Tanımış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz “Həftə içi”nə müsahibəsində son vaxtlar cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş Rusiya ordusunun “sülhməramlı” adı altında Azərbaycana növbəti gəlişi kontekstində Azərbaycan-Rusiya münasibətlərini tarixi-siyasi baxımından təhlil edib. Həmin münasibətlərin ölkəmizə daha zərərli məcrada inkişaf etməsi üçün erməni məmurlarının məkrli fəaliyyəti və s. haqda danışıb.
- Boran müəllim, istərdik ki, hazırda Azərbaycanın 44 günlük müzəffər savaşından sonra Rusiyanın Qarabağdakı sülhməramlı missiyası, son üçtərəfli Moskva görüşü və s. fonunda Azərbaycan-Rusiya münasibətlərini qısa şəkildə tarixi-siyasi aspektdən təhlil edəsiniz. Çağdaş Vətənimizdən həmin münasibətlərin tarixi necə görünür?
- Bilirsiniz, biz hələ orta məktəbdə oxuyarkən böyük rus yazıçıları Dostoyevskinin, Çexovun, Şoloxovun əsərlərini maraqla oxumuş, M.Ə.Rəsulzadənin sözləri ilə desək, “Lermontovun tağlarda uçan ruhu, Puşkinin su kimi axan nitqi, Tolstoyun məsihanə fəlsəfəsinə vurulmuşduq. Nəticədə, bizdə rus xalqına və mədəniyyətinə bir sevgi yaranmış, məhəbbət formalaşmışdı...
Müstəqilliyimizin indiki dövründə bu gün postsovet respublikaları içərisində ən çox rusdilli orta məktəblər, ali məktəblərdə rus bölmələri monoetnik respublika olan Ermənistanda deyil, məhz bizim Vətənimizdədir. Ölkəmizdə dövlət dili Azərbaycan dili olsa da, bir çox hallarda elmi iş və dissertasiyalar yenə də rus dilində yazılır...
Biz obyektiv mövqe tutan, neomüstəmləkəçilik düşüncəsindən uzaq rus bilim adamlarının, ziyalılarının, jurnalistlərinin mövcudluğunu çəkinmədən obyektiv mövqelərini ortaya qoyduqlarını da məmuniyyətlə qeyd edirik. Belə şəxslər az sayda olmaqla siyasi qərarlara təsir etmə imkanına malik deyillər...
İnsanlarımız bu sevdada ikən Rusiyanın rəsmi və qeyri-rəsmi şəxslərinin əksəriyyətinin, o cümlədən ermənikökənli, yaxud valideynlərindən biri erməni olan yüksək vəzifə tutan Rusiya siyasi xadimlərinin ölkəmizin ərazi bütövlüyünü pozan, torpaqlarımızı işğal edən, insanlarımızı doğma torpaqlardan qovan, maddi-mədəniyyət abidələrimizi dağıdan, məscidlərimizdə donuz, inək saxlayanları - erməni faşistlərini müdafiə etmələri, silah-sursatla təmin etmələri, ərazisi işğal olunanla işğal edəni bərabərləşdimələri, rəsmi dövlət kanallarında işğalçıya haqq qazandıran verilişləri faktiki hər gün yayınlamaları bizdə təəccüb və təəssüf doğurdu. Bu cür hallar haqlı olaraq adamlarımızı həqiqətin belə kobud şəkildə təhrif edilməsinin səbəblərini bilmək, araşdıraraq düşünmək məcburiyyətində qoyur. Adamlarımız “Nədən bizə qarşı belə təbliğat aparan qonşu ölkələrin telekanalları bağlanmır?” düşüncəsindən sonra “səni sevəcəyəm, sən sevməsən”də aforizminin artıq arxada qaldığını bildirirlər. İnsanlarımızda ölkəmizə qarşı düşmənçilik münasibətinin əsas səbəbini türk-müsəlman olmağımızda görmələri isə tarixən tolerant, beynəlmiləl ruhlu olan bizləri dərindən düşünməyə məcbur edir...
- Yəqin ki, belə məqamlarda öncə göz önünə sovet dönəmində Rusiyanın faşist Almaniyasına qarşı apardığı ölüm-dirim savaşında xalqımızın etdiyi ağlagəlməz fədakarlıqlar gəlir?..
- Bəli, elədir... Uşaqdan-böyüyə hər kəsə məlumdur ki, II Dünya müharibəsi illərində Azərbaycandan Sovet adlanan rus ordusu sıralarında 11 mini qadın olmaqla 700 minə yaxın adam vuruşmuş, onlardan 300 mindən çoxu həlak olmuşdu. Minlərlə adam isə şikəst halda, əmək qabiliyyətini itirmiş formada Azərbaycana dönmüşdü... Rusiyanın faşist Almaniyası üzərindəki qələbəsində Bakı neftınin əhəmiyyəti isə xüsusi qeyd edilməlidir. Günün 18-20 saatını fədakarlıqla çalışan Azərbaycan neftçiləri təkcə 1941-ci ildə 23,5 milyon ton neft çıxarıb Rusiyaya göndərmişlər. Bütövlükdə, müharibə illərində SSRİ sənayesinin və hərbi texnikasının istifadə etdiyi 110 milyon ton neftin 75 milyon tonu, təyyarə benzininin isə 85-90 faizi Bakıdan göndərilmişdi... Belə köməkliklər xeyli çox olsa da, hələlik bununla kifayətlənirik...
Bəs bizim Vətən müharibəmizdə Rusiyanın bir sıra siyasi xadimləri nə etdi? Təəssüf ki, belə hörmət və ehtirama, inam və etibara qonşu dövlətin bir sıra siyasi xadimlərinin əməyi nəticəsində necə deyərlər, süni şəkildə “qar yağdırıldı”...
- Güman ki, bir tarixçi alim olaraq xanlıqlar dövründən çağdaş dövrümüzə qədər - çar, bolşevik-sovet və indiki Rusiya ilə bağlanmış müqavilələr və onlara “böyük qardaş”ımızın necə əməl etməsi haqda əlinizdə kifayət qədər faktlar var?
- Bəli, mövcud durumumuz üçün ibrətamiz olduğundan bunu çox yerində xatırlatdınız... Məsələn, 1805-ci ilin mayından dekabrına qədər Qarabağ, Şəki və Şirvan xanlıqları ilə Rusiya imperatorluğu arasında 11 maddədən ibarət “Andlı öhdəlik” imzalandı. Müqavilələr Çar xəzinəsinə veriləcək xəracın həcmi istisna olmaqla, demək olar ki, eyni idi. Orada xanların və Rusiya hökumətinin üzərinə götürdüyü öhdəliklər var idi. Müqavilənin 2-ci maddəsində Rusiya öhdəsinə götürürdü ki, “xanlıqların daxili idarəetmə işlərinə qarışmayacaq, daxili idarəetmə xanın ixtiyarında qalacaqdır. Bundan başqa, Çar özünün və vəliəhdlərinin adından xan və onun varislərinin ölkəsinin(yəni xanlıqların) bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir”.
5-ci maddədə isə Rusiya öhdəsinə götürürdü ki, xanın varis və arxasının xanlığın üzərində hakimiyyəti dəyişməz saxlanılacaq, məhkəmə və divanxana, ölkədən yığılan gəlir xanın səlahiyyətində qalacaqdır. Maraqlıdır ki, xanlar üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirdikləri halda Rusiya tam tərsinə hərəkət etdi. Belə ki, onlar Qarabağ xanı İbrahimxəlil xanla imzaladığı Kürəkçay müqaviləsindən bir il on doqquz gün sonra - 1806-cı il iyun ayının 2-də imzaladığı müqaviləyə, üzərinə götürdüyü öhdəliyə tüpürərək mayor Lisaneviçin rəhbərliyi altında 200 nəfərlik rus əsgəri onun ailə üzvlərini 18 nəfərlə birlikdə gecə ikən qətlə yetirdilər. Bununla da kifayətlənmədilər. Xanlıqların daxili işlərinə qarışmayacağına, təhlükəzliyinə zəmanət vermələrinə baxmayaraq 1819-1826-cı illərdə onları ləğv etdilər. Bununla da birincisi, Rusiya dövlətində bağladığı müqaviləyə əməl etmək əxlaqının, düşüncəsinin və ənənəsinin olmadığı üzə çıxdı. İkincisi, Azərbaycan tarixinin bütöv bir dönəmi sona yetmiş oldu. Çar Rusiyası Quzey Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var-dövlətini, bütün təsərrüfatını öz əlinə keçirərək, buranın iqtisadi fəthi qarşısında duran xanlıq idarəçiliyini aradan götürmüş oldu. Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin büsbütün sümürgəçilik meydanına çevrilməsi üçün yol açıldı...
- Çox güman ki, Rusiyanın Azərbaycanla bağladığı müqavilələri pozmasına varlı, vəzifəli ermənilər də kifayət qədər dəstək verib?..
- Bəli, tarixdə belə faktlar kifayət qədərdir. Məsələn, 1816-1827-ci illərdə Qafqazın baş komandanı olmuş general A.P.Yermolov və onun Azərbaycandakı ən inanılmış, etibarlı adamı olan erməni Rustam Qriqoryeviç Mədətovun Vətənimizdə etdikləri qanunsuzluqların, vəhşiliklərin, hiyləgərliklərin həddi-hüdudu olmamışdır. Onlar bağlanan müqavilələrin şərtlərini heçə sayaraq xanlıqların daxili işlərinə kobudcasına, çəkinmədən qarışırdı. Bu cəhətdən rus məmurlarının XIX əsrdə Qarabağ xanlığındakı qanunsuzluqları daha ibrətamizdir. Belə qanunsuzluqların həyata keçirilməsində çar generalına əslən Qarabağın sadə erməni kəndli ailəsindən olan, Yermolovun yaxından köməyi sayəsində general rütbəsinə və knyaz tituluna layiq görülmüş Mədətov yaxından kömək etmişdi. Həm də bu zaman o, öz xeyrini heç vaxt unutmamışdı. Belə ki, Mədətov “1818-ci ildən Mehdiqulu xanın İrana qaçdığı 1822-ci ilədək ...1500 dən çox ailənin yaşadığı kəndlərin guya dədə-baba mülkü kimi ona qaytarılması haqda xandan zorla, hədə-qorxu gəlməklə “təliqələr” almışdı. Bunun nəticəsində o,1821-ci il aprelin 20-də çar fərmanı ilə həmin kəndlər üzərində daimi və nəsli sahiblik hüququna sahib olmuşdu...
Rustam Mədətov bununla da kifayətlənməmişdi. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağanı öyrətmişdi ki, əmisindən çara və Qafqazın baş komandanına “danos” yazsın ki, guya o, əhalini çara qarşı qaldırır, Osmanlı sultanı və Qacar şahı ilə əlaqə saxlayır. Bundan istifadə edib onu qovduqdan sonra isə Cəfəqulu ağanı onun yerinə qoyarlar. Bu şirnikləndirici vədə inanan Cəfərqulu ağa ona deyildiyi kimi edir. Hər tərəfdən müxtəlif əsassız bəhanələrlə Yermolov və Mədətov tərəfindən sıxışdırılan Mehdiqulu xan ona olan təzyiqlərə dözməyib 1822-ci ildə Qacar səltənətinə gedir. Bunu eşidən Cəfərqulu ağa sevincək Mədətovun yanına gedib əmisinin qaçdığını, razılaşdıqları kimi onu xan kimi tanımalarını bildirir. Mədətov razılaşırb bildirir ki, bunun üçün Cəfərqulu ağa əvvəlcə burada olan iki oğlan uşağının da xan nəslindən olduğunu təsdiqləsin. Amma o bir neçə səbəbdən bunu təsdiq etməkdən imtina edir. Əvvəla, bu uşaqlar Qafqazın Baş komandanı Yermolov Azərbaycanda olarkən ona axşamlar yaxşı qulluq etmək üçün Mədətov tərəfindən ayrılmış erməni xanımından doğulmuşdu və onların adını da qəsdən Bəxtiyar və Allahyar qoymuşdular. Digər tərəfdən,o anlamışdı ki,bunu təsdiq edəcəyi halda onun özünü də aradan götürüb adı, soyadı azərbaycan, əslində isə rus və ermənidən olan bu uşaqları xanın qanuni varisi kimi tanıyacaqlar...
- Boran müəllim, bağladığı müqavilələrə, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ənənəsinin tarixini öyrənmək baxımından bolşevik Rusiyasının fəaliyyəti də xüsusilə ibrətamiz deyilmi?
- Əlbəttə... Diqqət edin. 1920-ci il aprel ayının 27-də Cümhuriyyət parlamentinə bolşeviklərin əlaltıları, indi deyildiyi kimi, “5-ci kolon”un nümayəndələri tərəfindən ultimatum təqdim olunub. Onlar iddia edirdilər ki, guya XI Qırmızı Ordu Vətənimizi işğal etməyə gəlməyib, Bakıya daxil olmadan Anadoluda ölüm-dirim savaşı aparan türklərə köməyə gedəcək. M.Ə.Rəsulzadə bu fikirlərin yalan olduğunu bildirərək demişdir: “Əfəndilər! Amansız bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək? Kimə təslim oluruq?... Bizi inandırırlar ki, Rusiyadan gələn bu təcavüzkar ordu ölüm-dirim mücadiləsində bulunan Türkiyəni xilas etməyə gedir... Əfəndilər, bizdən soruşmadan sərhəddimizi keçən hər hanki bir qüvvə dostumuz deyil, düşmənimizdir... Duyduğumuz bu təbliğat da düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır. Gələn ordu rus ordusudur...İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qonmaqdır...
Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir...”
Doğrudan da xalqımız işğalçıları on minlərlə qurban verdikdən, sürgünlərdə ömür çürüdəndən, repressiyaya, deportasiyaya məruz qaldıqdan, xeyli əzəli torpaqlarımızı itirdikdən 71 il sonra çətinliklə olsa da, Vətənimizdən qova bildi...
Bolşevik Rusiyası Cümhuriyyət ordusunu ləğv edərkən həm 1920-ci ilin 30 sentyabrında Azərbaycan SSR ilə RSFSR arasında bağlanan müqavilədə həm də 1922-ci ilin dekabrında SSRİ yaranarkən öhdəsinə götürdü ki, Azərbaycanın ərazi bütövlüyünü, burada yaşayan əhalinin təhlükəsizliyini təmin edəcəkdi. Cümhuriyyət zamanı ölkəmizin mübahisəsiz ərazisi 97,3 min kv.km, Ermənistanın ərazisi isə 9 min kv.km olmuşdur. Bolşevik işğalından sonra Azərbaycan SSR-in ərazisi Zəngəzurun, Dərələyəzin, Borçalı, Qazax torpaqlarının və s. verilməsi hesabına azalaraq 86,6 min kv.km, Ermənistan SSR-in ərazisi isə bizim torpaqlarımızın hesabına artaraq 29 min kv.km oldu...
Beləliklə, rus-sovet hökuməti nə ərazimizin bütövlüyünü, nə də əhalimizin təhlükəsizliyini təmin etdi. 1990-cı il yanvarın 20-də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın Xocalıda törətdikləri qətliam isə uşaqdan böyüyə hər bir azərbaycanlıya məlumdur. Ancaq bunlara baxmayaraq ürəyində Rusiya dövlətinə, onu idarə edənlərə kin-küdurət, nifrət saxlamayan xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müzəffər savaşımızdan sonra Rusiya “sülhməramlıları”nın torpaqlarımıza girib yenidən ermənipərəst mövqe tutmasından sonra tərəddüd etməyə başladı. O, özünə sual verməyə məcbur qaldı: “Görəsən, gələn Rusiyanın 367-ci alayıdır?..