Rusiya-Türkiyə münasibətlərində təkcə Suriyaya görə yox, digər bir çox bölgələrlə bağlı da problemlər var.
Bunu rusiyalı politoloq, Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru Andrey Kortunov deyib.
O bildirib ki,, Moskva və Ankaranın təkcə Yaxın Şərqdə deyil, həm də Afrika qitəsində bir çox regional münaqişələrə yanaşması fərqlidir. Eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin həllinə dair müxtəlif yanaşmalarla bağlı çətinliklər mövcuddur.
Rusiyalı politoloq hesab edir ki, Ərdoğan Vaşinqtonda administrasiya dəyişikliyini gözləyəcək.
“Türkiyə liderinin mövqeyi əsasən Trampla prinsipial strateji razılaşmalar əldə edib-etməməsi ilə müəyyən olunacaq. Tramp isə bildirib ki, Suriyada baş verənlər Amerikanın problemi deyil. O hətta Amerika qoşunlarının Suriyadan çıxarılacağı fikrini də səsləndirib. Bu, Ərdoğan üçün çox vacibdir. Çünki Türkiyə və ABŞ Suriya kürdləri məsələsində barrikadaların əks tərəfindədir. Bu, ikitərəfli münasibətlərdə Türkiyənin Vaşinqtonla fəal qarşılıqlı əlaqədə olmasına imkan verməyən ən mühüm amildir. Tramp bu qıcıqlandırıcı amili aradan qaldıra bilsə, o zaman Türkiyə-ABŞ münasibətlərində daha fərqli irəliləyişlər baş verəcək. Bu halda isə Rusiya-Türkiyə münasibətlərində yeni soyuqluq yarana bilər. Əgər əksi baş versə, o zaman Türkiyə siyasətində şərq vektoru daha çox əhəmiyyət kəsb edəcək”.
Politoloq qeyd edib ki, yeni Suriya hakimiyyəti üçün Moskva ilə münasibətləri tamamilə kəsmək sərfəli deyil. Əksinə, bu münasibətlər yeni təməllər üzərində qurulacaq.
“Amma Rusiyanın Suriyadakı iki hərbi bazasının taleyinin necə olacağını proqnozlaşdırmaq hələ çox çətindir. Rusiya Suriyanı tamamilə itirsə, bu, bütün Yaxın Şərq regionunda Kremlin xarici siyasəti üçün ciddi problemlər yaradacaq və Türkiyənin mövqeyini gücləndirəcək. Odur ki, hər şey olmasa da, çox məsələlər Suriyadan asılıdır. Rusiyanın Suriyadan tamamilə çıxarılması Moskvanın reputasiyasına ciddi təsir edəcək. Bu faktoru qiymətləndirməmək olmaz”, – deyə politoloq vurğulayıb.
Conflict.az