
Kanadanın Baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın iki ölkə arasında inşa olunan yeni əsas körpü ilə bağlı hədələrindən sonra onunla “müsbət” telefon danışığı apardığını bildirib.
Karni Trampa xatırladıb ki, tikintinin əsas maliyyə yükünü Kanada daşıyıb və obyekt üzərində mülkiyyət hüququ Kanada hökuməti ilə ABŞ-ın Miçiqan ştatı arasında bölüşdürülüb.
Məlumata görə, iki gün əvvəl Tramp sosial şəbəkədə paylaşdığı uzun mesajda Ontario ilə Miçiqan ştatının Detroyt şəhərini birləşdirən, dəyəri 4,6 milyard dollar olan və 2026-cı ilin əvvəlində açılması planlaşdırılan Qordi Xou Beynəlxalq Körpüsündə “demək olar ki, Amerika məzmunu yoxdur” iddiasını irəli sürüb.
Tramp həmçinin körpünün hər iki ucunun Kanadaya məxsus olduğunu yazıb və Kanada ilə Çin arasında ticarətin genişləndirilməsinin kanadalıların xokkey oynamasını qadağan edəcəyi ilə bağlı mübahisəli fikir səsləndirib.
“İndi Kanada hökuməti məndən, Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, onların Amerikadan istifadə etmələrinə icazə verməyimi gözləyir. Bəs ABŞ nə əldə edir? Heç nə!”, – deyə o qeyd edib.
Çərşənbə axşamı Olimpiya Oyunlarında iki ölkə arasında keçirilən xokkey oyunu ərəfəsində jurnalistlərə açıqlama verən Karni isə Trampın şərhlərini əhəmiyyətsiz sayaraq fransız dilində “vəziyyətin həll olunacağını” bildirib.
“Mən izah etdim ki, körpünün maliyyəsini Kanada təmin edib, mülkiyyət Miçiqan ştatı ilə Kanada hökuməti arasında bölüşdürülüb. Tikintidə həm hər iki ölkənin poladı istifadə olunub, həm də işçiləri iştirak edib. Bu, ölkələrimiz arasında əməkdaşlığın gözəl nümunəsidir”, - deyə Karni vurğulayıb.
Conflict.az
