Sizin reklam burada
Sizin reklam burada

"Putin adı siyasi mübarizə aləti kimi istifadə olunur"

"Putin adı siyasi mübarizə aləti kimi istifadə olunur"
"Rusiya lideri Vladimir Putinin adı ABŞ-nin daxili siyasi mübarizəsində alətlərdən biri kimi istifadə olunur. Kreml ümid edir ki, ABŞ prezidentliyinə namizədlər bu adı rahat buraxacaqlar".
TASS-ın verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp və demokratlardan olan rəqibi Kamala Harris arasında keçirilmiş debatları şərh edərkən bildirib.
"Əlbəttə ki, hər iki namizədin bizim prezidentimizi və ölkəmizi xatırlatmasına diqqət yetirdik. Putinin soyadı ABŞ-nn daxili siyasi mübarizəsində alətlərdən biri kimi istifadə olunur. Bu, bizim xoşumuza gəlmir və ümid edirik ki, onlar prezidentimizin adını rahat buraxacaqlar", - deyə o qeyd edib.
Bununla yanaşı, Peskov vurğulayıb ki, ABŞ prezidentliyinə namizədlərin hansı partiyadan olmasından asılı olmayaraq, Rusiyaya qarşı mənfi münasibətini saxlayır.
"Mövqe tamamilə aydındır, ABŞ bütövlükdə, namizədlər hansı partiyadan olursa-olsun, ölkəmizə qarşı mənfi, qeyri-dostluq münasibətini saxlayır", - deyə o əlavə edib.
"Qalan məsələlər, yəqin ki, amerikalı seçicilərin işidir, öz namizədlərinə qiymət vermək onların məsələsidir, bizim yox. Bizim öz qayğılarımız, nailiyyətlərimiz və problemlərimiz var", - deyə Kreml nümayəndəsi yekunlaşdırıb.
Qeyd edək ki, Tramp və Harris arasında "ABC News" telekanalının təşkil etdiyi teledebatlar çərşənbə axşamı Filadelfiyada (Pensilvaniya ştatı) keçirilib. CNN telekanalının sorğusunun nəticələrinə görə, debatları izləyən qeydiyyatdan keçmiş seçicilərin 44%-i Harrisin onların problemlərini daha yaxşı başa düşdüyünü bildiriblər, 40%-i isə Trampı dəstəklədiklərini söyləyiblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş