
Bütün kozırlar Azərbaycanın əlindədir, buna görə də rəsmi Bakı səbirli olmalı və məsələni diplomatik yollarla həll etməyə çalışmalıdır.
Bu sözləri Axar.az-a qazaxıstanlı ekspert İslam Kurayev Ermənistanın son günlər törətdiyi təxribatlar haqda danışarkən deyib.
Onun sözlərinə görə, əslində bu vəziyyət çox mürəkkəbdir və diqqət tələb edir:
“Üçüncü dövlətlərin Ermənistan və Azərbaycanı yeni müharibəyə sövq etmək istəməsi ehtimalı var. Lakin hazırda müharibə heç kimə lazım deyil. Rusiyanın varlığını və Azərbaycanın müharibə istəmədiyini nəzərə alarsaq, belə bir şey mümkün görünmür”.
Analitikin fikrincə, bu təxribatların səbəblərindən biri də Ermənistan hökumətinin artıq öz silahlı qüvvələrinə olan nəzarətini əldən verməsidir:
“Zənnimcə, Ermənistan hakimiyyəti baş verən hər şeydən xəbərdar deyil. Onların indi ölkə daxilində, xüsusən də hərbçilərin praktiki olaraq onlara tabe olmadığı sərhəddə bütün proseslərə nəzarət edə bildiklərini düşünmürəm. Hesab edirəm ki, Azərbaycan bu təxribatlara yalnız və yalnız diplomatik yolla cavab verməlidir”, – deyə qazax ekspert bildirib.
Conflict.az
