Hər bir orqanizm fərqli olduğundan həm virusa, həm də vaksinasiyaya qarşı müxtəlif reaksiyalar verə bilər.
Bunu Trend-ə açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova deyib.
Onun sözlərinə görə, vaksinasiyadan sonra həm yan təsirlər görülə, həm də anticisimlərin yaranma dərəcəsində müxtəliflik müşahidə oluna bilər:
"Amma vaksin olunmuş şəxs reanimasion vəziyyətə düşmür və ölüm riski olmur. Vaksinasiyadan sonra yüngül boğaz ağrıları, bir-iki gün hərarət və ya narahatlıq ola bilər. Bəzi insanlar düşünür ki, vaksinin yan təsiri varsa, təhlükəlidir. Xeyr, bu, əsla belə deyil. Vaksinlərdə yan təsirlərin olması normal haldır. Bəzi insanlarda ikinci dozadan sonra qolda şişkinlik, əzələ və baş ağrısı da müşahidə oluna bilir. Lakin qorxulu heç bir şey yoxdur. Bu hal müvəqqətidir. Unutmayaq ki, keçmişdən bəri infeksion xəstəliklər olub və vaksinasiya bununla mübarizənin yeganə üsuludur. Nə qədər ki, peyvənd vurdurmayacağıq, bu virusa qarşı qorxular heç vaxt bitməyəcək".
Conflict.az