
Avropa İttifaqı Ukraynaya “Drujba” neft kəmərini işə salmaq üçün texniki dəstək və maliyyə yardımı təklif edib.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, yanvarın 27-də Rusiyanın “Drujba” kəmərinə zərbələri nəticəsində Macarıstan və Slovakiyaya xam neft tədarükü dayandırılıb, bu səbəbdən Avropa Komissiyası üzv dövlətlər və Ukrayna ilə bütün səviyyələrdə intensiv müzakirələr apararaq, tədarükün bərpası üçün addımlar atıb.
“Avropa İttifaqı Ukraynaya texniki dəstək və maliyyə yardımı təklif edib. Ukrayna bu təklifi qəbul edib. Avropalı mütəxəssislər artıq işə başlamağa hazırdılar”, – bəyanatda deyilir.
Burada prioritetin Aİ vətəndaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi olduğu vurğulanıb: “Bu məqsədlə Rusiya mənşəli olmayan xam neftin Mərkəzi və Şərqi Avropa ölkələrinə çatdırılması üçün alternativ marşrutlar üzərində iş davam etdiriləcək”.
Conflict.az
