İtaliyanın “Corriere della Sera” qəzeti bildirir ki, Ukrayna mövcud şərtlərdə atəşkəsə hazırdır, amma bunun üçün ABŞ-dan təhlükəsizlik zəmanəti və Avropa İttifaqına üzvlük istəyir.
Əslində, nəşr bu məsələdə haqlıdır. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski son bir ayda ikinci dəfə İtaliyaya səfərə gedib. Onun Fransa, İtaliya, Almaniya liderləri ilə görüşlər keçirməyi, Vatikana getməyi planlaşdırdığı deyilir.
Ukrayna prezidentinin bu aktivliyi sülhü bərpa etmək istəyi ilə bağlı ola bilər. Lakin Fransa, İtaliya, Almaniyanın bu məsələdə Kiyevə nə qədər dəstək verəcəyi sual altındadır. Belə ki, qeyd olunan ölkələr daha çox müharibə tərəfdarıdır. Xüsusilə Fransa müharibənin davam etməsində maraqlıdır. Bundan başqa, Kiyevin Aİ üzvlüyü də mövcud reallıqlarda mümkün deyil.
Zelenski sülhə nail olmaq istəyirsə, ilk növbədə atəşkəsə nail olmalıdır. Bundan başqa, həm atəşkəs, həm də sülh üçün təkcə Fransa, İtaliya, Almaniya deyil, Macarıstan, Türkiyə, Çin, hətta Azərbaycanla təmaslar qurmalıdır.
Ukrayna üçün sülh hazırda çox çətin görünür. Çünki Kiyev ərazi itkisi hesabına sülhə nail olmaq istəmir. Həmçinin Qərbə inteqrasiyanı da davam etdirməyi düşünür. Bu iki məqam kəskin təzad ehtiva edir. Buna görə də Kiyev üçün proses olduqca çətin və çıxılmaz hal alıb. Yaxın Şərqdə aktivlik isə ümumiyyətlə Ukraynaya müsbət heç nə vəd etmir.
Belə ki, Moskva ABŞ-ın diqqətinin İsrailə yönəldiyi bir zamanda bundan istifadə etməyə çalışacaq. Əslində, son günlər rus ordusunun Ukrayna cəbhəsində aktivliyi də buna işarə edir. Mümkündür ki, Zelenskini sülh axtarışına sövq edən bir səbəb də məhz budur.
Conflict.az