
Gürcüstan parlamenti xarici vətəndaşlarla bağlı qanunvericiliyə edilən dəyişikliklərin müzakirəsinə başlayıb.
Ölkə parlamentinin bu gün keçirilən iclasında müzakirə edilən düzəlişlər qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirməyi, sığınacaq prosedurundan sui-istifadənin qarşısını almağı və əcnəbilərə beynəlxalq mühafizə qaydalarını təkmilləşdirməyi hədəfləyir.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yeni dəyişikliklərə əsasən, əcnəbilərin Gürcüstandan çıxarılması və ölkəyə girişlərinə müəyyən müddətlik qadağa həm cinayət, həm də inzibati məsuliyyət çərçivəsində yeni cəza növü kimi tətbiq ediləcək. Ölkədə qalma qaydalarını pozan əcnəbilər üçün cərimələr artırılacaq, çıxarılma proseduru isə sadələşdiriləcək. Həmçinin, sığınacaq müraciətləri üçün vaxt məhdudiyyəti müəyyənləşdirilir – əcnəbi Gürcüstana daxil olduqdan sonra bir ay ərzində sığınacaq istəmədiyi halda sürətləndirilmiş yoxlama proseduru tətbiq olunacaq.
"Dövlət təhlükəsizliyinə təhdid yaradan şəxslər üçün Gürcüstan sərhədindəcə sığınacaq məsələsinə baxılacaq, lakin ölkəyə buraxılmayacaqlar. Elektron müraciət və cavablandırma sistemi tətbiq ediləcək, bu da müraciətlərin daha şəffaf və sürətli yoxlanılmasına imkan verəcək. Yaşamaq icazəsi yalnız deportasiya proseduru aparılan və ya çıxarılma qərarı verilən əcnəbilərə tətbiq ediləcək", - nazirliyin məlumatında vurğulanıb.
Bildirilib ki, bu dəyişikliklər Gürcüstanın miqrasiya siyasətinin gücləndirilməsinə, ictimai təhlükəsizlik və idarəetmənin effektivliyinin artırılmasına xidmət edir.
Conflict.az