Sizin reklam burada
Sizin reklam burada

Neft niyə 1 dollar oldu?

Neft niyə 1 dollar oldu?
“Dünən neft bazarında baş verənlər tarixdə nadir rast gəlinən hadisə idi. İlk dəfə ötən əsrin 20-ci illərində belə bir durum yaranmışdı, neftin qiyməti mənfiyə düşmüşdü, o da qısamüddətli olmuşdu”.

Dünya bazarlarında neftin qiymətlərinin 1 dollardan da aşağı düşməsi haqda Teleqraf.com-a danışan iqtisadi Natiq Cəfərli belə deyib.

Ekspertin sözlərinə görə, mart ayında dünyada pandemiya elan ediləndən sonra OPEK+ anlaşması baş tutmadı, nəticədə neftin qiymətləri ucuzlaşmağa başladı:

“Neft fyuçersləri ilə ticarət edən treyderlər ucuz neftin may ayı üçün nəzərdə tutulan müqavilələrini almağa başladılar. Həmin dövrdə neftin qiymətləri 18-19-20 dollar arasında dəyişirdi. May ayı üçün müqavilələri o ehtimalla aldılar ki, mayda pandemiya səngiyəcək, OPEK və Rusiya çıxış yolu olmadığı üçün anlaşacaq, nəhayət, qiymətlər kəskin artacaq. Beliklə, pul qazanmaq və investisiyalarını artırmaq məqsədilə mart ayının ortalarından may üçün imzalanmış müqavilələri almağa başladılar.

Dünən isə bu müqavilələrin satış müddətinin bitdiyi gün idi. Dünən həmin müqavilələr satılmasaydı, bu gün treyderlər əllərində olan müqavilələrlə Amerikaya gedib oradan nəzərdə tutulan nefti almalı idilər. Almasaydılar, daha böyük cərimələr ödəməli olacaqdılar, oyunun qaydaları budur.

Buna görə də, dünən səhər saatlarından başlayaraq Texas markalı neftin qiyməti düşməyə başladı. Satış müddətinin bitməsinə iki saat qalmış isə treyderlər müqavilələri pulsuz verib, üstündə də daşınma və saxlama xərclərini də ödəməyə başladılar. Tarixdə ilk dəfə idi ki, birjaların bağlanmasına iki saat qalmış əllərindəki 20 müqavilənin üstündə hər barelinə 38 dollar verməklə hansısa şirkətlər tərəfindən alınmasının şahid olduq.

Amma dünya tarixində bir daha belə halın təkrarlanacağını düşünmürəm. Söhbət çox böyük rəqəmlərdən gedir. Dünən baş verən proseslər bununla bağlı idi”.

Natiq Cəfərli bildirib ki, treyderlər may ayının fyuçerslərini satmasaydılar, bu gün Amerikadan fiziki nefti götürməli idilər, bunu isə saxlamağa yerləri, emal müəssisələri yoxdur:

“Bunlar müqavilələrlə məşğul olan və bundan pul qazanan investisiya şirkətləridir. Onlar obrazlı dillə desək, neftin qoxusunu belə bilmirlər. Buna görə də, üzərlərindən məsuliyyəti atmalı idilər ki, böyük cərimələr ödəməsinlər.

Qlobal neft bazarında baş verənlərə gəlincə, neft istehlakı kəskin şəkildə azalıb. Bu gün hələ də gündəlik neft istehsalı 100 milyon bareldir. İstehlak olunan neftin həcmi isə 70 milyon barelə düşüb. Yəni hər gün dünya bazarında əlavə 30 milyon barel neft qalır. Bu qədər fiziki nefti də haradasa saxlamaq lazımdır. Anbarlar və tankerlər isə demək olar, ağzına qədər dolub. Tankerlərin icarə haqqı 10 dəfə bahalaşıb. Neftin saxlanılması üçün başqa yerlər qalmadığına görə tankerlər daha baha qiymətlərə icarəyə verilir. Bu qədər bolluqda neftin qiymətinin düşməsi gözlənilən idi.

Nə qədər ki, dünya karantin rejimindədir, 4 milyarda yaxın insan evində oturub, təyyarələr uçmur, avtomobillər hərəkət etmir, deməli, neftə tələbat aşağı səviyyələrdə qalacaq. Yəni pandemiya neftin qitmətlərinə ən çox təsir edən amilə çevriləcək”.

Ekspert pandemiyadan sonra da dünyada neftə olan tələbatın artmayacağını söyləyib:

“Təəssüfləndirici hal ondan ibarətdir ki, post-pandemiya dönəmində - iyun-iyul aylarında dünyada vəziyyət normala dönəcək, o zaman neftə tələbatın kəskin artmasının şahidi olmayacağıq. Bu prosesin bir neçə ay çəkəcəyini düşünürəm. Çünki bütün neftayırma zavodları, emal müəssisələri ehtiyatlarını ağzına qədər doldurublar.

Hətta bahalaşmağa başlayan kimi artıq bazarlardan neft almayacaqlar, ucuz alınmış ehtiyatları emal edəcəklər. Bu da yenidən qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Ən azı bu ilin sonuna qədər neftin qiymətinin ən yaxşı halda 25-30 dollar civarında qalması ehtimalı yüksəkdir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ