Sizin reklam burada
Sizin reklam burada

Rəfail Tağızadə - Zəfər Günü

 Rəfail Tağızadə - Zəfər Günü
8 noyabr 2020-ci il Zəfəri Azərbaycanın dünyadakı yerini, kimliyini təsdiqlədi.

Milləti millət, xalqı xalq, dövləti dövlət kimi tanıtdı.

Azərbaycanın təkcə yaşam coğrafiyası dəyişmədi, həm də Azərbaycanın təqvimi dəyişdi. Təqvimdə qara günləri qırmızı günlərdən çox olan dövlətin qara günlərini təqvimdən sildi. Rəqəmləri qanla qızartdı. Ölkəni matəm əhvalından çıxartdı. İşğal günlərini tarixə buraxdı. Qələbə günlərini yazdı. Qələbənin nə olduğunu unutmuş xalqa Qələbə sevinci yaşatdı. Xəyalları həqiqətə çevirdi.

27-30 ilin kədər ağırlığını insanların çiyinlərindən, ürəklərindən çıxartdı. Yüngülləşdirdi, rahatlatdı. Yeni yaşam verdi. Məğlub vətəndaş adından xilas etdi. Xoşbəxt, qalib ovqata köklədi. Olanını əldə etməklə sevindirdi. Sahibliyini özünə qaytardı.

Qaçqınlıq-köçkünlük adını vətəndaşların üstündən götürdü. Həsrətliləri yurduna, həsrətli torpağa qovuşdurmaqla xoşbəxtlədi.

Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı işğaldan azad etdi. Ağoğlanı (Hadrutu) özümüzə qaytardı. Mənəviyyat beşiyimiz, Qarabağın tacı Şuşanı dünya tarixində yeni hərbi zəfərlə aldı.

On milyonluq xalqın nələrə qadir olduğunu, döyüşkənliyini təkcə düşmənə deyil, dünyaya sübut etdi.

Bu zəfər Ağdamı, Kəlbəcəri, Laçını döyüşsüz bizə qaytardı. Qaytarmağa məcbur etdi.

Arxalının da məğlub ola biləcəyini, üzərində Qələbə çalmağın mümkünlüyünü isbatladı. Danışıqlardan qaçanı danışıqlar masasına oturtdu. Məğlubiyyətini boynuna aldırdı. “Sən məğlubsan”, - dedi.

Düşmənin silah-sursatının, texnikasının məhv etdiyini məhv etdi, qalanını əlindən aldı. Müharibədə, döyüşdə tərksilah qədər acnacaqlı heç nə yoxdur. Bu məğlubiyyətin ən alçaldıcı formasıdır.

Şəhidlər qanlarıyla, Qazilər əzalarıyla, mübarizliyi ilə qazandılar bu Zəfəri.

Bu Zəfər Günündə Şəhidlərin büküldüyü bayraqları başımız üstündə dalğalandıran Şəhidlərin sevinən, şad olan ruhlarıdı. Yoxsa Bayraq belə möhtəşəm, sevinərək dalğalanmazdı.

Ruhunuz şad olsun, qəhrəman Şəhidlərimiz!

Canınız sağlam olsun, Qazilərimiz!

Var ol, bizə Zəfər yaşadan Azərbaycan Ordusu!

Qazanılan Qalibiyyət qədər qürurlu heç nə yoxdur bu həyatda. Vətən, dövlət Qalibiyyəti.

Zəfərin mübarək, Azərbaycan!!!

Conflict.az


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ