Sizin reklam burada
Sizin reklam burada

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN İQTİSADİ POTENSİALI

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN İQTİSADİ POTENSİALI
İşğaldan azad edilmiş ərazilərimiz ittifaq dönəmində infrastruktur baxımından inkişaf etmiş bölgə idi. Lakin işğal nəticəsində regionun maddi-mədəni irsi ilə yanaşı, kommunikasiya, nəqliyyat, xidmət və sosial infrastrukturu, dəyəri on milyard dollarla ölçülən iqtisadi-kapital resursları tamamilə sıradan çıxarılmışdır. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun apardığı qiymətləndirməyə əsasən, ölkəmizə dəymiş iqtisadi zərər 820 milyard dollar təşkil edir. Ərazilərimizdə qeyri-qanuni olaraq sənaye, aqrar və digər sahələrdən hər il böyük həcmdə gəlir əldə edən ermənilər hazırda bu resursların əldən çıxması ilə ciddi maliyyə itkilərinə məruz qalmışlar. Qarabağ və ətraf rayonların hesabına buğda və arpa məhsullarına olan ehtiyacının 25 faizə qədərini təmin edən, ildə təxminən 190 min tonadək taxıl yığan Ermənistan bu imkandan məhrum olub. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin reallaşdırılması 44 günlük tarixi Zəfərdən sonra ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi fonunda Azərbaycan doğma torpaqlarında məcburi köçkünə çevrilmiş insanların vətənə qayıdışının təmin olunması, həmin ərazilərin iqtisadiyyatın xüsusi əlavə dəyər yaradan sektorlarına dövriyyəyə cəlb edilməsi üçün əlverişli imkanlar qazanmışdır. İlk növbədə, bu ərazilərdə zəruri infrastrukturların yaradılması və azad edilmiş ərazilərin potensialının qiymətləndirilməsi məqsədilə müxtəlif sosial-inkişaf proqramlarının hazırlanması nəzərdə tutulmuşdur. 2021-ci ilin dövlət büdcəsindən ayrılmış 2.2 milyard manat vəsaitlər hesabına cari ilin yanvar ayından etibarən ərazilərin minalardan təmizlənməsi, yol, nəqliyyat, elektrik enerjisi, su, qaz təchizatı, infrastruktur və sosial xidmət obyektlərinin, yaşayış məntəqlərinin inşası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrasına start verilməsi yeni konseptual yanaşma olaraq regionun iqtisadi inkişafını və müasir idarəetmə modellərinin reallaşmasını, son nəticədə vətəndaş məmnunluğunu təmin edəcəkdir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi, ilk növbədə, dünyadakı yeni qlobal tendensiya və paradiqmalara əsaslanır.Bu konsepsiyaların tətbiqi Qarabağ regionunu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevirməklə yanaşı, həm də ölkənin digər regionlarında ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayacaqdır. “Ağıllı şəhər” həllərinin tətbiqi fonunda təhlükəsizlik, vaxt və rahatlıq, sağlamlıq, ətraf mühitin keyfiyyəti, sosial əlaqə və vətəndaş iştirakı, iş yerləri və yaşayış xərci kimi müxtəlif həyat keyfiyyət göstəricilərinə təsir etmək mümkündür. Ağıllı şəhər texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq təsirinə malik olmaqla bərabər, iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa olunan ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi regionun bərpası prosesini sürətləndirə və həmin regionu texnoinvestorlar üçün daha cəlbedici edə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın son illərdəki sürətli inkişafı və Vətən Müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq fonunda iqtisadi rayonların yeni bölgüsü təkcə coğrafi-iqtisadi deyil, siyasi baxımdan da aktual, vacib məsələ kimi gündəmə gəlmişdi. Fərmanla ölkəmizdə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılmışdır. Ərazilərimizin iqtisadi rayonlar üzrə yeni bölgüsü ölkəmizin şəhər və rayonlarının daha dinamik, davamlı və tarazlı inkişafının təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu bölgü regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, iqtisadi potensialının gücləndirilməsinə, bununla da əhalinin maddi rifah halının yüksəldilməsinə töhfəsini vermiş olacaqdır. Azərbaycanın yaxın 10 illik inkişaf strategiyasının ana sənədi olan 02 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu ərazilərdə iqtisadi və sosial quruculuq tədbirlərinin həyata keçirilməsi ilə bağlı mühüm hədəflər müəyyənləşdirmişdir. Sənədə əsasən, işğaldan azad olunmuş bölgələr cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatan olmalı, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir. İşğaldan azad olan ərazilərin inkişaf yolları, zəngin qızıl və digər filiz yataqları təkcə Azərbaycan üçün deyil, xarici sərmayədarlar üçün də cəlbedicidir. Zəngilan rayonundakı Vejnəli, eyni zamanda, Kəlbəcər rayonundakı Söyüdlü - Zod qızıl yataqlarının mənimsənilməsi ölkəmizə böyük valyuta axınları vəd edir. İşğala qədər mövcud olmuş Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarının, habelə Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət qoruqlarının bərpası flora və faunamızın tədricən yenilənməsinə, ekoloji mühitin yaxşılaşmasına imkan yaratmaqla bərabər, ekoturizmin inkişafında mühüm rol oynayacaqdır. Kəlbəcər, Laçın və Zəngilandakı təbii yaylaqlar, otlaqlar, örüş sahələri heyvandarlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Xatırlatmaq yerinə düşər ki, Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olmuş, işğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanmışdır. Artıq Kəlbəcərə “Böyük Köç”ün əsası qoyulmuş, damazlıq qoyunçuluq və arıçılıq təsərrüfatları yaradılmışdır. Vaxtilə Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilərimizdə ənənəvi əkinçilik bərpa olunmuş, taxılçılıq üçün münbit torpaqlara malik Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında müasir aqrar təsərrüfatların yaradılması işlərinə başlanmışdır. İşğaldan azad edilmiş ərazilərimizdə əkinçilik, meyvəçilik, tərəvəzçilik və digər mühüm kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması istiqamətində atılan addımların yaxın dövr üçün kənd təsərrüfatında 9 faizədək artıma səbəb olacağı proqnozlaşdırılır. İlkin hesablamalar göstərir ki, qarşıdakı illərdə Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarından əldə olunacaq əlavə dəyərin həcmi 2 milyard manatdan çox olacaqdır. Eyni zamanda, iqtisadi artım ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəkdir. İqtisadi hesablamalara və proqnozlara görə işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra ölkəmizdə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi 70-80 faizdən 90-95 faizə çatacaqdır. Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin açılmasının təşviqi kimi də, dəyərləndirilməlidir.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qarabağın quruculuğunda iştiraka təşviq” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.

Qasım Həsənov
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri


Conflict.az

  • Sosial şəbəkədə paylaş