Sizin reklam burada
Sizin reklam burada

Məşhur alim, partiya sədri İlham Əliyevə müraciət etdi: "Əmlak komitəsi - Dövlət komitəsi sayılsa da, bu idarə əslində təmənnayla işləyən şirkət kimi fəaliyyət göstərir...."

Məşhur alim, partiya sədri İlham Əliyevə müraciət etdi: "Əmlak komitəsi - Dövlət komitəsi sayılsa da, bu idarə əslində təmənnayla işləyən şirkət kimi fəaliyyət göstərir...."“Qorqud” partiyasının sədri, Batini-Quran kitabının müəllifi, sufi-batin alimi Kərimov Firudin Mahmur oğlu (Firudin Gilar Bəg) tərəfindən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına açıq məktub

Hörmətli cənab Prezident. Mən əvvəllər Sizə milli ideologiyamız və Azərbaycanın gələcəyi ilə bağlı təkliflərlə müraciət edirdim. Bu gün isə Əmlak komitəsinin mənim başıma gətirdiyi oyunla bağlı müraciət edirəm.

Səhhətimdə olan ciddi problem məni məcbur etdi ki, mənə vərəsəliklə çatmış fərdi evimin həyətinə sərəncam almaq üçün Dövlət Əmlak komitəsinə müraciət edim. Bu zaman məlum oldu ki, Akademik Həsən Əliyev küçəsindəki, 63 ildən artıq bizim ailəyə məxsus olan fərdi evim və onun həyətyanı sahəsi BTİ-də bina evi kimi qeyd olunub. Başqa sözlə, BTİ-nin sənədlərinə görə mən binada yaşayıram və evimin həyəti də mənə məxsus deyil.

Əvvəllər Hərbi Hissə, Hərbi Şəhərcik, sonra İnqlab küçəsi və nəhayət Akad. Həsən Əliyev küçəsi adlandırılan bu ərazidə 300-ə yaxın fərdi ev və hərəsinin də təxminən 600 kv/m həyəti var. Bu gün bu evlərin əksəriyyətində imkanlı şəxslər villalar tikmişlər və həyətlərinin torpağına da sərəncam almışlar. Mən isə, doğulduğum və 55 il yaşadığım bir mərtəbəli, sərəncamlı evimin həyətinə çıxarış ala bilmirəm. Bu absurdluğa cavab tapmaq üçün Daşınmaz Əmlak Dövlət Reyestr xidmətinin rəisi Hikmət Mustafayevin qəbulunda oldum. O da, onlarda olan sənədə görə mənim binada yaşadığımı təsdiq etdi və yalnız Məhkəmə qərarı ilə torpağıma sənəd ala biləcəyimi və yalnız bu halda onun da mənə köməklik edəcəyini bildirdi.

2018-cı ildə mən Məhkəməyə müraciət etdim. Evimə baxmaq üçün Hakim və köməkçisi gəldi və bu ünvanda heç bir binanın olmadığını və mənim də, bütün qonşular kimi öz fərdi həyət evimdə yaşadığımı gördü. Əmlak komitəsinin əsaslandığı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin, yəni “bina və onunun köməkçi ərazisi” maddəsinın bu məhəlləyə heç bir aidiyyəti olmadığının da şahidi oldu. Məhkəmənin qərarı da ədalətli oldu və bu həyətin mənim adıma sərəncam verilməsi qərarını çıxardı.

Lakin vəkil mənə bildirdi ki, Əmlak komitəsi appelyasiya şikayəti verəcək və sən yenə də aylarla, illərlə məhkəmələrdə “sürünəcəksən”. Mən isə, səhhətimdəki problemə görə “sürünmək” istəmədim və Reyestr xidmətinin rəisi Hikmət Mustafayevin mənə verdiyi sözü yadına salmaq üçün, yenidən onun qəbuluna yazıldım. Qəbulu Hikmət Mustafayevin müavini Elşad Məmmədov keçirdi və mən məsələni ona tam izah etdim. O da mənim haqlı olduğumu, tətbiq etdikləri maddənin səhv olduğunu, mənim binada yox, öz fərdi həyətimdə yaşadığımı bildi və əsassız olaraq yenidən appelyasiaya şikayəti verməyəcəklərinə 99.99 % söz verdi. Qəbulun üstündın bir ay keçməmiş mən anladım ki, Əmlak komitəsi - Dövlət komitəsi sayılsa da, bu idarə əslində təmənnayla işləyən şirkət kimi fəaliyyət göstərir və bu idarənin rəhbərliyinin verdiyi sözlər də boş, mənasız sözlərdir. Başqa sözlə, Əmlak komitəsi əsassız və haqsız olaraq bu işdən appelyasiya şikayəti vermişdir.

Cənab Prezident. 1990-cı illərin əvvəllərində mənim şəxsi biznesim var idi və mən istehsalla məşğul idim. Qarabağ müharibəsinin başlandığı zaman, mən həqiqiəti öyrənmək üçün kitablar oxumağa başladım və qısa müddətdə İlahi sirlərə bələd oldum. O vaxtdan elm sahəsinə keçdim və çoxlu kitab, məqalələr yazdım. Eyni vaxtda, Qüdrətli və Bütöv Azərbaycan arzusu ilə, dünyanın ən qədim “Batin” elminin bazasında milli ideologiyanın əsaslarını hazırladım və “Qorqud” partiyasını yaratdım. Təəssüflər olsun ki, təbii şərait mənim elmimin və onun bazasında yaratdığım partiyanın lazımsız olduğunu göstərdi. Bir Allah şahiddir ki, mən düşüncəli həyatımı öz müqəddəs elimin inkişafına həsr etdim və buna qiymət verilməməsi isə mənim yox, ziyalılarımızın günahıdır. Onların susqunluğunun nəticəsidir ki, artıq elmi kitab və məqalələr yazmağa son vermişəm.

Hörmətli cənab Prezident. Bu gün mən həyatımın son mübarizəsini aparıram və bu absurd mübarizə - halallıqla mənə çatmış sərəncamlı evimin həyətinin sənədləşdirməsidir. Dövlət
Əmlak komitəsi və onun bütün işçiləri özlərini korluğa vurub, yaşadığım fərdi evin bina olduğunu iddia edirlər və məni haqsız olaraq məhkəmələrdə süründürməyi qarşılarına məqsəd qoyublar. Ev alveri ilə məşğul olan rieltorların dediyinə görə, bu ərazilərdəki evlərin torpağına sərəncam almaq üçün Əmlak komitəsinin “haqqı” 50-100 min manatdır. Əks halda onlar insanları məhkəmələrdə süründürürlər. Mən artıq bir il “sürünmüşəm” və qalan ömrümü də məhkəmələrə get-gələ sərf etməyə səhhətim imkan vermir.

Cənab Prezident. Bu gün Dövlət Əmlak komitəsi insanlara və qanuna deyil, öz şəxsi maraqlarına işləyən qurum kimi tanınır. Bu qurumun adındakı “Dövlət” sözü, Dövlətimizə ləkə gətirir. Çünki, bu qurumun işçiləri, qanunun nə olduğunu anlamayan, sözünə cavabdeh olmayan, özlərini korluğa vurmuş, öz şəxsi mənafelərinə işləyən təsadüfi insanlardır. Haqsız, qanunsuz olduqlarını bilə-bilə, yenidən appelyasiya şikayəti vermək, Dövlət adına ləkədir. Dövlət - qanun üstündə bər-qərar olur. Qanunsuz Dövlət – anarxiyaya aparır. Belə bir təşkilatın Dövlət qurumu adlanması, Dövlətimizin də qanunsuz və “kor” olması deməkdir.

Hörmətli Prezident. Sizdən xahiş edirəm vaxt tapıb bizə gələsiniz və mənim həqiqətən də binada yox, öz şəxsi həyəti olan fərdi evimdə yaşadığımın şahidi olasınız. Bundan sonda o “korlardan” təşkil olunmuş Əmlak komitəsinə anladasınız ki, hamının həyət evi kimi gördüyü məhəlləni bina kimi sənədləşdirmək olmaz. Kiminsə onlara veriləsi 50 min manatı yoxdursa, onları haqsız get-gələ salmaq qanunsuzluq və vicdansızlıqdır.

Cənab Prezident. Bu gün Azərbaycanm adlanan ölkə 5500 il əvvəl Assur,Assuriya adlanırdı və bu ölkəni mənim əcdadlarım olan Gilar-Xilat Atabəgləri yaratmışdılar. Tək Azərbaycanı yox, dünyanın bütün ölkələrini min illər bu Cəlair Qacarlarının şahlar nəsli haqq-ədalətlə idarə etmişlər. Bu gün öz vətənimdə, qanunla mənə məxsus olan torpağımın sənədləşdirilməməsi, haqq-ədalətlə yaratdığımız “Dünya”nın məhvə yaxınlaşmasının, axirətin tam yetişməsinin göstəricisidir. Əcdadlarımız, bu haqsızlığın cəzasının çox ağır olacağını da yazılarda xüsusi bildirmişlər.

Hörmətli Prezident. Sizdən xahiş edirəm, mənə və mənim vəziyyətimdə olan insanlarımıza qarşı Əmlak komitəsinin törətdiyi qanunsuzluğa, haqsızlığa son qoyulmasında köməklik edin. Əgər gücünüz çatmırsa, heç olmasa Əmlak komitəsinin adındakı “Dövlət” sözünün götürülməsinə göstəriş verin. Dövlət - qanunsuz və “kor” ola bilməz.



“Qorqud” partiyasının sədri, Batini-Quran kitabının müəllifi, sufi-batin alimi Kərimov Firudin Mahmur oğlu (Firudin Gilar Bəg)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ