
“Ukrayna ordusunun Belarusla sərhəd istiqamətində hərbi qüvvələr cəmləşdirməsi daha çox diqqəti yayındırmağa hesablanmış addım təsiri bağışlayır”.
Bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsi sədrinin birinci müavini, deputat Aleksey Juravlyov deyib.
Bundan əvvəl “Luqansk Xalq Respublikasının” istefada olan polkovnik-leytenantı Andrey Maroçko iddia edib ki, Kiyev Belarus sərhədi boyunca canlı qüvvənin sayını artırır. Onun sözlərinə görə, Ukrayna hərbçiləri əsasən Çerniqov və Jitomir vilayətlərində daimi yerləşdirilir.
Deputatın fikrincə, belə bir addım üçün Ukrayna ordusu daha vacib istiqamətlərdən — Zaporojye və Krasnoarmeysk bölgələrindən ehtiyat qüvvələri çıxarmalı olardı. O əlavə edib ki, Ukrayna qoşunlarının Belarus ərazisinə mümkün hücumu inandırıcı görünmür. Çünki Belarus da belə ssenariyə hazırdır və cavab vermək imkanına malikdir.
A.Juravlyovun sözlərinə görə, belə bir vəziyyət Belarusun da münaqişəyə daha geniş şəkildə cəlb olunmasına və ikinci cəbhənin açılmasına səbəb ola bilər. Buna görə də hazırda sərhəddə baş verənlər daha çox qarşılıqlı güc nümayişi və diqqəti yayındırmaq məqsədi daşıyır.
Deputat qeyd edib ki, hazırda həm Moskva, həm də Kiyev bu istiqamətdə əsasən müdafiəyə hazır olduqlarını nümayiş etdirir və aktiv hərbi əməliyyatlara başlamaq tərəflərin maraqlarına uyğun deyil.
Conflict.az
