Sizin reklam burada
Sizin reklam burada

Prezident iddiadan əl çəkdi, hökumət istefa verdi: 2 ssenari

Prezident iddiadan əl çəkdi, hökumət istefa verdi: 2 ssenariƏlcəzair hökuməti kütləvi etirazlar fonunda istefaya getsə də, 30 illik iqtidarın istefa verməsində ən mühim amillərdən biri hakim elitanın parçalanması idi.

Axar.az xəbər verir ki, bu sözləri Əlcəzairdəki son hadisələrlə bağlı danışan ekspert Natiq Cəfərli deyib. Ekspertin fikrincə, Əlcəzair Prezidenti Əbdüləziz Buteflikaya təzyiqi öz yaxın ərtafı etdi:

“Elitanın içində “köhnə” və “yeni” komanda arasında uzun zamandır güclü rəqabət var idi. Xaricdən bu rəqabətin moderatoru isə Fransa idi. Fransız təhsili görmüş yeni komanda Parislə çox sıx işləyirdi. Son qərarın verilməsində Fransanın da güclü rolu oldu. Daxildə etirazların boğulmamasının səbəbi isə yenə hakim elitanın parçalanması idi. Əslində, Əlcəzairdə bundan öncə də dəfələrlə belə cəhdlər olub. Ancaq həmin cəhdlər qəddarlıqla yatırılıb, çünki elita monolit idi. İndi isə vəziyyət dəyişib, sistemdaxili böhran pik həddə çatıb”.

N.Cəfərli Əlcəzairdə ən azı keçid dövrü üçün yeni prezidentin indiki hakim elitanın içərisindən olacağını bildirib:

“Yeni prezident ağıllı olsa, ölkəni keçidə hazırlayacaq, əks təqdirdə yeni sülalənin təməlini atmağa çalışacaq və bununla da ölkəni növbəti böhranlara hazırlayacaq”.

Qeyd edək ki, Əlcəzair hökuməti ötən gün fevralın 22-dən başlayan kütləvi etirazların fonunda istefaya gedib. Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən 85 yaşlı Prezident Buteflika növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməyəcəyini bildirib.

  • Sosial şəbəkədə paylaş