Sizin reklam burada
Sizin reklam burada

“Müstəntiq deyir ki, onu həbs edə bilmərəm, hörmətli şəxslər tapşırıb” [video]

“Müstəntiq deyir ki, onu həbs edə bilmərəm, hörmətli şəxslər tapşırıb” [video]Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük generalı Vüsal Novruzova məxsus şirkətin avtomobili 36 yaşlı, iki uşaq anasını vurub öldürüb.

Bu barədə mərhumun həyat yoldaşı Mahir İmaməliyev Abzas-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 11 aydır məhkəmə getsə də nə qərar verilir, nə günahkar cəzalandırılır.

Mahir İmaməliyevin sözlərinə görə, hadisəni törədən sürücü himayə olunaraq gizlədilir.

“Həyat yoldaşım İmaməliyeva Laləni Bakı şəhəri Heydər Əliyev prospektində, 23-cü polis bölməsinin qarşısında yolu keçərkən 85-CA-611 dövlət qeydiyyat nişanlı “Opel Combo” markalı avtomobil vurub”.

Mahir İmaməliyev deyir ki, yoldaşı hadisə yerindəcə dünyasını dəyişib. Onun sözlərinə görə, hadisənin istintaqını Nizami Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədirzadə aparırdı.

“İstintaq müddətində hadisənin baş verdiyi yerdə ən yaxın təhlükəsizlik kamerasının deyil, 500 metr məsafədə olan kameranın görüntüləri mənə göstərildi. Həmin görüntülərdə sürücünün kim olduğu aydın bilinmir. Mənə dedilər ki, hadisəni Tərlan Məmmədov adlı şəxs törədib.Mən öyrəndim ki, Tərlanın sürdüyü avtomobil Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük generalı Vüsal Novruzova məxsus şirkətindir”.

Əvvəllər məhkum olunmuş Tərlan adlı şəxs avtomobili etibarnaməsiz idarə edirmiş. İstintaq müddətində müstəntiq hadisəni törədən şəxsin həbs edildiyini, avtomobilin müvəqqəti saxlama dayanacağına aparıldığını söyləsə də, sonradan deyilənlərin yalan olduğunu bildim.

Müstəntiqə müraciət edəndə o bildirdi ki, mən onu həbs edə bilmərəm, onu hörmətli şəxslər ona tapşırıb. Mən bundan sonra prokurorluq orqanlarına və Daxili İşlər Nazirliyinə məktubla müraciət etmişəm. Hadisə 2018-ci ildə baş versə də, hələ də məhkəmə prosesi davam edir. Hadisə Nizami rayon məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyində araşdırılır. Məlum olub ki, bizə təqdim olunan görüntülərin bir dəqiqəsi silinib.

Mən hesab edirəm ki, qəzanı törədən avtomobili Tərlan deyil, başqası idarə edib. Çünki görüntülərdəki sürücü ilə Tərlanın boyunun ölçüsü uyğun deyil. Həmin təmizlik şirkətinin rəhbəri İlham adlı şəxs gizlin bizim yasda iştirak edib. Mənə kim olduğunu deməyib.

Həmin İlham sürücünü müdafiə edir, ona qanunsuz avtomobil verməklə yanaşı onu açıq müdafiə etməkdən belə çəkinmir. Həmin şirkət mənə yoldaşımın dəfn xərcləri ilə bağlı da kömək etməyib. Mən heç kəsdən kömək də ummuram. Sadəcə bir istəyim var ki, avtomobillə həyat yoldaşımı öldürən şəxsin kim olduğunu bilim.

Mən prezident İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib, onlardan kömək istəyirəm. Xahiş edirəm ki, mənim həyat yoldaşımın ölümü ilə bağlı iş düzgün araşdırılsın, günahkar şəxs və ya şəxslər cəzalandırılsın.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ