İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən 11 fevral yürüşündə çıxışı zamanı ölkəni sarsıtmaq üçün xarici cəhdlər barədə xəbərdarlıq edib və milli birliyin qorunmasına çağırıb.
Bu barədə “Mehr” Agentliyi məlumat yayıb.
İranda İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında Məsud Pezeşkian ölkənin 1979-cu ildən bəri keçdiyi yolu xatırlayıb.
O, etnik gərginlik, çevriliş cəhdləri və xarici müdaxilə də daxil olmaqla, ilk çətinlikləri xatırlayıb.
Pezeşkian bildirib ki, "Avropa ölkələri və ABŞ İranı parçalamaq və tabe etmək üçün səkkiz illik müharibə aparıblar".
İran prezidenti "müqəddəs müdafiə dövrü”nün şəhidlərinin həlledici rolunu vurğulayıb və deyib ki, qurbanları olmasaydı, bugünkü İran çox fərqli olacaqdı.
O, həmçinin Qasım Süleymani, Məhəmməd Baqiri və Hüseyn Səlami kimi hərbi liderlərə hörmətini bildirib və onları "millətin fədakar sədaqətinin simvolları" adlandırıb.
Conflict.az
