
Ermənistan parlamentinin sədri Rusiyada qeydiyyatdan keçmiş “ANNA News” informasiya agentliyini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
Spiker bu barədə öz Telegram kanalında paylaşım edib. O, “Roskomnadzor”da qeydiyyatdan keçmiş agentliyi “mövcud olmayan hibrid müharibə aparmaqda” və yanlış məlumatlar yaymaqda günahlandırıb.
Parlament rəhbəri bildirib ki, “ANNA News” onunla bağlı materialda reallıqla əlaqəsi olmayan, qarışıq və məqsədsiz cümlələrdən ibarət yazı hazırlayıb:
“Bu informasiya agentliyi növbəti dəfə öz ‘eksklüzivliyi’ ilə seçilmək qərarına gəlib. Anlamaq olmur, bu cəfəngiyat üçün bu istedadsız adamlara niyə pul verirlər. Elə bil, sadəcə mənim adımla bağlı bütün sözləri ‘Google’da axtarıb tapıblar, sonra da ardıcıl olmayan şəkildə bir yerə yığıblar — nəticədə tam söz qarışıqlığı alınıb.”
Spiker həmçinin bildirib ki, materialda istifadə olunan foto “çox uğurlu alınıb” və ironiya ilə qeyd edib ki, “bəlkə aeroportun özündə sizə müsahibə də verdim, çünki sizi ölkəyə buraxmayacaqlar”.
Məlumat üçün qeyd edək ki, “ANNA News” Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınır və uzun illərdir Cənubi Qafqazda, xüsusilə də Ermənistanla bağlı hərbi-siyasi mövzularda fəaliyyət göstərir.
Conflict.az
