Keşiş hökumət əleyhinə yürüşlərə rəhbərlik etməkdə şübhəli bilinir

Gündəm / Siyasət / Dünya

83

Keşiş hökumət əleyhinə yürüşlərə rəhbərlik etməkdə şübhəli bilinir
Cənubi Koreyanın paytaxtı Seul şəhər hökuməti kütləvi yığıncaqlara rəhbərlik etməklə COVID-19 virusunun yayılmasına şərait yaratdığına görə “Saranq Ceil” kilsəsinin keşişindən 4,6 milyard von (təxminən 3,9 milyon ABŞ dolları) təzminat istəyir.

Seul hökuməti təzminat məsələsi ilə əlaqədar məhkəməyə müraciət etməyi planlaşdırıb. Şəhər hökumətinin yaydığı məlumatda deyilir ki, kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, keşiş Cun Kvan-hun avqustun ortalarında minlərlə adamın iştirakı ilə hökumət əleyhinə yürüşlərə rəhbərlik etməkdə şübhəli bilinir. Həmin yürüşlərdən sonra keşişin özü də daxil olmaqla bir neçə şəxsin virusa yoluxduğu aşkarlanıb. Bundan başqa, həmin yürüşlər zamanı şəhər təsərrüfatına və sığorta qurumlarına təxminən 11 milyon dollar ziyan dəyib. Bura kilsədə ibadət mərasimlərində və kütləvi yürüşdə iştirak zamanı virusa yoluxması güman edilən 641 nəfərin müalicə xərcləri, habelə yoluxma şübhəsi ilə ev şəraitində təcrid edilənlərə sərf olunan xərclər də daxildir.

Seul hökumətinin rəsmisi Hvanq İn-Şik bildirib ki, əslində qeyd olunan məbləğ maddi ziyanın kiçik bir hissəsidir. Belə ki, paytaxtda virusun yayılmasının sürətlənməsi səbəbindən tətbiq olunan sosial məsafə tədbirləri və onun iqtisadi fəaliyyətlərə vurduğu ziyan daha böyükdür.

Qeyd edək ki, avqustun ortasından başlayaraq Cənubi Koreyada, xüsusən də paytaxtda COVID-19 infeksiyasına yoluxanların sayı əhəmiyyətli dərəcədə çoxalıb. Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, “Saranq Ceil” kilsəsində ibadət mərasimləri ilə əlaqəli böyük hissəsi yaşlı insanlar olmaqla 1168, kütləvi yürüşlərlə əlaqəli isə 587 yoluxma aşkarlanıb. Hökumət epidemik vəziyyəti nəzarətdə saxlamaq üçün karantin tədbirlərini xeyli sərtləşdirməli olub. Bu çərçivədə fitnes zalları və internet kafeləri bağlanıb, restoran və kafelərin fəaliyyəti isə məhdudlaşdırılıb. Bundan başqa, məktəblərdə dərslər dayandırılıb.

Seul hökuməti keşiş Cun Kvan-hunu təkcə səlahiyyətli qurumların yoluxma zəncirini aydınlaşdırmaq üçün cəhdlərini pozmaqda deyil, həm də kilsəyə gələnlər haqqında saxta sənədlər təqdim etməklə paytaxtda yoluxma hallarının çoxalmasına səbəb olmaqda ittiham edir.

Kilsə və onun keşişi isə bütün bu ittihamları rədd edərək, şəhər hökumətini virusun yayılması ilə mübarizəni zəif təşkil etməkdə günahlandırır.

Conflict.az