur” şirkəti sövdələşmənin mövcudluğunu inkar etməyib, ancaq şirkət bəyan edib ki, Kirill Şamalov üçün hər hansı xüsusi şərtlər olmayıb. Şirkətin idarə heyətinin sədri Dmitri Konov deyib ki, alış şərtləri başqa menecerlər üçün olan satınalma şərtlərindən fərqlənməyib.

Amma “İstories” neft-kimya şirkətində payı olan digər menecerlərin səhmlər üçün daha çox pul ödədiyini bildirir.

Şamalovun “Sibur”a yatırdığı sərmayəni bundan qabaq 2018-ci ildə ABŞ hökuməti açıqlamışdı. Evlənəndən sonra onun gəlirinin qəfil artdığı qeyd olunmuş, biznesmenin adı 17 oliqarxın daxil edildiyi siyahıda verilmişdi.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Kirill Şamalov 18 ay içərisində Rusiyada neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli ilə məşğul olan “Sibur” şirkətinin səhmlərinin əhəmiyyətli bir hissəsini satın alıb.

ABŞ rəsmilərinin sözlərinə görə, Putinin digər tərəfdaşından əlavə səhmlər əldə edən Kirill Şamalov Rusiya prezidentinin ətrafındakı milyarder elitanın sıralarına qatılıb.

Putin həyat yoldaşı Lüdmila ilə 2013-cü ildə boşanıb. Amma Rusiya KİV-lərinin əksəri Putinin şəxsi həyatından demək olar ki, bəhs etmir, onun ailəsi barədə çox az şey bəllidir.

Kremlin rəsmi saytında Putinin böyük qızı Mariyanın 1985-ci ildə, kiçik qızı Katerinanın isə 1986-cı ildə doğulduğu bildirilir.

Putin bir dəfə demişdi: “Mən şəxsi həyatıma müdaxiləyə icazə vermirəm, buna da hörmətlə yanaşılmalıdır”.

Hazırkı ifşalar Rusiya müxalifətinin və müstəqil mediasının Kremlə ən yeni həmlələridir.

Başqa bir məlumatda Putinin bir zaman sevgilisi olduğu iddia edilən xanımdan, eyni zamanda o xanımla münasibətdən dünyaya gələn, indi 17 yaşlı lisey məzunu olan qızından bəhs edilir.

Həmin məlumat vergi ödənişinə dair sızan hesabatdan irəli gəlib. Nəticədə Putinin sevgilisi olduğu iddia edilən keçmiş gimnast, Olimpiya çempionu, 37 yaşlı Alina Kabayevanın yüksək maaş aldığı ortaya çıxıb.

Putinin səhhəti, yaxın ətrafının onun gələn il prezidentlikdən getməsini istədiyi haqda əsassız şayiələr də yayılır.

Putinin sözçüsü Dmitri Peskov irəli sürülən iddialara cavab verməkdən imtina edir. O, bu cür hekayətləri heç vaxt şərh etmədiklərini vurğulayır: “Biz əvvəllər də demişdik ki, belə informasiya hoqqaları olacaq. Bunu onda da bilirdik, indi də bilirik. Bunlar sadəcə dedi-qodulardır. Həqiqəti əks etdirməyən bu şayiələr bəzən o qədər də yaxşı bəzədilmir. Biz də buna bu cür yanaşırıq”.

Dmitri Peskov Putinə qarşı hücumların bundan sonra da davam edəcəyini gözləyir və bunun arxasında kimlərin dayandığından az-çox xəbərdar olduğunu diqqətə çatdırır. Amma Kremlin sözçüsü detalları açıqlamır: “Adlarını çəkməyəcəm. Onların kim olduğunu bilmək bizə bəs edir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş