Sizin reklam burada
Sizin reklam burada

ELMAN RÜSTƏMOVUN İŞÇİLƏRİ HƏBS OLUNA BİLƏR... - ƏGƏR BANKLARIN HAZIRKİ DURUMU ARAŞDIRILARSA...

ELMAN RÜSTƏMOVUN İŞÇİLƏRİ HƏBS OLUNA BİLƏR... - ƏGƏR BANKLARIN HAZIRKİ DURUMU ARAŞDIRILARSA...Ucuz neft amilinin fəsadları ilk növbədə, Azərbaycanın bank sektorunu vurdu.

Faktiki olaraq, 13 bank ölkədə baş vermiş devalvasiyanın "qurbanı" oldu. Kreditləşmə kəskin aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarı sektoru bürüdü. Bank sektorunun 2015-ci ildə aldığı zərbələrin fəsadlarının aradan qaldırılması istiqamətdə işlər 2019-cu ildə də davam etdiriləcək. Dövlət daxili borclardan sonra Beynəlxalq Bankın xarici borclarını da üzərinə götürüb. Mərkəzi Bank depozit hərracları vasitəsilə banklara dəstək versə də, ancaq problem hələ də tam aradan qalxmayıb.

Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 2 milyard manata yaxınlaşır. Əmanətlərin Sığortalanması Fondunun əmanətçilərinə kompensasiya ödədiyi və ləğv prosesində olan 13 bank var. Fond 13 bankın əmanətçilərinə 824 milyon manat kompensasiya ödəyib.

Ekspertlərə görə, bank sistemini nizama salmadan iqtisadiyyatın böhrandan qurtulduğunu iddia etmək sadəcə absurddur. Görünən odur ki, 2019-cu ildə də hökumətin üzləşəcəyi əsas çətinliklərdən biri məhz bank sektoru olacaq. Bank sektorunu sağlamlaşdırmadan qeyri-neft sektorunu inkişaf etdirmək, kiçik və orta sahibkarlığın maliyyə resursları ilə təmin etmək çətin olacaq. Əslində, banklardakı problemlərin artmasının səbəbi geridönüşü olmayan kreditlər deyil, vaxtilə banklara rəhbərlik etmiş şəxslərin şəxsi istifadə üçün götürdükləri kreditlərdir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda ləğv prosesində olan banklarla bağlı ciddi araşdırmalar aparılır və yaxın günlərdə bu məsələlərin nəticəsi olaraq, cinayət işinin başlanacağı gözlənilir. Ləğv prosesində olan banklar aşağıdakılardır: "Royalbank” ASC, "Yunayted KreditBank” ASC, "Bank of Azerbaijan” ASC, "Gəncəbank”, "Texnikabank” ASC, “Parabank” ASC, "Zaminbank” ASC, "Kredobank” ASC, "Dekabank” ASC, "Atrabank” ASC, "Qafqaz İnkişaf Bankı” ASC, "Bank Standard”, "Dəmirbank” ASC.

Maraqlıdır, bağlanan bankların rəhbərlərini hansı tale gözləyir?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bank rəhbərləri törətdiyi əməllərə görə cavabdehlik daşıyır:

“Bank işlərində ilk növbədə bankın cinayətkar kredit fəaliyyəti dayanır. Yəni, bank əmanətçilərinə digər müştərilərdən vəsaitləri cəlb edir, kredit verir. Həmin kreditlər qayıtmadığı üçün banklar son nəticədə müflisləşir. Əksər hallarda bank rəhbərləri və ya sahibləri öz şirkətlərinə, yaxınlarına ucuz, uzunmüddətli və girovsuz kreditlər verirlər ki, getsin qayıtmasın. Burada hər bir bankın işinə ayrıca baxmaq lazımdır. Amma ümumən bir neçə cinayət tərkibi ola bilər. Vəzifədən sui-istifadə, oğurluq, talamaq və s. Təbii ki, bu halda həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Bank rəhbərlərini ən azı bir neçə il azadlıqdan məhrumetmə cəzası gözləyir, o cümlədən əmlakları da müsadirə oluna bilər”.

Ə.Həsənov hesab edir ki, hüquq-mühafizə orqanlarının yalnız həmin bank sahiblərini ittiham etməsi düzgün deyil:

“Bağlanan bank sahibləri illər boyu etdiyi qanunsuzluqları Mərkəzi Bankın nəzarəti altında ediblər. Sual olunur: Mərkəzi Bank bunu görməyib? Buna görə də əgər tam obyektiv araşdırmadan danışırıqsa, Mərkəzi Bank da, illər boyu bu bankları yoxlamış şəxslər də cavabdehlik daşıyırlar. Mərkəzi Bank ildə ən azı bir dəfə adıçəkilən banklara gedib yoxlama aparıb, akt tərtib edib. Hesab edirəm ki, həmin aktlar da araşdırılmalıdır. Müəyyən edilsə ki, o aktlar olduğu vaxtda qanun pozuntuları baş verib və Mərkəzi Bank bunu görməyib, təbii ki, Mərkəzi Bankın yoxlama aparan əməkdaşlarına qarşı da cinayət işi açılmalıdır və eyni maddələrlə onlar da məsuliyyətə cəlb edilməlidir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ