Sizin reklam burada
Sizin reklam burada

Hacı Bakir Həsənbəyli - Tanrının sevdiyi Şəhid

Hacı Bakir Həsənbəyli - Tanrının sevdiyi Şəhid
Din ölümü əbədi həyatın başlanğıcı hesab edir. İnsan yalnız Tanrı tərəfindən onun üçün müəyyən edilmiş zaman kəsiyində, bu dünyada, yəni əbədi həyatın təmin edilməsində müstəsna rol oynayan məkandakı əməli müqabilində “gələcəyini” təmin edir. Ola bilsin ki, əziz oxucu üçün maraqlıdır – görəsən müəllif nədən “gələcəyini” sözünü çərçivələdi?
İnsan ömrü bəlli rəqəmlərlə müəyyən edilir. Müəyyən edən Tanrıdır. İnsan isə bioloji varlıq. Din və elm onun – insanın gildən, konkret olsaq torpaqdan yarandığını təsdiq edir. Fəlsəfə insanı üç substansiyaya bölür: ruh, cisim, əməl. Ruh Tanrı dərgahına, cisim isə yarandığına – toprağa qovuşur. İnsanın GƏLƏCƏYİNİ müəyyən edən isə imtahan dövrü hesab edilən əməli ilə dəyərləndirilir. Şəhidlər gələcəyi əbədi xoşbəxtlikllə təmin olunmuşlardandır.
Hacı Bakir Həsənbəyli - Tanrının sevdiyi Şəhid
Kamil Məmmədov. Bu adı mənə Bakı Uşaq Teatrının direktoru, əməkdar artist İntiqam Soltan tanıtdı. Bir neçə kitabın müəllifidir İntiqam Soltan. Lakin Şəhid Kamil Məmmədov haqqında yazmağı məndən məhz o xahiş etdi. Əslində xahişə ehtiyac yox idi. Bütün Azərbaycan xalqı kimi mən də Kamilə borclu olanlardanam. Kamil bu haqqı qanı ilə alıb. Bir dünyanı tutacaq qədər sözlər yazsam belə Kamilin bir damla qanına bədəl deyil. Ömürlük borc qoyub getdi çiynimizdə Kamil. Kiçik qardaşmız, övladımız yaşda olsa belə bir boy bizdən ucadadır Kamil. Axı Tanrı dərgahına daha yaxın olurlar Şəhidlər.
Hacı Bakir Həsənbəyli - Tanrının sevdiyi Şəhid
Nişanlı idi Kamil. Rəna adlı bir dünya gözəlini sevirdi. Bu gün qızımız yaşda olsa da, bizə ana olan, bacı olan Rənanı. İki sevgilisi var idi Kamilin - Vətəni və Rənası. Vətən sevdalısı idi Cənnətməkan. Tanrı Kamili sevmək üçün yaratmışdı. Sanki Tanrı nurundan bir parça idi Kamilim. Bilirsinizmi nədən Kamilim deyirəm? Artıq Kamilim yalnız o, atanın, o, ananın oğlu, o, bacının, o, qardaşın qardaşı deyil. Ağlama, sevin, xoşbəxt ol Rəna. Sevdiyin hər kəsin sevimlisidir. Kamilimi Tanrı belə sevir. Tanrının sevdiyi üçün ağlamazlar gözüm nuru.
Cəmi 7 ay nişanlı oldular Kamilimlə Rəna. Rənasına nişan taxdığı gün sanki onun şahlıq taxtına çıxdığı gün idi. Əslində belə də olmalı idi. Tanrı Kamilimin taleyinə Şəhidlik məqamı yazmışdı. Şəhidlik müəqəddəs məqamdır. Müqəddəslərin sevgisi də öz talelərinə bənzəyir.
Ölüm taleyinə Şəhidlik yazılanların Tanrısına qovuşması üçün fürsətdir. Rənasına toy xəyallarını danışdıqca sanki göylərə yüksəlirdi Kamilim. Hər iki cahanı özündə birləşdirən aşiq, Rənasının yanında bu iki cahana sığmazdı. Kamilim gözəl olanı sevərdi - Tanrını, Vətəni, valideyinlərini və Rənanı. Rəna sözünün mənası da gözəl deməkdir.
“Ona olan sevgimin ölçüsünü müəyyən edə bilmirdim. Sadəcə onu bilirdim ki, Kamilə aşiqəm. Bu qədər sevginin müqabilində içimdə həmişə bir narahatlıq vardı. Kamili nə vaxtsa itirmək narahatlığı. Buna qorxu da demək olar. Amma O yanımda olanda qorxum dəf olurdu. Narahatlığım isə həmişə məni kölgə kimi müşayət edirdi”. Kamillə birlikdə sevgisi Tanrı dərgahına ucalan Rənanın sözləridir.
“Kamil bir dəfə Şəhadət şərbətini içdi. Mən isə 44 günlük müharibədə hər gün ölürdüm. Nəhayət müharibə qələbəmizlə başa çatdı. Dekabrın 3-də müharibə bitdikdən sonra ilk dəfə evə gəldi. O qədər xoşbəxt idim ki, sözlə ifadə edə bilmirəm. Ruhuma həkk etdiyim sevgilim qalib əsgər kimi geriyə - onu sevənlərin yanına qayıtmışdı. Lakin o mənim qədər sevinmirdi. “Vətəni düşməndən azad etdiyimiz üçün qürurluyam Rəna. Lakin... Lakin mənim kimi yolu gözlənilən bilirsən nə qədər qardaşım Şəhid oldu..?” – deyə kədərini istəsə belə gizlədə bilmirdi.
Dekabrın 25 onun – Kamilin ad günü idi. Heç vaxt hərbi forma ilə şəkil çəkdirməyi xoşlamayan Kamil həmin gün Rənasına hərbi forma ilə şəkil şəkdirmək istədiyini deyir. - “Doğrusu təəccübləndim. Görəsən Kamilə nə olub? Axı hər dəfə hərbi formada şəkil çəkdirməyi ona təklif edəndə ürəyimi göynədən cavab verərdi: “Hərbi forma şəkil çəkdirmək üçün deyil, Rəna, Şəhid olmaq üçündür” – deyərdi. Bu sözdən qorxsam da, Ona irad bildirməzdim. Onun – Kamilin dediyi kimi də etdik. Həmin gün çoxlu şəkil çəkdirdik. Sanki Onunla bağlı xatirələrimin azlığını hiss etmişdi. İndi həm də həmin gün çəkilən şəkillərdir mənim xatirələrim.
Cəbhəyə qayıtmasını istəmirdim. Amma Tanrı yazısı mənim istəyimə bağlı deyil ki...”
Yanvarın 15-də Şuşaya getməklə bağlı Kamilin xidmət etdiyi hərbi hissəyə komandanlıq tərəfindən əmr gəlir. Şuşaya gedən əsgərlər arasında Kamildə olmalı idi. Yola düşməzdən üç gün öncə telefonla, görüntülü olaraq Rənası ilə danışır.
“Səni çox sevirəm Rəna. Qayıdan kimi mütləq toyumuzu edəcəm. Ağlama. 1 aya yenidən sənə - ruhum sevdalısına dönəcəm. Ağlama...”
Rənanın Kamildən eşitdiyi son sözlər idi. Lakin hələ xəbəri yox idi. Yanvarın 15-dən Kamilin telefonuna zəng çatmır. Rənanın narahatlığı artıq pik həddində idi. 2 gün davamlı zənglər, mesajlar və...
Rənaya Kamili və hərbiçi yoldaşlarını Şuşaya aparan avtomobilin qəzaya düşməsi xəbərini verirlər.
“Kamil komadadır”. Sanki iki sözlük bu cümlə həyatımın sonu idi. İlahi nədən məni Kamildən öncə dərgahına aparmadın? Axı Sən hər bəndənə çəkə biləcəyi qədər dərd verirsən. Canımdan artıq istədiyimin dərdini çəkməyə nə gücüm var, nə də, taqətim” – deyərək ürək parçalayan yanıqlı səslə ağlayır Rəna.
“O gün – yanvarın 28-i taleyimə yazılan ən böyük itkinin gerçəkləşdiyi gündür. Ola bilməz, Kamil məni bu dünyada çarəsiz halda qoyub getməz deyə düşnürdüm. Amma... Amma fələk mənə sən saydığın say deyirdi. Bütün arzularımı, gələcəyimi, xoşbəxtliyimi dəfn etdim o gün. Sevdiyim olaraq cəbhəyə göndərdiyimi, Şəhidim olaraq qarşıladım. Bizim üçün hazırlanmış bəy – gəlin otağına Şəhid kimi daxil oldu Kamil. Bu dünyada Ona – Kamilimə qovuşa bilmədim. Lakin ümidliyəm. Bilirəm ki, axirətdə Tanrı məni Ona – Kamilimə qovuşduracaq. Axı O – Tanrı ən böyük ədalət sahibidir.”
Qovuşduracaq gözüm nuru. Mütləq qovuşduracaq. Toyunuzu mələklər edəcək mələk sima balam. Qonaqlarınız Şəhidlər olacaq anam balası. Kəbininiz göylərədə Tanrı dərgahında kəsiləcək Şəhid yadigarı.
“Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə - şəhidlik rütbəsinə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin axirətdə heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər” – Ali İmran surəsi 170.

Conflict.az

  • Sosial şəbəkədə paylaş