Sizin reklam burada
Sizin reklam burada

Mübariz Azərbaycanlı - Məsuliyyət Rusiyanın boynundadır

Mübariz Azərbaycanlı - Məsuliyyət Rusiyanın boynundadır
Rusiyalı “sülhməramlılar” məlum noyabr gecəsi canfəşanlıqla Azərbaycan ərazisinə soxulanda, əksər vətəndaşımızın əhvalının pozulması əbəs deyildi. Çünki müharibə Azərbaycan ordusunun qələbəsi ilə başa çatsa da, ancaq hər kəs yaxşı anlayırdı ki, indiyədək imperialist siyasətindən qalmayan Rusiyadan heç kim xeyir görməyib. Hətta “sülhməramlılar” Qarabağa dürtüldükdən dərhal sonra rusiyalı siyasətçilər özləri belə etiraf etdilər ki, Rusiya Azərbaycanın qələbəsini oğurladı.



İndi baxın, artıq Azərbaycan cəmiyyətinin Vətən savaşından əvvəlki illərdə tez-tez eşitdiyi “Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozub, qarşı tərəf Azərbaycan ordusunun cavab atəşi ilə susdurulub” ifadəsi yenidən gündəmə gəlir. Bu yerdə sual yaranır: əgər o zamanlar Ermənistan özbaşınalıq edirdisə, onda bəs indi bu “məramısülhlərin” əsl məramı nədir?



Şübhəsiz ki, bu “atışmaların” Paşinyanın sonuncu Moskva səfərindən sonra başlaması Putinin Şuşa bəyannaməsinə olan qısqanclığının nəticəsidir. Xatırlayırsınızsa Putin üçtərəfli bəyannamədən sonra Qarabağın son taleyini gələcək nəsillərə saxlamağı dilə gətirdi. Bununla da rəsmi Moskva hazırki durumda Cənubi Qafqaz siyasətini “sülhməramlılarının” əli ilə möhkəmləndirdiyini güman edirdi. Ancaq Azərbaycanla Türkiyə arasında imzalanan möhtəşəm Şuşa bəyannaməsi, üstəlik Azərbaycan dövlət başçısının 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı Rusiya üçün gözlənilməz olduğundan, oyunbaz Moskva yenidən köhnə oyununa – Ermənistanla Azərbaycan arasında gərginliyi süni şəkildə saxlamaq siyasətinə qayıtmış oldu. Görünür bu, həm də gələcəkdə “sülhməramlıların” Azərbaycan ərazisində növbəti beş il də qalması üçün əvvəlcədən düşünülmüş siyasətdir. Bu baxımdan nə qədər ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi müəyyən edilməyib, sülh müqaviləsi bağlanmayıb, Xankəndi, həmçinin separatçıların əlində qalan digər ərazilər Bakının faktiki yurisdiksiyasına keçməyib, Rusiya “sülhməramlıları” bölgəni çətin tərk edəcəklər. Əslində Moskvanın elə istəyi də budur ki, bu prosesi uzada bildikcə uzatsın.



Baxın, məgər üçtərəfli məlum bəyannamənin dördüncü bəndinə görə erməni silahlıları bölgədən rusiyalı sülhməramlıların gəlişi ilə paralel şəkildə çıxmalı deyildimi? Rusiya bunu yerinə yetirdimi? Xeyr, əksinə həmin separatçı silahlı qüvvələr indi “sülhməramlıların” arxasına dürtülüb Azərbaycan ordusunun üstünə dartınırlar. Əlbəttə ki, söhbət yalnız Qarabağdakı mövqelərdən getmir. Rusiya tərəfindən arxayınlaşdırılmış ermənilər həm də Azərbaycanın dövlət sərhədi boyunca müxtəlif yerlərindən atəş açırlar. Rusiyanın məqsədi isə birdir, məsələni bacardıqca uzatmaq, qeyri müəyyən vəziyyətdə saxlayaraq idarə etmək.



Ancaq indi Cənubi Qafqazda siyasi şərait fərqlidir, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi birliyin güclənməsi fonunda ölkə Prezidenti İlham Əliyevin öz xalqını hər an müharibəyə hazır olmağa çağırmasını Ermənistan, ilk növbədə isə Rusiya unutmamalıdır. Çünki bu mesaj yalnız erməni separatçılarına və ya Ermənistana deyil, həm də birbaşa Moskvaya ünvanlanıb. Digər tərəfdən də, əgər əvvəllər Qarabağda atəşkəsin pozulmasına görə məsuliyyəti Ermənistan hökuməti və separatçılar daşıyırdısa, amma indi birbaşa bu məsuliyyət Rusiyanın boynundadır. Bu üzdən də Moskva boyunlarına çıxartdığı oyunbaz erməni quldurlarını ya xoşluqla yerə çırpmalı, ya da imkan verməlidir ki, Azərbaycan ordusu özü bu separatçıların boynunu qırsın.



Bu arada, Avropa İttifaqı Şurasının Ermənistana yardım olaraq 2.6 milyard avro və bununla yanaşı Azərbaycana yalnız 150 milyon avro ayırması təklifi ilk baxışda istənilən azərbaycanlını təəccübləndirməsi təbiidir. Yəni, necə olur ki, 30 il dağıdıcılıqla məşğul olana 2.6 milyard vəsait ayrılır, amma ərazisi dağıdılmış ölkəyə cəmisi 150 milyon? Ancaq bu yardıma yardım kimi deyil, alqı-satqı məsələsi kimi baxmaq daha doğru olar. Sözsüz ki, bir müddət əvvəl Putin özü Ermənistanı təkbaşına təmin edə bilmədiyindən Avropa ölkələrinə bu dilənçilərə kömək etmələri üçün müraciət etmişdi. Ancaq görünür Avropa bu “bazarlıqda” Ermənistanı Rusiyanın əlindən pulla şirnikləndirərək alıb “özününkü” etməyə cəhd edir. Əks təqdirdə Avropa İttifaqı Şurasının Prezidenti, fransız, Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edən Şarl Mişel Paşinyanın qarşısına indiki halda Rusiya üçün reallaşdırılması sərfəli olmayan 4 şərt qoymazdı.



Bu üzdən də ötən gün İrəvanda olan Şarl Mişel bölgədə sabitlik və firavanlığa nail olmaq üçün cari, orta və uzunmüddətli müzakirələr üçün “Təmkinli ritorika, aqressiyadan çəkinmək, sərhədlərin delimitasiyası, əməkdaşlığın müzakirə edilməsi, xüsusilə nəqliyyatın bərpası məsələsində və Qarabağın “statusu” və sülhə nail olmaq” kimi məsələləri yerinə yetirməkdən, həmçinin Rusiyadan qurtulmaqdan ötrü Paşinyana 2.6 milyard təklif etdi desək yanılmarıq. Bu arada nəzərə alaq ki, Avropa İttifaqı əvvəlcə Ermənistana 1.6 milyarddan 2.6 milyarda qədər yardım edəcəyini bildirmişdi. Ayrılan yardımın maksimum həddə olması isə görünür Ermənistanı rahatlıqla ələ almağa hesablanıb.



Əslində İrəvana edilən bu təkliflərin 3-ü Azərbaycanın istəyi ilə üst-üstə düşsə də, 4-cü təklif gorbagor olduğundan arzu edilən deyil. Ancaq Mişelin “status” məsələsini “uzunmüddətli” gələcəyə daxil etməsi, Azərbaycan üçün əsas məsələnin, yəni sərhədlərin delimitasiyasının həll olunmasından sonraya saxlayır ki, bu da rəsmi Bakıya tamamilə sərf edir. Çünki sərhədlər müəyyən edildikdən sonra Azərbaycan və Ermənistanla qarşılıqlı dövlət sərhədlərinin tanınması haqqında sənəd imzalanacaq ki, bu da İrəvanın iddia etdiyi Qarabağı Azərbaycan ərazisi kimi tanıması demək olacaq.



Ancaq “iki stulda” oturmağa vərdiş etmiş və birinə öpüş, digərinə gülüş verən Paşinyandan çox şey gözləmək olar. Bu üzdən indiki halda Azərbaycan üçün ən optimal variant Rusiyadan israrla boynuna götürdüyü missiyanı yerinə yetirməyi tələb etmək və Ermənistana isə daim pressinq tətbiq edərək Azərbaycan Ordusunun müharibəyə hər an hazır olduğunu göstərmək lazımdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş