Sizin reklam burada
Sizin reklam burada

Deputatla dövlət qurumları arasında növbəti dəfə insident yarandı

Deputatla dövlət qurumları arasında növbəti dəfə insident yarandı
Deputat İqbal Məmmədovla dövlət qurumları arasında növbəti dəfə insident yaranıb.
Bakupost.az xəbər verir ki, budəfəki hadisə Astarada yaşanıb.
Bir valideyn hüquq-mühafizə orqanlarına müraciət edərək, azyaşlı övladının Astarada yerləşən “Relax” istirahət mərkəzində işlədildiyini bildirib. Araşdırmalar zamanı məlum olub ki, “Relax”da bir yox, bir neçə yetkinlik yaşına çatmayan şəxs qanunsuz əməyə cəlb olunub.
Araşdırma zamanı müəyyən edilib ki, “Relax” istirahət mərkəzinin faktiki rəhbəri, İqbal Məmmədovun həyat yoldaşı Məmmədova Kəmalə Möhübbət qızı 2021-ci ilin may ayından etibarən 5 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan, 3 işçi ilə isə faktiki müqavilələri hüquqi qüvvəyə minmədən istirahət mərkəzində müxtəlif işlərin (aşpaz, ofisiant və s.) görülməsinə cəlb edilib.

Bu səbəbdən Kəmalə Məmmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə icraat başlanılıb və sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib. Xidmətin Lənkəran Regional Şöbəsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə Kəmalə Məmmədova 3000 manat məbləğində inzibati qaydada cərimə edilib.

Sahibkar Kəmalə Məmmədovanın inzibati qaydada cərimə edildiyini Dövlət Əmək Müfəttişliyi Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, 2019-cu ilin avqustunda Lerikdə İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları və mərkəzin rəhbərliyi arasında toqquşma baş vermişdi. Nazirliyin əməkdaşları "Relax" İstirahət və Turizm Mərkəzinə vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün gediblər. Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş