Sizin reklam burada
Sizin reklam burada

Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlər indidən “pay-püşk” edilib

Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlər indidən “pay-püşk” edilibAprelin 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Aprel döyüşləri şəhidlərinin valideynləri və məcburi köçkün jurnalistlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər. Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşün Aprel döyüşlərinin üçüncü ildönümünə təsadüf etdiyini, bu döyüşlərdə Azərbaycan ordusunun qazandığı zəfərin tarixi hadisə olduğunu, dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini bütün dünyaya göstərdiyini bildirib.

Aprelin 2-də isə QMKİD K-də Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Göründüyü kimi, Dövlət Komitəsi üçün bu ay tədbirlər sarıdan məhsuldar günlərlə başlayıb. Amma xatırlatmalıyıq ki, Komitənin işi təkcə tədbirlər, daha doğrusu, anım tədbirləri keçirməkdən ibarət deyil. İşin mühüm istiqamətlərindən biri də əlbəttə ki, sözügedən kateqoriyadan olan insanların evlə təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Doğrudur, dövlət proqramlarına uyğun olaraq tədricən bu qəbildən olan bütün ailələrin əvəzsiz olaraq yeni qəsəbələrə, mənzillərə köçürülməsi təmin edilir. Lakin bütün sahələr nöqsanlardan xali olmadığı kimi, bu sahədə də probleminin həlli üçün növbəsi mənimsənilənlər, yaxud, növbə yetişincəyədək dərdi ağırlaşanlar, səhhət durumunda bərpa olunmayan itiki verənlər də vardır.

Beyləqan rayonunun ərazisində (Xocavənd qəsəbəsinin yaxınlığında) rayonda məskunlaşmış Ağdam, Füzuli, Xocavənddən olan məcburi köçkünlər üçün146 ailəlik çoxmənzilli binanın inşasına başlanılıb. Apardığımız müşahidələrdən, qeydə aldığımız video-çəkilişdən də görünür ki, tikinti aparılan ərazinin son tamamlanma işləri gedir. Bildirilir ki, artıq mənzillərin sahibləri bəllidir və adları siyahıya yerləşdirilənlərin arasında mənzilə həqiqətən ciddi ehtiyac duyanlardan, kirayədə acınacaqlı həyat tərzi keçirənlərdən daha çox imkanlılar, özlərinə Beyləqanda fərdi ev tikənlər, həyətyanı sahəyə yiyələnənlər, hətta Bakıda ev-eşik quranlar üstünlük təşkil edir. Bildirilir ki, elələri rəsmən açıqlanmayan müəyyən tələbləri yerinə yetirmək imkanına malik olduqları üçün qabağa düşə biliblər. Bu cür ayrı-seçkilik siyasəti barədə cəmiyyətə sızan məlumatlar haqlı narazılıqlara, şikayətlərə səbəb olur. Evsizlikdən daha çox əziyyət çəkən və maddi durumları ağır olan şikayətçilər – hansılar ki, bu gün acınacaqlı vəziyyətdə kirayədə yaşayırlar və həmin mənzillərlə ilk öncə onlar tənin olunmalıdırlar – redaksiyamıza müraciət edərək bildirirlər ki, dəfələrlə “Qaçqınkom”a, Komitənin sədrinə, əhalisi Beyləqanda məskunlaşan məcburi köçkün rayonların rəhbərliklərinə, Komitənin Beyləqan rayonu üzrə nümayəndəsi Allahverdi Əzizova müraciət etsələr də, şikayətlərinə baxılmır. Şikayətçi Vüsalə Əhmədzadə bildirir ki, o da digərləri kimi Komitəyə və Allahverdi Əzizova müraciət edib, deyib ki, ailə başçısıdı, öhdəsində azyaşlı uşağı var, Beyləqan rayon Heydər Əliyev prospektində kirayədə yaşayır, işsizdi, övladını təkbaşına, anasının, Qarabağ əlili olan atasının köməkliyi ilə dolandırır. Yenə də faydası yoxdur.Vüsalə Əhmədzadə və digərləri qəti olaraq bu fikirdədirlər ki, mübahisəli siyahıya yenidən baxılmalı, mənzillərin veriləcəyi şəxslərin növbə ardıcıllığı ədalət prinsipi ilə tərtib olunmalıdır. Buna nail olmaq üçün hara və kimə lazımdırsa müraciət edəcək, şikayətlərini səngitməyəcəklər.

Əldə etdiyimiz məlumata görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev son iclaslarda qaçqın və məcburi köçkünlərə fərdi ev və mənzillərin verilməsində ədalət prinsipinin gözlənilməsi, növbəliliyin pozulmaması, bu müstəvidə korrupsiyaya, süründürməçiliyə yol verilməməsi üçün Komitənin yerli qurumlarının vəzifəli şəxslərinə çox sərt xəbərdarlıq edib. Hətta cənab sədrin rayon rəhbərlərindən, yerli hüquq-mühafizə və xüsusi xidmət orqanlarından da bu məsələnin ciddi nəzarətə götürülməsini xahiş etdiyi bildirilir.

Biz də çox istərdik ki, Vüsalə Əhmədzadəyə və onunla eyni dərddə olan soydaşlarımıza həm təzə mənzilə köçmək, həm də düşmən üzərində qazanacağımız qələbəni, torpaqlarımızın yağı tapdağından azad olunacağı günü görmək qismət olsun.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ