Sizin reklam burada
Sizin reklam burada

"Putin “balans pozulmasın” deyə zəng edib"

"Putin “balans pozulmasın” deyə zəng edib"
Rusiya Prezidenti Vladimir Putinin Bakıya və İrəvana zəngləri heç nəyi həll etmir, əks halda Azərbaycanla Ermənistan arasında məsələlərin həlli sürətlənərdi.
Bunu politoloq Elxan Şahinoğlu Rusiya liderinin Azərbaycan və Ermənistan tərəfi ilə təmaslarını şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Putinin başı Ukrayna müharibəsinə qarışsa da, o, Cənubi Qafqazı unutmadığını göstərməyə çalışır: "Telefon diplomatiyası davam edir. Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Kreml sahibi daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilə Xəzər sahili ölkələrin liderlərinin sammiti çərçivəsində Aşqabadda görüşərək fikir mübadiləsi aparmışdı. Putin “balans pozulmasın” deyən bu dəfə Paşinyana zəng edib. Putin Paşinyanla Azərbaycanla danışıqların hazırki mərhələsini və Ermənistan-Türkiyə dialoq barədə fikir mübadiləsi aparıb".
"Putinin başı Ukraynaya qarşı işğalçı müharibəyə qarışsa da, Cənubi Qafqazı “unutmur”. Azərbaycanla Ermənistan arasında 2020-ci 10 noyabr və 2021-c il 11 yanvar bəyanatlarının müəllifi Putindir. Kreml sahibi daim Bakı və İrəvanla təmas halında olmaqla vasitəçi statusunu başqaları ilə bölüşməyəcəyinə işarə etməyə çalışır. Vasitəçilikdə Avropa İtifaqının rəhbəri Şarl Mişel ön plana çıxmağa çalışır ki, bu da Vladimir Putini narahat etməyə bilməz. Putinin Bakıya və İrəvana zəngləri heç nəyi həll etmir, əks halda Azərbaycanla Ermənistan arasında məsələlərin həlli sürətlənərdi. Telefon zəngləri sadəcə “vasitəçi bizik” mahiyyəti daşıyır", - Elxan Şahinoğlu şərhində bildirib.
Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər ikitərəfli məsələləri, eləcə də regiondakı prosesləri nəzərdən keçiriblər.
Bundan əlavə, dövlət başçıları 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda kommunikasiyaların açılması istiqamətində görülən işləri müzakirə ediblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş