
Seneqal sahillərində zədələnmiş “Mersin” tankerinin sahibi olan Türkiyənin “Beşiktaş Shipping” gəmiçilik şirkəti Rusiya ilə bütün əməliyyatlarını dayandırdığını açıqlayıb.
Şirkət bu addımını təhlükəsizlik səbəbləri ilə izah edib.
Qeyd edək ki, ötən həftə “Mersin” neft tankeri Dakar yaxınlığında lövbər salarkən dörd xarici partlayış baş verib. Partlayışlar gəmiyə ciddi ziyan vurub.
“Mersin” hadisəsindən bir neçə gün sonra onun sahibi “Beşiktaş Shipping” şirkəti Rusiyaya və Rusiyadan bütün səfərləri dayandırdığını açıqlayıb. Şirkətin bəyanatında bildirilir ki, risklər çox böyük olduğundan Rusiya yükləri və ya müştəriləri ilə bağlı heç bir əməliyyat aparılmayacaq:
“Bölgədəki təhlükəsizlik vəziyyəti xeyli pisləşib. Hərtərəfli qiymətləndirmədən sonra gəmilərimiz və heyət üzvlərimiz üçün risklərin qəbuledilməz hala gəldiyi qənaətinə gəldik. Personalımızın və aktivlərimizin təhlükəsizliyi ən yüksək prioritetimiz olduğundan bütün bu cür əməliyyatları dayandırırıq”.
Mərkəzi ofisi İstanbulda yerləşən “Beşiktaş Gəmiçilik” şirkəti Türkiyənin ən böyük tanker sahiblərindən biridir. Onun donanması 29 tankerdən ibarətdir və şirkətin gəmiləri dəfələrlə Rusiya nefti daşıyıb.
Conflict.az
