Sizin reklam burada
Sizin reklam burada

CƏLILABADDA IMTIYAZLI XƏSTƏLƏRIN DƏRMANLARINI KIMLƏR MƏNIMSƏYIR?

CƏLILABADDA IMTIYAZLI XƏSTƏLƏRIN DƏRMANLARINI KIMLƏR MƏNIMSƏYIR?Cəlilabadda «voenkomatın»əsgər göndərmək istədikləri epilepsiya xəstəsindən Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında arayış vermək üçün 300 manat pul tələb etdilər. Poliklinika isə dövlətin ayırdığı pulsuz dərmanları vermir

Danılmaz gerçəklikdir ki, 27 illik müstəqillik tarixi olan ölkəmizin daha çox inkişaf etməsinə mane olan, daha artıq uğurlar qazanmasına əngəl törədən ciddi sosial problemlərdən biri də korrupsiyadır. Rüşvətxorluğa qarşı nə qədər mübarizə tədbirləri görülsə də, son illər bu müstəvidə hətta sərt addımlar atılsa da, korrupsiya hüquqpozmalarına yenə rast gəlinməkdədir. Bu da bir həqiqətdir ki, maliyyə böhranının mənfi təsirlərinin ciddi hiss olunduğu indiki vaxtda əhalinin rüşvət vermək potensialı azalıb, rüşvətxor məmurlarınsa tamahkarlığı azalmayıb. Bu isə vətəndaşların süni maneələri, bürokratik səddləri aşmasına, xüsusilə də sosial təminatlara, imtiyaz və güzəştlərə çıxış əldə edə bilmələrinə mane olur. Hökumət məmurlarından narazılıqların artması isə elə ab-hava yaradır ki, sanki büdcəsi zəifləyən dövlət vətəndaşlar qarşısında öz sosial öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Cəlilabad rayonunun Prişib qəsəbəsində qeydiyyatda olan gənc Elçin Əsmətov uşaq vaxtından epilepsiya xəstəsidir və 2-ci qrup əlildir. Bu tip xəstələrə dövlət tərəfindən vacib pulsuz dərman preparatları ayrılır. Lakin, qeydiyyatda olduğu yerli poliklinika rəhbərliyi son dövrlər onu dərmanla təmin etmir. Redaksiyamıza müraciət etmiş anası Bağırova Pərvanə Alxan qızı bildirir ki, ailə başçısını erkən itirdiyindən, xəstə oğlunu təkbaşına saxlamaq məcburiyyətində qalıb. Elçinin aldığı 50 manat müavinətin üstünə bir o qədər də əlavə edib ayda 100 manat gündəlik istifadə olunan «renaldium» iynəsinə, «epinex», «penibut», «liovital» həblərinə xərcləyirlər. Onu da qeyd edək ki, xəstəxana Elçin Əsmətovun korrupsiya hüquqpozması ilə qarşılaşdığı yeganə qurum deyil. Az əvvəl onun əsgərlik yaşı çatanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsində komissiyadan keçəndə hamıya onun aşkar görünən əlilliyi və xəstəliyi həkim komissiyasına nədənsə inandırıcı gəlməyib və onu Bakı şəhəri Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndəriblər ki, yenidən qeydiyyatdan, müayinədən keçsin. Pərvanə Bağırovanın sözlərinə görə, Elçin 10 günə yaxın müddət ərzində Bakıya — həmin xəstəxanaya gedib-gəlib. Nəhayət, Xəstəxanadakı komissiyanın sədr müavini Aydın həkim ona sözün «mustafasını» açıb deyib: Ya 300 manat rüşvət verməli, bunun müqabilində bircə günün içində lazım olan sənədləri qaydaya salınmalı, ya da 1 ay o xəstəxanada yatmalıdır! Əsmətovun nə rüşvət verməyə pulu, nə də xəstəxanada yatmağa imkanı olmadığından, məyus halda geri dönüb, SHXÇDX-nin rayon şöbəsinə gedərək başına gələn hal-qəziyəni, rüşvət tələbi ilə üzləşdiyini, daha «yol ölçməyə» halı qalmadığını bildirib. Xeyli çək-çevirdən sonra qohumları da yığışıb gəliblər «hərbi komissarlığa» və çağırış bölməsinə təklif ediblər ki, Elçini yollasınlar, gedib əsgərliyini çəksin. Fakt qarşısında qalan Şöbə mənsubları biabır olmamaq üçün tərsliklərindən əl çəkməli olublar. Elçinin problemi ilə əlaqədar xəstəxananın baş həkimi İlham doktor ilə telefon əlaqəsi qurmaq istədik. Baş həkim yerində olmadığından, əlaqə mümkün olmadı. Katibəsi Püstə xanımla danışdıq, məsləhət gördü ki, baş həkimin müavini Valeh həkimlə əlaqə saxlayaq. Zəng vurduğumuz Valeh həkim telefonu götürmədi. Yenidən katibə ilə əlaqə saxlayıb bizim araşdırdığımız məsələ barədə xəstəxana rəhbərliyini kursda saxlamağını xahiş etdik. Hələ də xəbər-ətər yoxdur. Belə çıxır ki, cavab almaq üçün Səhiyyə Nazirliyinə müraciət etməliyik.

Qarşı tərəfi dinləməyə hazırıq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ