Sizin reklam burada
Sizin reklam burada

“Ağıllı şəhər” salıb insanların ixtiyarına vermək üçün əvvəlcə gərək ölkə ağıllı şəkildə idarə olunsun

“Ağıllı şəhər” salıb insanların ixtiyarına vermək üçün əvvəlcə gərək ölkə ağıllı şəkildə idarə olunsun
İkinci Qarabağ Müharibəsi zamanı Ordumuzun zəfər çalması üçün Milli Həmrəylik göstərən xalq müharibədən sonrakı dövr üçün çox ümidlənmişdi. Cəmiyyət az qala inanmışdı ki, torpaqlar azad olunduqdan, müharibə bitdikdən sonra Azərbaycan fərqli bir dönəmə girəcək, köklü islahatlar aparılacaq, məmur özbaşınalığına, korrupsiyaya son qoyulacaq, konstitusiya islahatları aparılacaq, parlamentə təyin olunmuş, xalqı təmsil etməyə layiq olmayan, danışmayan, danışanda da batan, məddah, səbatsız və savadsız şəxslərdən təmizlənəcək, yeni parlament seçkiləri keçiriləcək., məcburi köçkünlərimiz yavaş-yavaş öz dədə-baba yurdlarına qovuşacaq.
Bu dönəmdən sonra Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesi başlamalı, Azərbaycanın Türkiyə ilə hərbi-strateji sahədə əməkdaşlığı güclənməli, Azərbaycan Avropaya inteqrasiya xəttini sürətləndirməli idi.
Bizi ümidləndirən əsas məslələrdən biri də 44 günlük müharibənin getdiyi zaman Rusiyaya bağlı olduğu iddia edilən bir çox önəmli fiqurların həbsi ilə bağlı informasiyaların yayılması, ruspərəstlərin susqunluğu və öz qınlarına çəkilmələri idi. Əfsuslar olsun ki, gözləntilərimiz özünü doğrultmadı, bəzi hallarda isə əksi olan, gözləmədiyimiz hadisələrin baş verməsinin şahidi olduq. Bu hadisələr isə 44 günlük müharibə dövründə yaranan həmrəyliyimizə balta çalır.
Noyabrın 10-da imzalanan bəyanatla rus qoşunlarının Azərbaycana gətirilməsi əhalinin böyük hissəsində ciddi etirazlar yaratdı. Rus sülhməramlılarının Dağlıq Qarabağa yerləşməsi ilə Azərbaycanın nicatını Rusiyada görən, illərlə ölkəyə ciddi ziyan vuran Rusiyapərəstlər üçün bir nəfəslik açıldı. Onlar artıq efirlərdə görünməyə, danışmağa, öz təxribatlarını davam etməyə başladılar.
Müharibədən sonra qiymət artımı baş verdi. Xatırlatmağı özümüzə borc bilirik ki, bu artım hələ müharibə dövründə də baş vermişdi. Ölkənin ərzaqla təminatının 80%-ini əhatə edən Azərsun fürsətcillik etmiş və bir sıra məhsulların qiymətlərini 25 faiz qaldırmışdı. Bu addım vətəndaşın bütün diqqətinin müharibəyə yönəldiyi və milli həmrəylik nümayiş etdirildiyi zaman baş verdiyi üçün ciddi reaksiyaya səbəb olmamışdı.
Yanvar ayında yanacağın qiymətinin artması isə yenidən ərzaq məhsullarının bahalaşmasına səbəb oldu. Sentyabr ayından bu günə qədər ərzaq məhsullarının çoxunda qiymət artımı 50%-dən yuxarıdır. Fevralın birindən isə suyun və tullantı sularının qiyməti birlikdə 100% artırıldı. Pandemiya dövrünü min bir əziyyətlə yaşayan əhalinin sosial vəziyyəti daha da ağırlaşdı. Hakimiyyət və tərəfdarları bu qiymət artımını heç cürə əsaslandıra bilmədilər. İstər yanacağın, istər suyun, istərsə də digər ərzaq və sənaye məhsullarının.
Hələ də qalibiyyətin eyforiyası ilə yaşayan hakimiyyət baş gicəllənməsindən ard-arda ciddi yanlışlıqlara yol verir və reytinqinin pik nöqtəsindən bu yana artıq sürətlə geri sayımı başlayıb. Lakin hələ də hakimiyyət bunun fərqində deyil. Qələbənin eyforiyası onları az qala kor edib, baş verən prosesləri görmür və ya görmək istəmir, xalqın əleyhinə olan qərarlar verilir, addımlar atılır. Təəssüflər olsun ki, bir şeyi çox tez unutdular. Unutdular ki, bu gün verdikləri qərarlarla səfalətə sürüklədikləri, sosial problemlərlə üz-üz qoyduqlar xalq qələbənin avanqardı oldu. Öz balalarını sevə-sevə cəbhəyə göndərdi, balalarının, atalarının, qardaşlarının şəhid xəbərlərini mərdliklə qarşıladı, “Vətən sağ olsun!” – dedi. Qələbəmiz, torpaqlarımızın işğaldan azad olunması üçün 7-dən 77-yə hər bir vicdanı olan, vətəni sevən kəs ordu üçün çalışdı, hər kəsin ürəyi ordumuzla atdı, kəfən pulunu, dərman pulunu orduya göndərdi. Qələbə əslində onların sayəsində olsa da görünən odur ki, yenə də cəfasını xalq, səfasını hakimiyyətdə olan bir qrup çəkir.
Qeyd edək ki, müharibənin bitməsindən az qala üç ay keçməsinə baxmayaraq, hələ də bir çox suallar sirr olaraq cavabsız qalır.
Bu müddət ərzində məcburi köçkünlərin öz doğma yurdlarına nə zaman, hansı müddətə, hansı formada və hansı şərtlər altında qayıdacağı ilə heç bir dəqiq açıqlama olmayıb.
Qarabağda, eləcə də rus sülhməramlıları yerləşən ərazilərdə baş verən xoşagəlməz hadisələrlə bağlı günaşırı sosial şəbəkələrdə məlumatlar paylaşılsa da, nə baş verməsi ilə bağlı rəsmi şəkildə insanlarımıza dəqiq məlumat verilmir.
Təəssüflər olsun ki, məlumatları Rusiya Müdafiə Nazirliyi yayır.
Dağlıq Qarabağın – Xocalı, Xocavənd, Ağdərə, Xankəndinin gələcək taleyi hələ də aydınlaşdırılmayıb və bununla bağlı ictimaiyyətə doğru-dürüst açıqlamalar verilmir. Bunun nəticəsidir ki, məqsədli və ya məqsədsiz olaraq, insanlar arasında dezinformasiyalar yayılır, əhali arasında çaşqınlıq yaranır.
Azad olunmuş ərazilərdə mülklərin müəyyən şəxslər tərəfindən talanması, Şuşada villaların bəziləri vasitəsilə zəbt olunması və bəzi oliqarx nazirlər arasında azad olunmuş münbit torpaqlar uğrunda savaşın getməsi ilə bağlı məlumatlar var. Bir sıra məqamlara ölkə başçısı öz çıxışlarında da toxunub. Bu onu göstərir ki, hakimiyyət nümayəndələri öz ənənələrinə yenə də sadiq qalaraq, bu günə qədər Azərbaycanın 100 münlərlə hektar münbit torpaqlarını zəbt etmələrinə baxmayaraq, gözləri doymur, işğaldan azad edilən ərazilərdə də torpaqları zəbt etməyi planlaşdırırlar.
Narahatedici məqamlardan biri də işğaldan azad olunan rayonlarda minlərlə hektar münbit torpaqların hansısa şirkətlərə müqavilə ilə verilməsidir. Digər məqam isə “ağıllı şəhər”lərin salınması ilə bağlı olan məlumatlardır. Bu onu göstərir ki, 27 il yurd-yuva həsrəti ilə yaşayan məcburi köçkünlər tezliklə yurd-yuvalarına qayıda bilməyəcək. Qayıtsalar belə, bir çoxları dədə-baba yurdlarında deyil, bu “ağıllı şəhər”lərdə yaşayacaqlar. Ölkə başçısının daha üç il məcburi köçkünlərə güzəştlərin verilməsi ilə bağlı fərmanı da bunu təsdiq edir. Guya ki, torpaqlar işğaldan azad olsa da, məcburi köçkünlərə daha üç il güzəşt edəcəklər. Heç də məcburi köçkünlərə minnət vurulmasın. Belə çıxır ki, məcburi köçkünə verilən qəpik-quruşun əvəzində onlara məxsus torpaqlar müqavilə ilə kimlərəsə veriləcək və ya özləri istifadə edərək, bu illər ərzində milyonlara sahib olacaqlar. Təkcə minlərlə hektar torpağın əkilməsi üçün verilən subsidiyaların məbləği 100 milyonları aşır. Deyəsən dünyada neftin qiymətinin ucuzlaşmasından sonra gəlirləri azalan oliqarxiya işğaldan azad olumuş münbit torpaqları müqavilə ilə şirkətlərə verməklə kompensasiya etmək istəyir. Bu səbəbdəndir ki, artıq dədə-baba yurdlarının işğaldan azad olunmasına sevinən məcburi köçkünlərin çoxunda ciddi narazılıqlar yaranıb və bu narazılıqlar artıq pik həddədir. Haqlı olaraq sual ortalığa çıxır ki, siz hansı haqla vətəndaşa məxsus olan torpaqları özünə qaytarılmadan əkib-becərmək üçün başqasına verirsiniz? Bu səlahiyyəti sizə kim verib? Bu torpaqların hər daşında, hər kolunda, hər ağacında orada vaxtilə yaşayanların müqəddəs xatirələri var. Onları bu xatirələrdən, onlar üçün müqəddəs sayılan ocaqlardan kimsənin məhrum etməyə haqqı yoxdur.
“Ağıllı şəhər” məsələsinə gəldikdə. Cənablar, “ağıllı şəhər” salıb insanların ixtiyarına vermək üçün əvvəlcə gərək ölkə ağıllı şəkildə idarə olunsun. Ağıllı idarəçilik ağıllı cəmiyyət, ağıllı vətəndaş formalaşdırır. Bu isə hələlik bizdə yoxdur. Siz isə 27 illik idarəçiliyinizdə olsa-olsa psixoz bir cəmiyyət yaratmısınız.
Baş verən hadisələr və apardığımız müşahidələr, aldığımız informasiyalar o qənaətə gəlməyə əsas verir ki, sanki hansısa əl qələbəyə və torpaqlarımızın işğalına görə reytinqi pik həddə çatan prezidentin sürətlə nüfuzdan düşməsi, xalqda ciddi narazılığın yaranması, milli həmrəyliyin paramparça olması üçün güclü iş aparır. Ölkədə sosial-iqtisadi və psixoloji vəziyyət günü-gündən ağırlaşır. Proseslərin bu cür inkişaf etməsi gələcəkdə ölkədə hər hansı bir xoşagəlməz hadisələrin, kataklizmlərin baş verməsini qaçılmaz edir.
Hesab edirik ki, milli həmrəyliyimizi qoruyub saxlamaq, müharibənin masa üzərindəki mərhələsini də qələbə ilə başa vurmaq, Qarabağın işğaldan tam şəkildə azad olunmasını təmin etmək, rus sülhməramlılarının ölkəni daha erkən tərk etməsi, ölkənin işıqlı gələcəyi naminə hakimiyyət köklü islahatlara getməlidir. Ölkədə ictimai-siyasi çəkisi olan siyasi partiya liderləri, ziyalılar, hüquq müdafiəçiləri, ekspertlər hakimiyyətin təşəbbüsü ilə bir araya gəlməli, ölkə yüklü məsələləri, vəziyyətdən çıxış yollarını iqtidar və müxalifət birlikdə müzakirə etməlidir. İslahatlara əngəl olan problemlər aradan qaldırılmalı, referendum keçirilməli, proporsional seçki sistemi tətbiq edilməli, parlament buraxılaraq, yeni seçkilər təyin olunmalı, dövlət, dövlətçilik üçün strateji əhəmiyyətli məhsullar istisna olmaqla ərzaq və sənaye malları üzərində mövcud olan monopoliya götürülməli, azad rəqabət mühüti yaradılmalı, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə başladılmalıdır. Azərbaycanın Türkiyə ilə hərbi-strateji sahədə əməkdaşlığı daha da gücləndirilməli, Azərbaycanın Avropaya inteqrasiyası sürətlənməli, Rusiyanın Cənubi Qafqazdan çıxması və ya ölkə siyasətinə müdaxiləsinin zərərsizləşdirilməsi üçün yollar aranmalıdır.
Məcburi köçkünlərin yurdlarına qayıdış proqramı ictimaiyyətin müzakirəsinə açıq olmalı, ən azından icmalarla müzakirə edilməlidir.
Qeyd edim ki, Ümid Partiyası olaraq, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eyni zamanda müharibənin ikinci mərhələsini masa üzərində qazanmaq üçün hansı addımların atılması ilə bağlı təkliflərimizi hakimiyyət orqanlarına və ictimaiyyətə təqdim etmişik.

Elman Abbasov
Ümid Partiyası sədrinin mətbuat və informasiya üzrə müavini

  • Sosial şəbəkədə paylaş