Sizin reklam burada
Sizin reklam burada

XATIRLANANLAR ƏBƏDİ YAŞAYIR

XATIRLANANLAR  ƏBƏDİ  YAŞAYIR
XX yüzilliyin 18-ci ilinin 28 mayında təməli qoyulan və 23 ay yaşayan Şərqdə ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti Vətən tarixinin qürurverici və şərəfli “qızıl fondu”dur. Azadlığa və müstəqilliyə təşnəlilərin ömrü, savaş yolu həmişə özlərindən sonrakı həmin ideallara sadiqlərə örnək olub. Həmin dövrün ictimai-siyasi olaylarını yaşayan bir ailənin övladı Ali Kafkasiyalının yarım əsrlik araşdırmaları, hadisələrə baxış bucağı, arxiv sənədlərinə, həmin dövrü görən, qaynar zamanı yaşayan insanlara istinadına söykənən “Qartallar sınır tanımaz” tarixi romanı qiymətli bir kitabədir. Kitabə təkcə daş yaddaşa həkk olunan qədim abidə deyil. Romanın müəllifi sübut etdir ki, kağızla da kitabə yaratmaq mümkündür. Təki qəlbində Vətən sevgisi, azadlıq və müstəqilliksevər insanlara sayğı, ehtiram olsun. Bu əzablı və gərgin əməyin bəhrəsi kimi işıq üzü görən “Qartallar sınır tanımaz” əsəri Vətən tarixinin önəmli, unudulmaz hissəsi olub müəllifin bugünkü və gələcək nəsillərə yadigar qoyduğu yaddaş kitabıdır. Etnoqraf, tarixçi İsmayıl Umudlu romanı Oğuz Türkcəsinə çevirməklə təmənnalı, sifarişçi, yalançı, girəvəçi tarixçilərə həqiqəti yazmağı bir daha xatırladır. Vətən tarixini yalana bükmək xəyanətdir.
XATIRLANANLAR  ƏBƏDİ  YAŞAYIR
İnformasiya üçün vurğulayım ki, 1953-cü ildə Qarsda doğulan, hazırda Atatürk Universiteti Kazım Qarabəkir Təhsil Fakultəsi Türk dili və ədəbiyyatı bölməsində müəllim və kafedra müdiri vəzifəsində çalışan Ali Kafkasiyalı 1987-ci ildə Azərbaycan, Dağıstan və Gürcüstanda olub, 71 gün ərzində araşdırmalar və tədqiqatlar aparıb. Alim-yazar romanını 27 aprel 1920-ci ildə Azərbaycanın Qızıl ordu tərəfindən işğal edilməsinin 100-cü ildönümündə babası Məmməd Babanın, “Qartallar sınır tanımaz” romanının qəhrəmanı, atası Aloy Hacının və bütün Qafqaz Qartallarının əziz xatirəsinə ithaf etmişdir.
Əsərin məramı və məqsədi ilk cümləsindən aydınlaşır: “Gənclərin saxta tarixçilərin pəncəsindən qurtulması üçün onlara atalarının həqiqi həyat hekayələrini sunmaq lazımdır”.
Qaçaqlar, qaçaq hərəkatı ədəbiyyatda çox az müraciət olunan obraz və mövzudur. Bu həssas mövzuya rejimə qulluq edən yazarların münasibəti doğru olmayıb. 70 illik sovet dönəmində qaçaqları bizə “xalq düşməni” kimi tanıdan qələm sahibləri imperiya siyasətinin dəyirmanına su töküblər. Qaçaqların, Vətən, torpaq, xalq sevgili, namus, qeyrət, ləyaqət daşıyıcısı olmasını əks etdirən əsərlər azdır. “Qaçaq ünvanı elə də asan qazanılan bir şey deyil”.
Unutmayaq ki, “Türklərin yeganə sevdikləri şey haqqdır, həqiqətdir” (Uilyam Pitt). Onları işgəncə, qorxu, ölüm əqidəsindən, yolundan döndərə bilməz. Romandakı real qəhrəmanların həyatı, mübarizəsi, dönməzliyi, ölümün gözünün içinə dik baxması buna bariz nümunədir.
Bir deyim var: “insanı ən yaxşı düşməni tanıyar”. Ermənilər də Türkləri yaxşı tanıyırlar:
“Türklər ermənilər kimi deyil, Qurd kimidirlər. Yüz il qapıya bağlasan da it olmazlar. Milli inadları qüvvətlidir”. Ona görə də sovet hökumətinin birinci məqsədi, siyasi prinsipi Türkiyə ilə Türk yurdları arasına dəmir pərdə çəkməkdir”. Nə yaxşı ki, sovet imperiyasının daha azğın varisi Rusiyanın bu məqsədi iflasa uğramaqdadır.
Romanda bir qaçağın dindirilməsi prosesindəki iki məqamı nəzərə çatdıraq:
- Əməllərindən peşmansanmı?
- Niyə peşman olmalıyıq? Biz Mövlananın dərgahında deyilik ki. Sovetlərin zülmü altındayıq. Anamızı, atamızı orada qoyub canımızı birtəhər qurtardıq. Qoynu dolu arvadını o diyarda qoyub qaçmağa məcbur olsaydın, sən nə edərdin? Peşman olub da haqq, hüquq tanımayan, zülm yağdıran bir hökumətə xoş üzləmi baxacaqdım? Zalımlara qarşı çıxmaqdan, bu qədər suçsuz-günahsız insanımıza qəsd edən düşmənlə savaşıb intiqam almaqdan niyə peşman olmalıyam? Əksinə, onlardan qisas aldıqca ürəyimizə sərin su səpilir. Haqsız bir iş görmürük ki, peşman da olaq.
İkinci məqam:
Müstəntiqin “Türk dövlətinin verdiyi ev-eşiyi, mülkü, tarlanı, çayırı-çəməni alıb yenə mücadiləyə davam etsən olmazdımı?”- sualına Qafqaz Qartallarının hər biri eyni cavabı verərdi:
“Olmaz, əfəndim, olmaz! Sərvət sahibi insan mücadilə edəmməz. Başını qaldırıb ətrafına baxammaz. Malının, mülkünün əsiri olar. Ayıb olsa da, önünə atılan sümüyü yalayan köpəyə dönər”.
Belə düşüncə, mənəviyyat, qürur sahiblərini “düşmən”ə çevirmiş cəmiyyət, imperiya xislətli dövlət axır-əvvəl ölümə məhkum idi, ona görə də cəmi 70 il yaşadı. 70 ildə tökülən göz yaşı və qanların, azadlıq eşqi içində boğulanların sayı-hesabı bilinmir. “Kin və nifrət üzərində qurulan Kommunist sistemi kimsəni dinləmir”di.
XATIRLANANLAR  ƏBƏDİ  YAŞAYIR
“Moskva Azərbaycanı erməni çətəçilərlə idarə etdirməkdəydi”. Xalqın qəhrəman, cəsarətli, millətsevər oğulları, hüriyyət mücadiləsinin öncülləri Əli Əhmədoğlu (Məmməd Əmin Rəsulzadənin gizli adı), doktor Xosrov bəy Sultanov, qaçaqlardan Aloy Hacı, Qaçaq Nuru, Göyəzən, Xıram, Nağı və Xozeyin Bayramoğlular, Koxalı Hacı Xəlil, Baba Məmmədov, İsmayıl Bala, Koxalı Almaz, Məhəmməd Matoş, Əmiraslan Tomtulu, Quruş, Əmrah Gülalı oğlu və digərləri Vətəndən didərgün düşdü. Onların qurmaq istədiyi Qafqaz İntiqam Qartalları təşkilatı milli satqınların - təşkilatın içinə soxulmuş Börüklü və Zavodlunun xain əliylə dağıdıldı. Azadlıq mücahidləri əmin idilər ki, “qüvvətimizi göstərməyi bacarmasaq o zalımları durdura bilmərik. Zalımların anladığı tək dil varsa, o da qüvvətdir”. Həmin qüvvəti göstərəcək təşkilat bələyindəcə boğuldu. Azərbaycan Xoren Qriqoryanların, Arakelovların, Xaçaturyanların, Sərkisyanların, Avanesovların, Avakyanların, Markaryanların və onların xəyanət xoruna züy tutan milli satqınların əlində qalmışdı. Onların gilyotini, dar ağacı, işgəncə aparatı həmişə işlək idi.
Azərbaycan tarixində mübarizə əzmi, iradəsi, cəsarəti ilə tanınan qəhrəmanlar çoxdur. Onlardan iki qardaş - doktor Xosrov və Sultan bəy Paşa bəy oğlu Sultanovların yüz ildən çoxdur ki, xalqımızın xilası yolunda mübarizəsi, xatirəsi anılır. Doktor Xosrov bəy Sultanov və Sultan bəy qardaşları barədə həmin dövrün xronikasında bu gün üçün də aktual olan bir olaya diqqəti yönəltməyi özümə borc bildim. Azərbaycana etdikləri vəhşiliklərin müqabilində Andronikin 30 min əsgərini quzğunlara yem etdirən iki qardaşın döyüşçüləri dar Zabux dərəsindən keçmək istəyən Andronikin ordusunu arxa yolu qayalardan qopardılıb yola tökülən iri daşlarla bağlayıb pusquya salmaqla darmadağın edir, 600 nəfəri əsir götürürlər. İki qəhrəman qardaş sanki bu günü görürdülər. Xosrov bəy uzaqgörənliklə yazırdı ki, ingilis siyasəti nəticəsində Qarabağ məsələsinin həlli ləngidilmiş, Zəngəzur və Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətini dinc yolla tanımaları təmin olunmamışdır, nəticədə bu bölgədə millətlərarası münasibətlər kəskinləşmişdir.
“Qartallar sınır tanımaz» romanında müəllif çox incə və ağrılı məqama toxunur:
“Prokuror Sultanovun yatdığı palataya yollandı”.
“İntihara təşəbbüs etmənin səbəbini açıqlarsanmı?” - deyə soruşdu.
“Vətənim Azərbaycanın işğal edilməsinə, onlarca generalımızın Nargin adasında güllələnməsinə, insanlarımızın bir ucdan Sibirə, qumlu səhralara sürgün edilməsinə, erməni daşnak çətələrinin Azərbaycan xalqının başında qoz sındırmasına laqeyd qala bilməzdim...”
“Sənin quruca yaşamağın xalqa xidmətdir. Ölənlə ölmək olmaz. Onların ölümü sənin əzmini daha da alovlandırmalıdır. Özün deyirsən ki, “xalqımızın ümidi bizik”... Vətən sizdən böyük xidmətlər gözləməkdədir”.
“Xalqıma çarə olmaq üçün bir şey edə bilməsəm, yaşamağın mənası nədir?”
Qafqaz İntiqam Qartallarının (QİQ) yaradılmasından ötrü İsgəndərundan gələn yükün Qarsa çatdırılması zamanı baş verənlər, sinəsini tüfəngin lüləsinə dirəyib özünü və silahdaşlarını xəcil etməyənlərin ərənliyi fəxr edilməli tarixi anlardır. Xəyanət, arxadan zərbə bu dəfə də böyük Türkün yolunda rusların, ermənilərin və başqa düşmənlərin, eləcə də milli manqurtlarımızın “törətanımaz əməllərinə baş əyməyə” hazır olanların maneələri olmasaydı, çoxdan dünya Türkün olardı...
Romanın “Dindirilmə və işgəncə” bölümündə Göyəzənin “Biz yalan söyləmirik! Yalan söyləsək, məmləkətdə qalardıq. Doğru söyləyib, dürüst yaşamağa çalışdığımız üçün buralardayıq” deməsi prokuroru hirsləndirir, “bunu yuxarı aparın, doğruları deyəcəyi zaman yanıma gətirin” hökmü o dövrün ab-havasının barometridir. Xıramın bütün suallara dinməzliyi, Xozeynin prokurora “demək istədiyim çox açıqdır. Sovet toplumunda vətənini satanlara “vətən qəhrəmanı”, xalqını satanlara “xalq qəhrəmanı” deyirlər. Millətini canı bahasına sevənləri “xalq düşməni” kimi tanıdırlar. Bu xəstəlik sizə də sirayət etmiş olmalı ki, xain, satqın və oğrulara “bəy” deyirsiniz” etirazı sınmazlıq, cəsarət, ucalıqdır. Xozeynin qardaşı “qısa boylu, yaraşıqlı duruşlu, sağlam bədən quruluşlu, geyim-gecimi gözəgəlimli, davranışında ümidsizlikdən, qorxu və əzginlikdən əsər olmayan Nağı Bayramoğlunun: “gerçəkdən belə düşünürük. Türkiyənin başına sıxıntı açmaq yatsaq yuxumuza da girməz. Bizə görə Türkiyə Türk dünyasının son bağımsız qalasıdır. Türkiyəni sıxıntıya salmaqdansa, ölməyi üstün tutarıq” cavabı bu günkü Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının 102 il əvvəlki əzəmətini gıstərir. Yüksək dozalı elekriklə Göyəzənin yanar ürəyinin dayandırılma-
sından, Xıramın növbəti dindirilmədən sonra üst mərtəbədən özünü pilləkən boşluğuna atmasından sonra Aloy Hacının: “Rahat yatın. Sizə edilən xəyanətin hesabını soruşacağam” əhdi sonradan artıqlamasıyla yerinə yetirildi.
Aloy Hacının mücadilə arxadaşlarına sədaqəti, ehtiramı sürgünə göndərilən zaman onu anlayan jandarmları yola gətirib yolçuluğunu bir saatlıq dayandıraraq geri qayıdıb əqidə qardaşları Göyəzən və Xıramın qəbirlərini ziyarəti zəngin mənəvi dünyalı insanın son borcu kimi alqışlanmalıdır.
Aloy Hacının bu deyimi müdrik fikirdir: “Düşmən quduz köpək kimidir, nə zaman cumacağı bilinməz”.
Aloy Hacının böyük qardaşı Koroğlu 25 il müddətinə cəza kəsilməklə Arxangelskə meşə materialları tədarükündə işlədilməyə göndərilmiş, digər iki qardaşı Səməd və Hümmət həbs olunmuşlar. Qukasyan Aloy Hacının anası Zalxa Bayramovanı sürgün etməmişdi ki, Aloy Hacı anasını görməyə gələndə onu da ələ keçirsin. O, Aloy Hacının intiqamından qorxurdu. Çünki üç ildə Qaçaq Nurunun dəstəsindəki qaçaqlar 60-dan çox NKVD və Kommunist Partiyasının üzvünü məhv etmişdilər. Aloy ÇK rəisini vurduqdan sonra NKVD əməkdaşları tərəfindən ağır yaralansa da, bir il sonra gəlib bir neçə nəfəri də öldürmüşdü.
Abdullah Xoca Aloy Hacıdan köydə tənha və köməksiz qalan anasını gətirməyi xahiş edəndə “böyük xidmətiniz dəyəcək, sizə nə verəcəyəm?” sualına Aloy “qaşlarını çatıb, tək gözünü xocanın gözlərinə dikərək elə bir baxış fırlatdı ki, xoca qızarıb başını aşağı saldı”:
“Ağlını başına yığ. Mən darda qalmış bir ananı övladına qovuşdurmaq üçün gedirəm. Öz anamı gətirə bilmədim, onun iztirabıyla yanıram. Ürək yanğımı bir az da olsa, söndürmək üçün gedirəm” - cavabındakı mərhəmət və xeyirxahlıq, təmənnasızlıq, mərdlik, ərənlik insanı mənəvi təmizliyə qovuşdurur.
Qaçaq Əmiraslan Tomtulunun Aloy Hacıyla söhbətindəki torpaq sevgisi, Vətən nisgili hər bir Vətən eşqlini yandırıb-yaxar:
“Ay Hacı, Namiq Kamal: “İnsan Vətənini sevər. Çünki vücudunun xəmirinin mayası Vətən torpağındandır” deyir ha... Rəhmətlik nə qədər dəqiq deyib. Bizim yıxılmış Vətən nə gözümüzün önündən gedir, nə də ağlımdan çıxır. Bədənim buradadır, canım orada.”
“Qartallar sınır tanımaz” romanının əksər bölümlərində Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda igid oğullarının mücadiləsində Aloy Hacının adı öndə çəkilir. Bu haqq, ədalət savaşının ayrı-ayrı səhifələri ilə tanış olduqca təəssüflənirsən ki, həyatını müqəddəs işə sərf etmiş, dindirilmə zamanı işgəncələrə məruz qalıb bir gözünü itirən qəhrəman Vətən oğlunu indiyə qədər söz adamları, tarixçilər layiqincə tanıda bilməyib. Bolşevik - daşnak ikiliyi ilə ömrünün sonuna qədər ölüm-dirim mübarizəsi aparan Aloy Hacının gerçək portretini Ali Kafkasiyalı elə yaratmışdır ki, onunla həmvətən olmağımızla fəxr edirik.
Doktor Sultanovun - “alimsiz, şairsiz, yazarsız, sənətkarsız topluluqlar millət olma tərifini qoruya bilərmi?” - sualına Aloy Hacının cavabı onun bütöv ömrünün yığcam qayəsidir:
“Əsla millət olaraq qalammaz! Zatən onların (bolşevik-daşnak tandeminin - V.O.) məqsədi bizim kökümüzü qurutmaqdır. İstəyirlər ki, biz qınımıza çəkilək, onların qorxuya əsaslanan zülm üsul-idarəsi əbədiyyən sürsün”.
Azadlıq mübarizlərinin ata-anasını, övladlarını, nəsil-nəcabətini Sibirə sürgün edən bir dövlətin müstəntiqinin, prokurorunun ədası, kinayəsi, rişxəndi, əzazilliyi qaçaqların dindirilmə prosesində elə əks etdirilmişdir ki, sanki qan su yerinə axan, cəlladların meydan suladığı ölüm tamaşasına baxırsan. Bu tamaşanın “baş qəhrəman”ları özlərinin eybəcər, insanlıqdankənar xislətini əla “oynayırdılar”. Onu da qeyd ediim ki, NKVD-nin cəza və işgəncəsinin 37-nin “qırmızı terror”una qədərki rəzaləti bugünkündən geri qalmırmış...
...“Aradan bir qədər keçmiş yeni bir təlimat gəldi: “Tutulanların indiyə qədər verdikləri ifadələr əsas götürülməklə, dosyeləri hazırlanıb məhkəməyə sövq edilmələri, Göyəzənin münasib bir şəkildə dəfn edilməsi...” istənilirdi. “Münasib şəkil” - kimsələr eşitmədən, qaydalara zahirən əməl olunmaq, görüntü yaratmaq deməkdi. Qarsdakılar görüntü yaratmağı bacarırdılar...”
İnsan həyatına, ölümə belə soyuq münasibət heyrətlidir...
Xəzər dənizinin sahilindəki Milli Parkdan baxanda uzaqda tənha və kimsəsiz, insan nəfəsinə, hənirinə həsrət qalan Böyük Zirə (Nargin) adasının günahı nədir ki, oranı “ölüm düşərgəsi” kimi tanıyırıq?
Bakı quberniyasının qazısı olmuş, alim, şair, tərcüməçi, “Qurani-Kərim”i ilk dəfə ana dilimizə çevirən Mirməmməd Kərim ağaya 1938-ci ildə Ziyalovun imzasıyla həbsi üçün order yazılır. 1939-cu il martın 15-dən 16-na keçən gecə güllələnir, evi talan edilir, zəngin kitabxanası yandırılır. Onun həbsinin və güllələnməsinin qeyri-adiliyi, gülünclüyü qarşısında çaşıb qalmamaq olmur: “Ziyalovun 13 aprel 1938-ci ildə tərtib etdiyi “Axtarış protokolu”nda göstərilir ki, Mirməmməd Kərim Cəfərzadənin evində axtarış aparılan zaman C/V183877 saylı pasport və müxtəlif anti-sovet “Quran”lar aşkar edilmişdir. (Qəribədir, “Qurani-Kərim”in anti-soveti də olur?). (Vikipediya). İttihamın belə ürəkağrıdan gülüncünü kimsə görübmü?
Ali Kafkasiyalı əsərinin Mirməmməd Kərim ağanın həyatının son aylarında həbs edilmə və dindirilmə prosesini əks etdirən “Nargin adasında bir qazı” bölümündə erməni əsilli müstəntiq Yaroşkeviçin, asayiş rəisi Vartanyanın 83 yaşlı nüfuzlu ziyalıya, Bakı quberniyasının qazısına qeyri-insani, qəddar münasibətini oxuyanda fikirləşirsən ki, belələri ilə nəinki qonşu yaşamaq, hətta bir planetin sakini olmaq insana şərəf gətirməz. Bu bölüm həcmi kiçik, mənası dərin bir mənəviyyat əsəri çəkisindədir:
“Sovet hakimiyyəti əleyhinə xalqa təlqinlər etmək üçün sənə kim əmr vermişdir?”.
“Nə kimsə əmr verdi, nə də mən əleyhinə bir şey dedim. Amma indi üzünüzə söyləyə bilərəm.”
“Nə söyləyəcəksən?”
“Siz bolşeviklərin xətalarını.”
“Bolşeviklərin nəyi xətalıdır?”
“Tutduqlari yol!”
“Necə yəni?”
“Kinlə, nifrətlə, intiqam hərisliyi ilə yola çıxılmaz. Qanla, göz yaşıyla, zülmlə dövlət qurulmaz. Zülm ilə abad olan, ədl ilə bərbad olar!”
Vicdan və mənəviyyat məhbusunun müstəntiqin suallarına verdiyi cavabları örnək gətirməkdə məqsədim nurani insanın dəyanətinin möhkəmliyinə, əyilməzliyinə, qüruruna, geniş dünyagörüşünə, dərin zəkasına diqqəti yönəltməkdir:
“Söylədiklərim sizə əks gəlirsə, demək doğrudur. Çünki siz əks yoldasınız. Sizə doğruları göstərərək insanlığa faydam dəyməsini istəyirəm...
Kiminsə yanlışını özünə söyləməkdən daha yaxşı nə ola bilər? Bundan ancaq cahillər narazı qalar...
Doğruları görə bilməmək, onları anlamamaq da cahilliyin bir dərəcəsidir...
Xeyr, ermənilərdə o şüur, o fərasət yoxdur. Onların arxasında slavyan-rus təşkilatları və xristian cəmiyyətləri var. Onların hədəflərində Pyotrdan bəri Qafqazı xristianlaşdırma arzusu var. Bu amaclar üçün ermənilərdən istifadə olunur. Diqqət edilərsə, keçmişdən bəri Qafqazdan bircə xristianın belə çıxıb getməsinə izn vermirlər. Fəqət təhrik olunan hər çıxışın, yaşanan hər savaşın ardından yüz minlərlə Türk Qafqazdan sürgün edilir. Onların yerinə İran, Anadolu və başqa yerlərdən ermənilər gətirilib yerləşdirilir”...
Bu hadisəni istər mifoloji anlamda yozaq, istərsə də gerçəklik kimi qəbul edək, onun bircə mənası var, qisas qiyamətə qalmadı. Kaş heç kimin qisası qiyamətə qalmasın. Mirməmməd Kərim ağanın güllələnməsi anında - "Atəş!” əmri verdikdən sonra güllələr arxa-arxaya səksən üç yaşlı ixtiyarın bədənini köksündən dəlib keçməyə başladığı anda: “Vay yandım!” - deyən Vartanyan haradan gəldiyi bilinməyən zəhərli boz ilan tərəfindən baldırından sancılmış halda qıvrılanda Mirməhəmməd Kərimin içindən gələn hayqırtısı eşidildi:
“Allahu əkbər!”...
“Boz ilan qaşla göz arasında Mirməhəmməd Kərim üçün qazılan çüxura doğru sürünərək bir yarığın arasına girib yox oldu”...
“Allahu əkbər!” hayqırtısının mənasını anlamaq çətin deyil...
İnsan qanına susayıb quduzlaşanlar hardan bilsinlər ki, “alimi öldürmək, aləmi öldürməkdir”.
Mirməmməd Kərim ağanın bu kəlamı müdrik yaşam düsturudur: “Ağıllı insan övladına borc və düşmən miras qoymaz”.
Xalq arasında böyük hörmət və nüfuz sahibi Mirməmməd Kərim ağa hələ 1938-ci ildə dindirilmə zamanı zavallı və nankor ermənilərə xəbərdarlıq edirdi:
“Bir baxın, ermənilər o qədər dərin bir qəflətin içindədirlər ki, onlara “milləti-sadiqə” deyərək dostluq süfrəsini açan Osmanlını düşmən gördülər, onları maşa kimi istifadə edən bolşevikləri dost sanırlar. Bunu bilməlidirlər ki, böyük güclərin fədailiyini etməklə, bir yerə vara bilməzlər. Ermənilərin dinclik və rifahı digər kiçik xalqlar kimi Türklərlə dost qalmalarına bağlıdır”.
Yaroşkeviçin: - “bu vəzifələrdə kimlər olsa, eyni işləri görəcəklər” - iradına Bakı Quberniyasının 1904-1918-ci illərdəki qazısı, eyni zamanda Ruhani Məclisinin sədrinin cəsarətli cavabında çox mətləblərə aydınlq gətirilir:
“Gördüyünüz tədbirlər hər yerə şamil olunsaydı, Ermənistana müstəsna münasibət göstərilməzdi. Stalin tərəfindən 1926-cı ildən Ermənistana təyin olunan Mikoyan yuxarı dairələrə göndərdiyi bütün məruzələrində Ermənistanın şəhər və kəndlərində “kulak” olmadığını, bütün xalqın fəqir və çətinlik içərisində yaşadığını yazır. Bunun qarşısında Azərbaycanda bir inəyi, bir eşşəyi olanlar belə burjuy, qolçomaq sayılıb sürgün edildi. Azərbaycanın bəzi dırnaqarası ziyalıları da kəndlərdəki seçkin insanların məhv edilməsinə seyrçi qalaraq bu böyük xəyanətə ortaq oldular”...
“İnsan sallaqxanası Gəmiqaya” bölümünün adı belə müdhişdir, ölüm qoxuyur. “Gəzərgi işıq” adıyla tanınan işıqlı insan Məhəmməd əfəndi Qazağın İkinci Şıxlı kəndindəki “minarəsiz, torpaq damlı, yarıuçuq” məscidin xocasıydı, irfan məclislərində iştirak edirdi. Xalqın sevgisini qazanan “gəzərgi işıq” kommunistlərin fikrincə xalqı yoldan çıxarmaqdaydı. NKVD agenti Qara Sofu erməni ağalarının sifarişiylə Məhəmməd əfəndini aldadaraq kənd sakinlərinin “sahildə lövbər salmış gəmini andırdığından “Gəmiqaya” adlandırdığı yüksəkliyə” aparır - bolşeviklərin evin sahibi Molla İsmayılı öldürüb, arvad-uşağını sürgün etdikləri xaraba qalmış evinə. Orada Qardaşoğlu Qriqoryan, Fövqəladə Üçlüyün katibi Armen Malakyan pusquda dayanıb “gəzərgi işığı” gözləyirdilər. Sorğu-sualların bəzi detalları Məhəmməd əfəndinin şəxsiyyətinin əzəmətindən xəbər verir:
“Yeni sovet sistemi, yəni bu kollektivləşməylə əlaqədar fikriniz nədir?”
“Hər yerdə, hər zaman söylədiyim kimi bu sovet sistemi xalqımızın başına çökmüş bir qara buluddur. Bir az sərinlik verən kimi görünsə də, insanlara işıq üzü göstərmir. İlahi qüdrətin nizamına uyğun bir üsul-idarə deyildir”.
“Xoren Qriqoryanı tanıyırsanmı?”
“Niyə tanımıram? Bu yoldaşın dayısıdır. Onu bilməyən varmı? Xalq ona “bolşeviklərin Qazax qəssabı” deyir”...
“Gəzərgi işığın” bu ittihamlarına təhəmmül edə bilməyən Qriqoryan masaya söykəli duran tüfəngi qapıb onun ənsəsinə endirdi. Xocanın sarığı bir yana, özü digər yana düşdü. Çox pis zərbə almışdı. Özünü toplayıb qalxmaq istərkən bu dəfə böyrünə çırpılan təpiklərlə təkrar yerə sərildi...
Xoca əfəndi bir əliylə ənsəsini, digər əliylə böyrünü tutaraq yavaş-yavaş yerdən qalxıb yenidən stula əyləşdi. Qriqoryana döndü:
“Sizin gözünüz işıqdan, beyniniz doğru sözdən rahatsız olur. Bu hərəkətiniz xalqın sizə baxışını doğruladı”...
...Kürün dalğaları Gəmiqayadan atılan bir müqəddəs müsafiri də qoynuna aldı. Canı bədəndən ayrılmış, bir Vətən övladı da millətini sevmənin bədəlini çox ağır bir şəkildə ödəmişdi”...
...Sibirdə bir ad günü. Tomskda sürgün həyatı yaşamağa məhkum edilən Sətənət Tomtuyeva ananı təbrik edənlər də onunla eyni tale yaşayan həmvətənləridir. Onlar başlarına gələn, yaşadıqları müsibətləri dilə gətirərək bir-birinin yaralarına məlhəm qoymağa çalışırlar. Hər dəfə də NKVD-nin Qazax şöbəsinin rəhbərləri Qriqoryan və Qukasyan ikilisinin adlarını çəkəndə üzləşdikləri itkiləri, ağrıları yenidən yaşamalı olurlar. Onların təbriklərinə də bir kövrək nisgil, Vətən, yurd, torpaq həsrəti hakim kəsilib. Yuxarının göndərdiyi nümayəndə - masabəyi İvanovun təbirincə desək, “Gözəl bir gündə - sovet ölkəsinin quruluş günündə”, yəni apelin 28-də Səltənət ananın ad gününü qeyd etməyə gələnlər mütləq “bu gözəl günləri qazandıran sovet rəhbərliyinə təşəkkür etməlidirlər”. Taleyin ironiyasının bundan qara rəngi ola bilərmi? Bəlkə bu yurd-yuvasından perik düşmüş azadlıq aşiqlərinin alın yazısıydı? Alın yazasını yazanın qələmi ancaq qaramı yazırdı? İşıq axtaranların qismətinə zülmət yazmaq üçün bu qədər yarasaları, bolşevik-daşnak sürüsünü, “sapı özümüzdən olan “seyidəhməd”ləri yaradan haradan tapmışdı?
“İvanov belə şəraitlərə çox düşmüşdü. Ancaq acıların bu qədər dərinliklə yaşandığı bir yığnağa rast gəlməmişdi. Birinə toxunsa, min ah edirdi. Nə söyləyəcəyini kəsdirə bilmirdi. Eşitdiklərinin qarşısında çaşıb qalmışdı. Tezcə durub getmək fikrinə düşdü”.
Səltənət ananı “təbrik” edən Naxçıvandan sürgün olunan Zeynal Nüsnüslünün danışdığı “əcaib-qəraib”, inanılmaz iki hadisə hamını şoka saldı. Yük vaqonunda sürgün olunanlarla birgə “sürgün” olunan inəyin və eşşəyin əhvalatı çox düşündürücüdür. Stansiyaların birində iribuynuzlu inəyə və eşşəyə verilən otu yeyərkən eşşəyin inəyin qarşısındakı ota ağız uzatması “faciə”yə səbəb oldu. İribuynuzlu inək eşşəyin bu “işğal”ına dözmədi, buynuzlarını “günahkar” eşşəyin qarnına taxıb qaldırdı və yerə çırpdı. “İnək sanki kommunistlərdən dərs almışdı, betər zülm edirdi, eşşəyi yerə çırpmaqla da “ürəyi soyumadı”. “Arxasını ona döndərib qılçalarını aralayaraq quyruğunu qaldırıb üstünə “şırrr!” elədi. O tərəfdə olan qadınlar önlük və ətəklərini üzlərinə tutaraq iy-qoxudan qorunmağa çalışdılar... Akt tərtib edib eşşəyin ölüsünü təhvil aldılar”. Çağrılan baytar təsdiq elədi ki, eşşəyi inək öldürüb. Təsdiq etməsəydi görəsən nə baş verəcəkdi?
“Həmin stansiyada başqa bir vaqondan iki insan ölüsü düşürdülər. Fəqət akt-zad tərtib olunmadı. Onların gözündə eşşəyin ölüsü insanlardan daha qiymətliydi. O gün qıyıq gözlü, sərt üzlü bir qazax məmurun: “Dua edin ki, eşşəyi inək öldürüb. Siz öldürsəydiniz, halınız dumandı. Dünənki qatarda nadinclik edən inəyi kəsmişdilər. Öz rahatlığınız üçün inəyi kəsibsiniz deyə vaqondakı kişilərdən üçünü güllələdilər. Bir inəyə qarşılıq üç insan!”...
İkinci əhvalat daha müdhişdir. Sanki bir dəhşətli və qorxulu filmin gerçək kadrlarıdır.
“Qazaxıstanda Alma-Atı vilayətinin Taldı-Kurqan şəhərindən on kilometr uzaqlıqdakı Üç-Töbə stansiyasına çatana qədər qatardakıların yarıdan çoxu dünyasını dəyişdi. Üç-Töbəyə çatanda bizim vaqonda iki ölü vardı”... Qatarın konvoy rəisinin insanlara yazığı gəlib burada düşürtmək istəməsinə erməni leytenantın laqeydliklə “əhəmiyyəti yoxdur, sənin ağlınca deyil, ağzını açarsan səni də onlara qatıb göndərərəm, kəs səsini, axmaq!” deməsi ölüləri düşürən və yemək paylayan iri gövdəli, pəhləvan cüssəli bir qazaxın hiddətlənməsinə səbəb oldu:
“Hə-ə! İndi mən səni bax gör hara göndərirəm!” hayqıran qazax igidinin gözləri döndü. Sağ əlinin pəncəsi dəmir məngənə kimi məxfi xidmət şefinin boğazına pərçimləndi. Yerə yıxdığı leytenantın köksündən basıb qırtlağını çəkib qopardı. Ömrümdə belə bir hərəkət görməmişdim. Sonradan öyrəndim ki, bu igidin adı Börü Taşimov imiş və boş yerə bu isimlə xitab etmirlərmiş. Adamı o hiddətlə parçalarkən özünü unutmuş halda ermənini söyüb sandan keçirirdi:
“Yetər, alçaq, şərəfsiz it! Nədir bu millətin sizdən çəkdiyi? Məmləkətdə adam buraxmadınız. Məni Sibirə göndərəcəkmiş. İndi cəhənnəmə gedər, mənim yerimə gəldiyini söylərsən!”
Börünün söylədikləri xain və qaniçən düşmənə nifrətin, erməni leytenantı sözün birbaşa mənasında parçalaması isə intiqamın pik həddi idi...
“Qartallar sınır tanımaz” romanının müəllifi sanki Səməd Vurğunun dili ilə deyir ki, “Qazax həbsxanası bir yandan doldurulur, bir yandan boşaldılırdı”. NKVD-nin Qazax bölməsinin yeni rəisi və “Üçlüyün” sədri rus Korotkov “Allah-bəndə tanımamaqda” heç də ermənilərdən və Azərbaycanın milli satqınlarından geri qalmırdı. Həbs olunan ruhaniləri nüfuzdan salmaq üçün onlara çapma stəkanlarda araq içirməyə çalışır, saqqallarını qırxmağa məcbur edirdi, bunları etməyənlər Sibirə göndərilir, razılaşanlar bağışlanıb, dindarlıq etməmək şərti ilə kolxozda işləməyə məcbur edilirdi.
Ali Kafkasiyalının düşündükləri, qələmə aldığı həqiqətlər həyat dərsidir, Vətən tarixidir, hər kəs öz payını götürməlidir. Onun qənaətinə və təhkiyəsinə görə, bunları yaxşı-yaxşı dinləməli və mütləq övladlarımıza, nəvələrimizə, gələcəyimizin sahibləri gənclərə danışmalıyıq, yazıb saxlamalıyıq. Gələcək nəsillər sovet rəhbərliyinin, ermənilərin və onların yerlərdəki soy-kökü bilinməyən manqurt əlaltılarının əliylə nələr törətdiklərini, babalarına, nənələrinə, günahsız insanlara etdikləri zülmləri, qəddarlığı mütləq bilməlidirlər ki, nəticə çıxarsınlar, milli mənliyini, milli qürurunu, milli ruhunu qoruya bilsinlər. Unutmasınlar ki, “kölələr azad olmaq istəyənlərə nifrət edirlər” (Ulrike Meinhof). Və Vətənimizin azadlığı, müstəqilliyi, haqq, ədalət yolunda canını qurban edənlərin, qanına qəltan olunanların xatirəsini əziz tutulmalı, hər an xatırlanmalıdır. Çünki “insan xatırlandıqca təkrar yaşar” (Alfons de Lamartin). Unutqanlığın nəticələri daha ağır və ağrılı olur, heç vaxt sağalmır...

VAQİF OSMANOV
Mart 2022


Conflict.az

  • Sosial şəbəkədə paylaş