İmişli şəhər sakini Mirzəyev Məmməd Əliqulu oğlu Conflict.az-a müraciətində bildirir ki, Şahbazov Hüseyn adlı iş yoldaşı, cari ilin mart ayında ona dəmir parçası ilə ənsə sümüyünün sınması ilə nəticələnən başından ağır zərbə endirib. Aldığı zərbədən huşunu itirən zərərçəkmiş qeyd edir ki, ayılanda ona deyiblər ki, Bakıda, klinkalardan birindədir. Onu da qeyd edək ki, Məmməd Mirzəyev aldığı zərbə nəticəsində iş qabiliyyəti ilə yanaşı, yaddaşını da itirib. Hadisəyə bir az ətraflı nəzər salaq.
Zərəçəkmişin əməkdaşımıza bildirdiyinə görə, Hüseyn Şahbazov iş yerinə sərxoş vəziyyətdə gəlib. “Özünün dediyinə görə axşamdan kimlərləsə davamlı olaraq spirtli içki qəbul ediblər. O həmin gün demək olar ki, səbəbsiz yerə mənimlə dalaşmaq üçün müxtəlif cür hərəkətlər edir, bəhanələr axtarırdı. Mən onun bu hərəkətlərinin sərxoşluğun nəticəsi olduğunu bildiyim üçün demək olar əhəmiyyət vermirdim. Lakin bir an başımdan aldığım zərbə nəticəsində huşumu itirdim.
Ondan sonra nə baş verdiyi haqda məlumatlı deyiləm. Gözlərimi açanda mənə Bakıda, klinikalardan birində olduğumu söylədilər” – deyən zərərçəkmiş, hal-hazırdaiş iş qabiliyyətini itirmiş vəziyyətdədir. Yaxınlarının verdiyi məlumata görə bir müddət paytaxtda, xəstəxanada koma vəziyyətində olan zərərçəkmişin aldığı zərbə nəticəsində ənsə sümüyü sınıb, ağır baş-beyin travması alıb. Öz şəxsi hesabına bir müddət paytaxtda müalicə alan Məmməd Mİrzəyev sonra yaxınları tərəfindən rayona aparılır. Zərərçəkmişin yaxınlarının Conflict.az-a verdiyi məlumatda qeyd edilir ki, həmin vaxt “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin – İmişli Şəkər Zavodunun direktoru Ceyhun Salmanov Məmməd Mirzəyevə söz verir ki, əgər şikayət etməzsə, ona pensiya təyin edilməsi işində yaxından kömək edəcək. Lakin müəyyən müddət keçəndən sonra verilən vədlər yaddan çıxır və ya unudulur.
Əslində baş verən hadisədə olduqca diqqət çəkən məqamlar var. Öz ciddi iş rejimi ilə daim fərqlənən müəssisədə sərxoş vəziyyətdə işə gələn işçini kim və hansı məqsədlə müəssisəyə buraxıb? Bu laqeyidlik işçilərin əmək təhlükəsizliyinin kobud şəkildə pozulmasıdır. Digər tərəfdən zavod rəhbərliyi məhz özünün diqqətsizliyi nəticəsində istehsal sahəsinə sərxoş vəziyyətdə daxil olub, iş yoldaşına ölümcül xəsarət yetirən şəxsin məsuliyyətə cəlb edilməsi üçün hər hansı addım atmayıb. Əks halda Baku City Hospitalının həkimi Səməd Mədətovun imzaladağı sənəddə göstərilən xəsarətlərə görə hadisəni törədən Hüseyn Şahbazov həbs olunmalı idi. Zavod rəhbərliyi bunun ardınca zərərçəkmiş işçisinin müalicə xərcləri ilə paralel, bir dəfəlik kompensasiya da verməli idi. Çünki sərxoş şəxs məhz rəhbərliyin laqeyidliyi və ya diqqətsizliyi nəticəsində istehsal sahəsinə daxil olaraq, insan həyatına təhlükə yaradan hadisə törədib. Əvəzində nə baş verib? İmişli rayon polis şöbəsi hadisə haqqında məlumat alıb, lakin bu günə qədər hüquq müstəvisində hər hansı hərəkətə keçməyib. Şəxsə ölümcül zərbə vuran Hüseyn Şahbazov hələ də azadlıqdadır. Rayon polisinin bu hərəkəti əslində Azərbaycan hüquq sisteminə inamsızlığın yaranmasına səbəb olan amildir. Baş verən hadisənin nəticəsi həkim rəyində rəsmən təsdiq edilib. Belə olan təqdirdə rayon polisi nəyi və ya kimi gözləyir?
Hal –hazırda yataq xəstəsi olan şəxsin sosial durumu da kifayət qədər ağırdır. Hər halda yaxınları belə iddia edirlər. Adam iş qabiliyyətini itirib. Ailəsinin, övladlarının maddi təminatını həyata keçirmək imkanına malik deyil.
Təkrar olaraq qeyd edirik Baku City Hospitalın həkiminin 28.03.2021-ci il tarixdə verdiyi rəydə qeyd edilib: Qapalı baş-beyin travması, ağır dərəcəli kəllədaxili hemotomalar, ənsə sümüyününün sınığı və s. Bu sizə nə isə demirmi cənablar? “Klinikaya ağır, soporoz vəziyyətdə daxil olmuşdur”. Bu cümlələr müalicə həkimi Səməd Mədətova aiddir. “2-3 ay fiziki işdən azad edilsin.” Sual olunur bir şəxsin ən azından 2-3 ay işdən azad olmasına səbəb olan hadisəni törədən şəxs nə üçün azadlıqda qalmalıdır? Kim təminat verir ki, bu şəxs yenə də spirtli içkinin təsiri altında təkrar, başqa bir şəxsə, daha ağır, bəlkə də onun ölümünə səbəb olacaq hadisə törətməyəcək? Və ya “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin rəhbərliyi istehsal zamanı iş qabiliyyətini pozan xəsarət alan işçisinə nə üçün təzminat ödəmək istəmr? Suallar çoxdur.
Mövzuya qayıdacağıq.
Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq, dərc etməyə hazırıq.
Conflict.az