Sizin reklam burada
Sizin reklam burada

"307-ci bənd bunu qadağan edir"

"307-ci bənd bunu qadağan edir"
ABŞ prezidenti Cozef Baydenin Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanunu imzalamasından iki aya yaxın vaxt ötür.

Uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir. Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır.
ABŞ-ın “Forbes” jurnalı yazır ki, belə bir qanunun qəbulu insan haqlarının qələbəsi hesab olunsa da, onun uğurlu tətbiqi üçün hələ görüləsi işlər var: “Hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən hüquq ekspertləri və iş adamları uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanunun eləcə qəbulu ilə kifayətlənməli deyillər.

Çində insanların qul kimi işlədilməsinə qarşı effektiv mübarizə apara bilmək üçün qarşıdakı təxminən dörd ay ərzində əlavə addımlar da atılmalıdır.

Birincisi, qanun ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) əsasında yaradlımış Məcburi Əməyə Qarşı İşçi Qrupun Federal Reyestrə rəy göndərməsini tələb edir. Rəydə coğrafi dairə geniş götürülməli, məcburi əməyin tək Çinin Sincan Uyğur Muxtar Rayonunda deyil, ölkənin istənilən yerində istifadə olunduğu irəli sürülməlidir.

İkincisi, rəy təqdim olunandan sonra Məcburi Əməyə Qarşı İşçi Qrup Çindəki məcburi əməyə ABŞ-ın reaksiyasını gücləndirmək üçün dinləmələr keçirib növbəti addımları müəyyən etməlidir.

Üçüncüsü, işçi qrup ABŞ hökumətinin ticarət və kəşfiyyat sahələrinə cavabdeh şəxslərlə məsləhətləşmələr apararaq prezident Baydenin imzaladığı qanunu 1930-cu ilin tariflər haqqında qanununun 307-ci bəndinə uyğunlaşdırmaq üçün strategiya hazırlamalıdır. 307-ci bənd məcburi əməklə istehsal olunan malların ABŞ-a daxil olmasını qadağan edir.

Əsas odur ki, işçi qrupun strategiyası Çinin hər yerində məcburi əməklə istehsal olunan malları əhatə etsin və sanksiyalar altına düşə biləcək günahkarları – həm fiziki, həm də hüquqi şəxsləri müəyyənləşdirsin”.

Məqalədə vurğulanır ki, Çində məcburi əməyin ən faciəvi metodlarından heç olmasa bəzilərini aradan qaldırmaq üçün strategiyanın necə tərtib olunmasından çox şey asılıdır.

Bildirilir ki, hüquqşünaslar Məcburi Əməyə Qarşı İşçi Qrupa təkliflər hazırlayarkən bu faktorları xüsusi nəzərə almalıdırlar: “Əvvəla, Çində məcburi əməklə mübarizə üçün istənilən strategiya Sincan Uyğur Muxtar Rayonunun hüdudlarından kənara çıxmalıdır. Çin hökumətinin istismarçı proqramları “yoxsulluğun aradan qaldırılması” kimi qələmə verməsi, bu ölkənin Tibetdə məcburi əməkdən istifadə etməsi, entik və dini azlıq nümayəndələrini “peşə təlimi” adı altında əmək düşərgələrinə salması faktorları nəzərə alınmasa, qanun öz məqsədinə yetişə bilməyəcək.

Bundan başqa, real dəlil-subutlara söykənən siyasətin inkişafına töfhə verilməli, ABŞ-ın Gömrük-Sərhəd Xidmətinin məcburi əməklə istehsal olunan məhsulların qarşısını almaq səylərinə dair müntəzəm hesabatların tələbləri əsas götürülməlidir. Aşkarlanmış və araşdırılmış malların daşınmasını, dəyərini və çeşidini müəyyənləşdirən sənədləşdirmələrə dair illik hesabatlar tələb edilməlidir. Çindəki məcburi əmək müəssisələri haqda məlumatların amerikalı istehsalçılara çatdırılması da gələcəkdə məcburi əməklə hazırlanan malların idxalı əleyhinə strategiyaya kömək edə bilər.

ABŞ-ın Gömrük-Sərhəd Xidmətinin məcburi əməklə bağlı departamentin lazımınca maliyyələşdirilməsi də vacib şərtlərdən biridir. Məsələ burasındadır ki, Gömrük-Sərhəd Xidmətində maliyyə çətinliyi yaşanır, xidmətin məcburi əməklə bağlı bölməsinin normativ tələbləri həyata keçirə bilməsi üçün əlavə maliyyə dəstəyinə ehtiyac var.

ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvləri Gömrük-Sərhəd Xidmətinin məcburi əmək departamentinə ayrılan vəsaitin 25 milyon dollar artırılmasını təklif ediblər. Gömrük-Sərhəd Xidməti xarici ölkələrdə getdikcə çoxalan məcburi əmək hallarına qarşı effektiv mübarizə apara bilmək üçün zəruri resurslarla təmin edilməlidir. Ona görə də xidmətin məcburi əmək departamentinə əlavə vəsait ayrılması mühüm əhəmiyyət kəsb edir”.

“Forbes” jurnalı vurğulayır ki, Çin hökuməti təkcə uyğurları qul kimi işlətdiyinə görə yox, bütövlükdə uyğurlara qarşı soyqırımı cinayətləri törətdiyinə görə məsuliyyətə cəlb olunmalıdır və bu səbəbdən Məcburi Əməyə Qarşı İşçi Qrupun fəaliyyətinə geniş prizmadan yanaşılmalıdır.

ABŞ prezidenti Cozef Bayden Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanunu 2021-ci il dekabrın 23-də imzalayıb.

Qanun dekabrın 14-də ABŞ Konqresinin aşağı palatasından (Nümayəndələr Palatası), dekabrın 16-da yuxarı palatası – Senatdan keçib.

Hesab edilir ki, uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilmiş malların ABŞ-a ixracına yasaq qoyulması uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Burada milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanır.

Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş